RU

Hikmət Hacıyev: Azərbaycan daha geniş məcralı xarici siyasəti həyata keçirəcək

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin APA-ya müsahibəsi

– Dünən münaqişədən əziyyət çəkən bir qrup ölkə iqlim dəyişikliyindən daha çox əziyyət çəkdiklərinə dair müraciət yayıb. Düzdür, Azərbaycan bu təşəbbüsün üzvü deyil, amma münaqişədən əziyyət çəkib. Bu müraciətə münasibətinizi bilmək istərdik.

– Sualınıza keçməmişdən əvvəl, fürsətdən istifadə edərək, APA informasiya agentliyinin yaranmasının 20-ci ildönümü ilə bağlı agentliyin rəhbərliyi başda olmaqla bütün kollektivi səmimi qəlbdən və ürəkdən təbrik edirəm. APA informasiya agentliyi Azərbaycan Respublikasının informasiya məkanında öz xüsusi çəkisi, rolu olan media strukturudur. APA-nın informasiyaları təkcə Azərbaycanın hüdudları ilə məhdudlaşmır, o, geniş bir informasiya məkanını əhatə edir, regionda, eyni zamanda, regiondan kənarda informasiya axınının formalaşmasında öz xüsusi yeri var. Biz həm də dünyanın aparıcı media orqanlarının APA-ya artan istinadlarını görürük. Belə desək, geniş bir anlamda APA informasiya agentliyinin ölkəmizin, həmçinin geniş bir regionun informasiya axınının və informasiya məkanının formalaşmasında öz rolu var. Bu da ağır zəhmətin, intensiv işin nəticəsidir. Bütün kollektivə gələcək işlərində uğurlar arzulayıram.

Bu gün COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar Azərbaycan mediası, o cümlədən APA informasiya agentliyi digər media strukturlarımızla çiyin-çiyinə, dünya mediası ilə birlikdə bu tədbirin işıqlandırılmasında yaxından iştirak edir. Bildiyiniz kimi, informasiya məkanında da ciddi rəqabət var. Bu tədbirdə də informasiya əldə edilməsi, informasiyaların hazırlanması, ötürülməsində öncülük prinsiplərinə əsaslanaraq bir sağlam rəqabət mühiti var. Bu rəqabət mühitində də Azərbaycanın informasiya resursları çox qabaqcıl mövqelərdədir. Sizi buna görə də ayrıca təbrik etmək istərdim.

Konkret sualınıza gəldikdə isə, bəli, Azərbaycan Respublikası qeyd olunan təşəbbüsə qoşulmayıb. Çünki Azərbaycan Respublikası artıq münaqişəni həll edib. Azərbaycanda münaqişə yoxdur, lakin münaqişənin fəsadları qalmaqdadır. Biz bu baxımdan həmin ölkələri tam şəkildə başa düşürük və onların narahatlıqlarını da anlayırıq. Çünki münaqişədən əziyyət çəkən ölkələr iqlim dəyişikliyinin fəsadlarına ən çox məruz qalan ölkələr sırasındadır. Onların da müəyyən yardıma və dəstəyə ehtiyacı var. Belə desək, 30 il işğala, Ermənistanın Azərbaycana qarşı hərbi işğalı və təcavüzünə məruz qalan ölkə kimi Azərbaycan Respublikası da bunun fəsadlarını qabarıq şəkildə görmüşdü. Fikrimizi belə də ifadə edə bilərik ki, əgər Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalı, 30 il davam edən bu işğal faktoru olmasaydı, Azərbaycan özünün yaşıl gündəliyində və Yaşıl konsepsiyasının həyata keçirilməsində daha da böyük nailiyyətlərə imza atmış olardı.

