RU

Kosmik Liderlərin Sammiti

COP29 çərçivəsində Azərbaycan Kosmik Agentliyi – “Azərkosmos”un təşkilatçılığı ilə “İqlim dəyişikliyi ilə mübarizədə kosmik çağırışlar: Kosmik liderlərin sammiti” keçirilir. Bundan məqsəd qlobal və inkişaf etməkdə olan kosmik agentliklərlə birgə kosmik texnologiyanın imkanlarının iqlim dəyişikliyinə necə töhfə verməsini təşviq etmək və sammit çərçivəsində birgə atılacaq addımları formalaşdırmaqdır.

“Azərkosmos”un İdarә Heyәtinin sәdri Saməddin Əsədov çıxışı zamanı bildirib ki, müzakirələrin nəticəsi olaraq 20 qlobal kosmik agentliyin “Kosmosa əsaslanan iqlim təşəbbüslərinin genişləndirilməsinə dair vəd” sənədi imzalanacaq. Bu, COP28 tədbirində kosmik agentliklərin görüşündə qəbul edilən öhdəlik sənədinin bir növ davamı olacaq və növbəti iqlim konfransları üçün qlobal əməkdaşlığı, ölkələrin təcrübə mübadiləsini, iqlim dəyişikliyinin mənfi nəticələrini vaxtında və səmərəli şəkildə yumşaltmağın həlledici yollarını müəyyənləşdirəcək.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a töhfə vermək məqsədilə “Azərkosmos” bir müddət bundan əvvəl “Yaşıl siyasət” sənədini təsdiqləyib. Eyni zamanda, qurumun qlobal iqlim dəyişikliyinin Azərbaycanda təsirinə dair hazırladığı rəqəmsal iqlim platforması ictimaiyyətə təqdim edilib. Platforma “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan konfransda nümayiş olunub.

İki dildə hazırlanan yeni rəqəmsal platformada iqlim dəyişikliklərinin kosmik təsvirlər əsasında müqayisəli təhlili aparılıb. Platformadakı təhlillər 5 istiqaməti – qar örtüyü və buzlaqlar, su ehtiyatları, quraqlıq və şoranlaşma, kənd təsərrüfatı əraziləri və atmosferin dəyişməsini əhatə edir.

“Azərkosmos”un ölkəmizdə iqlim dəyişikliyinin kosmik monitorinqlər əsasında ilk belə müfəssəl rəqəmsal hesabatı “Azersky” peyki sayəsində hazırlanıb. Kosmik texnologiyaların üstünlüyü ondadır ki, Yer səthini müşahidə edən peyklər mövcud vəziyyətin və proseslərin dəyişmə dinamikasını araşdırmaqda aktual və optimal üsuldur. Peyk resursları böyük, əlçatmaz ərazilərin səmərəli qiymətləndirilməsi üçün maddi xərclər və resurs baxımından optimaldır.

“Azərkosmos” Millətlər Birliyi Təşkilatının (MBT) üzvləri sırasındakı inkişaf etməkdə olan kiçik ada dövlətləri və digər həssas üzv ölkələri ilə iqlimlə bağlı fəaliyyətin gücləndirilməsi istiqamətində də əməkdaşlığı Azərbaycan və MBT-nin birgə imzaladığı memorandum çərçivəsində həyata keçirir.

Qurum “Azərkosmos” birliyə üzv olan ölkələrə iqlim dəyişikliyində kosmik texnologiya və coğrafi məlumatlar vasitəsilə təhlillərin aparılması, eləcə də fəaliyyətin qiymətləndirilməsi məqsədilə kompleks proqram hazırlayıb. Proqram çərçivəsində birliyin üzvü olan dövlətlərdə, xüsusilə Karib dənizi regionunda və Sakit okean ölkələrinin ərazilərində peyk görüntülərindən istifadə etməklə quraqlıq səviyyəsinin monitorinqi və quraqlıq riskinin qiymətləndirilməsi, əkin sahələrinin sinifləndirilməsi, meşələrin kompleks monitorinqi, həmçinin metan (CH4) konsentrasiyasının kosmik monitorinqi fəaliyyətləri icra olunacaq.

Hazırda iqlim dəyişikliyinin mənfi təsirlərinin ön cəbhə xəttində olan kiçik ada dövlətlərində iqlimin monitorinqinin ən güclü aləti kosmik həllərdir. Məsələn, kosmik texnologiya ada dövlətlərinin davamlı dolanışıq və iqtisadi inkişafı üçün həyati əhəmiyyət kəsb edən işlərdə rol oynayır. Həmçinin sahil mühafizəsi üçün sahil xətlərinin monitorinqi, okeanda suyun səviyyələrinin monitorinqi, qeyri-qanuni balıq ovuna nəzarət və neft dağılmalarının aşkar edilməsi kimi nümunələri misal göstərmək olar. Kosmik texnologiya əlçatmaz ərazilərdən məlumat əldə etməyi təmin edir. Bu da kiçik ada dövlətlərinin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən aspektdir.

“Azərkosmos”un hazırladığı bu proqram iqlim dəyişikliyinə həssas və kosmosa az və ya heç bir çıxışı olmayan dövlətlərdə Azərbaycanın kosmik təcrübəsini bölüşmək və onların kosmos sahəsində insan kapitalının inkişafına öz töhfəsini verəcək.

 

Избранный
65
xalqqazeti.az

1Источники