RU

Xəzərdə real müharibə, ya Rusiya donanmasını artırmaq üçün ssenari?..

Image

Ramil Məmmədli: “Rusiyanın özü tərəfindən bu oyunun qurulması ehtimalı böyükdür”

Avrasiya məkanı üçün böyük önəmə malik Xəzər dənizini son günlərdə gündəmə gətirən məqamlardan biri də onun döyüş meydanına çevrilməkdə olmasıdır. 

Bir neçə gün əvvəl Ukrayna qüvvələri Xəzər dənizində yerləşən Rusiya hərbi gəmilərinə hücum həyata keçirib. Bu, Kiyevin uzaq məsafəli zərbə qabiliyyətini genişləndirməsinin növbəti nümayişi olub. ABŞ Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmilərindən biri Ukraynanın öz sularını müdafiə edərkən ən azı 32 orta və böyük Rusiya gəmisini sıradan çıxardığını və ya məhv etdiyini vurğulayıb. Bunlar fonunda Rusiyanın Xəzər dənizində və ətrafında yerləşən hərbi qüvvələri Ukraynaya zərbələr endirməyə davam edir. Rusiya Hərbi Dəniz Donanmasının komandanı, admiral Aleksandr Moiseyev donanmanın yaradılmasının 302-ci ildönümü münasibətilə dənizçiləri təbrik edərkən bildirib ki, Xəzər Donanması yeni gəmilər və silah sistemləri ilə təchiz edilməyə davam edəcək, həmçinin Rusiyanın dəniz sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün aviasiya və sahil komponentlərini inkişaf etdirəcək. Moiseyevin sözlərinə görə, yaxın perspektivdə donanma ən müasir gəmilər və silahlarla təchiz edilməyə davam edəcək ki, bu da cənub dəniz sərhədlərinin təhlükəsizliyini təmin etmək və Xəzər dənizində ölkənin iqtisadi fəaliyyətini dəstəkləmək vəzifələrini səmərəli yerinə yetirməyə imkan verəcək.

O da məlumdur ki, Ukraynanın Rusiyanın Xəzərdəki donanmasına nə dərəcədə güclü zərər vurduğu bəlli deyil. Bu, ola da bilər, olmaya da. O baxımdan bu, Rusiyanın Xəzər dənizində hərbi donanmanı artırmaq, gücləndirmək üçün özünün hazırladığı, yaratdığı əsas kimi, bir oyun planı kimi qəbul oluna bilərmi? Yəni guya Ukraynanın dron zərbələri üzündən Rusiyanın Xəzərdəki donanmasına təhlükə yaranıb və bu, donanmanın gücləndirilməsi üçün bir əsasa çevrilir. Yəni Rusiya özü bu variantı işləyərək Xəzər donanmasını gücləndirmək üçün legitim əsaslar hazırlayır. Bax bu versiyaya ekspertlər necə yanaşır?

“Moskva Orta Dəhliz və TransXəzər nəqliyyat dəhlizlərinin artan önəmindən, Orta Asiya ölkələrinə...”

Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında, prinsipcə, Rusiyanın belə bir oyun qura bilməsini istisna etmədi: “Əvvəla, Rusiyanın Xəzərdə hərbi dəniz donanmasını gücləndirməsinə hansısa ciddi zərurət yoxdur. Ən azından ona görə ki, Xəzəryanı ölkələr Rusiya üçün hansısa təhdid yaratmır. Eyni zamanda, Rusiya sahilyanı ölkələrlə yaxşı münasibətlərə malikdir. Digər tərəfdən bu, 2018-ci il Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyaya uyğun deyil. İran istisna olmaqla bütün sahilyanı ölkələr tərəfindən ratifikasiya edilmiş bu sənəd dənizdən yalnız sülh məqsədləri üçün istifadə prinsipini təsbit edir. Yəni akvatoriyada demilitarizasiya haqqında müddəalar ehtiva etmir. Belə olan halda Xəzərdə hərbi donanmanın gücləndirilməsi doğru deyil. Rusiyanın Qara dənizdəki hərbi flotilyasına Ukraynanın güclü zərbələr endirməsi doğrudur. Hətta zərbələr üzündən Rusiya gəmilərini Novorossiysk limanına, Abxaziyanın Açamçiri limanına çəkdi. Ancaq nə Qara dənizdə baş verənlər, nə də Kaspiysk limanındakı gəmilərin vurulması əsas vermir ki, Rusiya Xəzərdə hərbi donanmasını gücləndirsin. Rusiyanın Xəzərdə hərbi donanmasının gücləndirilməsinin arxasında digər niyyətlər dayanır. Moskva Orta Dəhliz və TransXəzər nəqliyyat dəhlizlərinin artan önəmindən, Orta Asiya ölkələrinə böyük dövlətlərin marağının güclənməsindən narahatdır. Rusiya bu minvalla istəyir ki, Xəzər üzərindən daşımalara hansısa formada nəzarət etsin. Hesab edirəm ki, Rusiyanın əsl niyyəti bununla əlaqədardır. Yoxsa Ukraynanın Xəzərə hansısa dron zərbəsi vurmasının bununla heç bir əlaqəsi yoxdur. O üzdən, bəli, Rusiyanın özü tərəfindən bu oyunun qurulması ehtimalı böyükdür”.

Vidadi ORDAHALLI





Избранный
42
6
baki-xeber.com

7Источники