RU

Blinkeni COP29-a qarşı qaldıran 60 ABŞ konqresmeninin gizlinləri ifşa olundu...

Image

Bakıda keçirilən COP29 beynəlxalq ictimaiyyətin üzləşdiyi qlobal problemlərin və çağırışların aktuallaşmasına töhfə vermək baxımından ən mühüm tədbir hesab olunur. 

COP29 tədbiri təkcə iqlim dəyişmələri çağırışlarına qlobal reaksiyaların formalaşdırılması ilə bağlı deyil, o həm də ayrı-ayrı ölkələrin üzləşdiyi problemlərin bütün bəşəriyyətə və ətraf mühitə təsir göstərməsi baxımından böyük önəm kəsb edir. Ancaq təəssüf ki, bu həqiqətləri görmək əvəzinə COP29-u gözdən salmağa edilən cəhdlər hələ də səngimir.

Xatırladaq ki, tədbirdən əvvəl də Azərbaycana qarşı müəyyən qüvvələr tərəfindən qarayaxma kampaniyası aparılırdı. Ancaq COP29-un 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçısı, aktivlik, beynəlxalq ictimaiyyətin və medianın marağı bir daha təsdiq edir ki, bu tədbirin Azərbaycanda keçirilməməsinə qarşı xüsusi kampaniya aparan bir sıra Qərb dairələrinin və eləcə də onların ölkəmizdəki marjinal siyasi havadarlarının bütün cəhdləri iflasa uğrayıb. Millət vəkili Vüqar Bayramov bu fonda qeyd edir ki, COP29-a olan yüksək maraq tədbiri boykot etməyə çağıran daxili marjinal qrupların da tam iflası deməkdir: “COP29-da iştirakçılıq səviyyəsinin, marağın yüksək olması bir daha təsdiq edir ki, məlum qərəzli siyasət təkcə Azərbaycana qarşı deyil, bəşəriyyətin gələcəyinə yönəldiyi üçün qəbul edilməyəcək. Məhz COP29 üçün maliyyə təminatının gücləndirilməsi, qlobal təşəbbüslərin sistemləşdirilməsi, xüsusən də inkişaf etmiş ölkələr tərəfindən maliyyə dəstəyinin verilməsi ilə bağlı aparılan müzakirələr ondan xəbər verir ki, Bakı qlobal çağırışlara töhfələrini davam etdirir". Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi seçildikdən sonra hədəfə çevrilib. Özünü müstəqil QHT adlandıranlar və bəzi siyasətçilər ölkəmiz haqqında dezinformasiyanın yayılması üçün sanki bir-biri ilə yarışa giriblər. Bununla belə şübhə yoxdur ki, COP29 Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə birbaşa çatdırılmasına böyük təkan verəcək. Son illərdə ölkəmizə qarşı aparılan sistemli və planlı qarayaxma kampaniyalarının qarşısının alınması istiqamətində vacib rol oynayacaq. Ancaq o da faktdır ki, bu gün dünyanın əksər dövlətləri Qərbin ədalətsiz yanaşmalarından, təzyiq və təhdidlərindən, qarayaxma kampaniyalarından əziyyət çəkir. Bütün bunlara qarşı dünyada da bir etiraz müşahidə edilir. 

Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi Reyçel Avraham beynəlxalq yəhudi mediasının populyar nəşri “The Jewish Press”də dərc olunmuş məqaləsində bu məsələyə Azərbaycanın timsalında geniş şəkildə toxunub. O, bu prosesdə erməni diaspor və lobbisinin rolunun da geniş rol oynadığını diqqətə çatdırır, ABŞ Konqresində baş verənləri buna əyani nümunə kimi göstərir: “Mən erməni lobbi təşkilatı ANCA tərəfindən dəstəklənən ABŞ Konqresindəki erməni qrupunun təsisçisi və həmsədri, konqresmen Frank Pallone və senator Ed Markinin rəhbərliyi ilə 60 nəfər Konqres üzvünü Dövlət katibi Entoni Blinkendən Azərbaycanı qınamaq üçün COP29 Konfransından yararlanmağı xahiş etdiklərinə görə qınayıram. Dünyanın iqlimlə bağlı ciddi təhlükələrlə üzləşdiyi şəraitdə beynəlxalq ictimaiyyət COP29-da diqqətini məhz bu məsələlərə yönəltməli, başqa məsələlərlə diqqətini yayındırmamalıdır. Konqresmenlər və senatorlar belə etməklə dövlət katibini 11 sentyabr terrorundan sonra Əfqanıstana hərbi kontingent yeridən ABŞ-ın Cənubi Qafqazdakı ən etibarlı müttəfiqlərindən birini qınamağa çağırırlar.

Azərbaycanın keçmişdə Ermənistanla hərbi münaqişədə olması indiki vəziyyətə təsir etməməlidir. Vacib olan odur ki, hazırda iki ölkə arasında münaqişənin yekun həlli üçün sülh prosesi gedir. Azərbaycan öz qonşuları ilə sülh şəraitində ümumi rifah naminə yaşıl gələcək qurmağa qərarlıdır. Hazırda Azərbaycana təzyiq etmək sözügedən sülh prosesini irəlilətmir və eyni zamanda, ABŞ-ın regiondakı maraqlarına ziddir, çünki iqlim dəyişikliyi kimi kritik əhəmiyyətli məsələlərdə Azərbaycan və ABŞ arasındakı strateji əməkdaşlığa xələl gətirir”. Yazıda, həmçinin qeyd olunub ki, sözügedən davranışla ABŞ konqresmenləri beynəlxalq ictimaiyyətin iqlim dəyişikliyinin həll yollarını axtaracağı mühüm konfransı siyasiləşdirirlər. Azərbaycanın belə bir qlobal əhəmiyyətli tədbirə ev sahibliyi etməsi ona siyasi təzyiq üçün istifadə olunmamalıdır. Bəzi media vasitələrinin, o cümlədən “Washington Post” un Azərbaycana və İsrailə qərəzli hücumlarına da toxunan ekspert bildirir: “İsrail “Washington Post”un hücum etməyə aludə olduğu yeganə ABŞ müttəfiqi deyil, Azərbaycan da bu qəzetin qərəzli tənqidinə tuş gəlib”. Ölkəmizə qarşı irəli sürülən həqiqətə zidd ittihamlara cavab olaraq diqqətə çatdırılıb ki, Azərbaycan regionda oturuşmuş multikulturalizm ənənələrinə, dini plüralizmə və başqalarına qarşı tolerantlığa malik ən mütərəqqi dövlətlərdəndir. Azərbaycanda məscidlərin yanında kilsələr və sinaqoqlar tam sərbəst fəaliyyət göstərir, bu ölkədə dini etiqad və söz azadlığına böyük ehtiram mövcuddur.

Müəllif “Washington Post”u, Azərbaycana hücum etməkdənsə, insan hüquqlarını tapdalamaq üçün səylərini əsirgəməyən, beynəlxalq terrorizmi dəstəkləyən rejimlərə təzyiq göstərməyə çağırıb. O bildirib ki, bu qəbildən addımları ilə “Washington Post” ABŞ-ın müttəfiqlərinə dəyər verməyən qərəzli məlumat mənbəyi olduğunu nümayiş etdirib. Eyni zamanda diqqətə çatdırılıb ki, “Washington Post” bu məsələdə tək deyil. Belə ki, bu yaxınlarda Avropa Parlamentində sözügedən qəzetin məqaləsində irəli sürülən ittihamlara oxşar arqumentlərə istinad edilərək Azərbaycanın əleyhinə qətnamə qəbul olunub. Bu onu göstərir ki, “Washington Post” beynəlxalq terrorizmlə mübarizədə ABŞ-ın yanında dayanan və Ukraynadakı müharibə fonunda Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən Azərbaycana qarşı mənfi rəftarında tək deyil. Sonda müəllif ABŞ mediasının nəhəngini Azərbaycana və İsrailə qarşı qərəzli fəaliyyətinə son qoymağa çağırıb. Bütün bunlar bir daha Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının iflasa uğradığını nümayiş etdirir.

Samirə SƏFƏROVA





Избранный
38
baki-xeber.com

1Источники