Amma buna baxmayaraq, gördüyünüz kimi, Qarabağ və Şərqi Zəngəzur azad olunandan sonra dərhal cənab Prezidentin müvafiq qərarlarına uyğun olaraq, həmin ərazi sıfır tullantı zonası elan olundu. Dövlətimizin siyasəti bundan ibarətdir. Azərbaycan Respublikası qısa müddət ərzində yaşıl transformasiya nöqteyi-nəzərindən nə qədər ciddi nailiyyətlər əldə edib. Bunun başqa bir tərəfi ondan ibarətdir ki, işğal, təcavüz və hərbi əməliyyatlar həmin ərazinin ekoloji mühitinə və ekosisteminə də ciddi zərbə vurur. Ermənistanın bu illər ərzində işğal altındakı ərazilərimizin flora və faunasının məhv etdiyini gördük. Bütün bunların hamısı sənədləşdirilib. Hesab edirik ki, COP29 bu kimi məsələlərin qaldırılması, müzakirə olunması baxımından vacibdir. Ona görə də qeyd etdiyiniz suala bir daha qayıdaraq bildirirəm ki, biz bu dövlətlərin narahatlığını yaxından başa düşürük, anlayırıq. Hesab edirik ki, münaqişədən əziyyət çəkən ölkələrin rəqəmsal iqlim transformasiyası prosesində onlara da xüsusi yanaşma olmalıdır.

– Bəs münaqişəni həll etdikdən sonra Azərbaycanın qlobal xarici siyasəti necə inkişaf edir?

– Artıq Azərbaycan üçün münaqişə keçmişdə qalıb. Azərbaycan özünün ərazi bütövlüyü və suverenliyini tam şəkildə təmin edib. Ümumiyyətlə, Azərbaycan Respublikasının Ermənistanın işğalına və təcavüzünə son qoyması və BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etməsi dünyada münaqişələrin həll edilməsinin çox nümunəvi modellərindən biridir. Məhz cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan siyasi və hərbi metodlarla özünün ərazi bütövlüyünü tam şəkildə təmin edib.

Münaqişənin uzun müddət Azərbaycanın gündəliyində qalması müəyyən məhdudiyyətlər, müəyyən buxovlar yaradırdı. Məqsəd də bu idi ki, Azərbaycanın xarici siyasət hədəflərinin həyata keçirilməsinə müəyyən maneələr, əlavə məhdudiyyətlər yaradılsın. Münaqişənin başa çatması ilə, yəni ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi ilə Azərbaycan məxsus olduğu fərqli geosiyasi identifikliyi və kimliyi əsasında daha böyük bir coğrafi məkanda xarici siyasət həyata keçirir. COP29-un Azərbaycanda keçirilməsi bunun bariz nümunələrindən biridir.

Gördüyünüz kimi, məhz Azərbaycan qlobal gündəliyin ən vacib, ən narahatedici mövzularından biri olan, dünyamiqyaslı tədbirə, COP29-a ev sahibliyi edir. Və buna da çox müvəffəqiyyətlə ev sahibliyi edir. Belə ki, təşkilatçılıq baxımından, substantiv və mahiyyəti üzrə aparılan müzakirələr baxımından Azərbaycan bunu mükəmməl şəkildə həyata keçirir. Digər tərəfdən, COP29-un davamı olaraq, 2026-cı ildə Bakı Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək. Bu da BMT miqyasında ən böyük tədbirlərdən biridir. Hətta BMT-də belə bir deyim var ki, iqlim məsələləri şəhərlərdə meydana gəlir və iqlimlər elə şəhərlərdə də məhv olur. Çünki iqlimi ən çox çirkləndirən məkanlardan biri də şəhərlərdir. Azərbaycanın yanaşmasında ardıcıllıq və sistemlilik var. Azərbaycan postmünaqişə şəraitində 9 şəhər, yüzlərlə kəndi sıfırdan yenidən qurmaqla unikal bir model ortaya qoymuş olur. Azərbaycanın daha da qloballaşan, daha da geniş coğrafiyanı əhatə edən xarici siyasətin konturları cənab Prezident tərəfindən müəyyən edilib.

Bundan başqa bir nümunəsini də qeyd edə bilərəm. Cənab Prezident bu günlər ərzində 50-dən artıq müxtəlif görüşlər keçirdi. Bu görüşlərin coğrafiyasına baxsaq görərik ki, orada Latın Amerikası, Afrika, Asiya, Avropa ölkələri təmsil olunur, dünyanın elə qitəsi yox idi ki, həmin ölkələr əhatə olunmasın. Hətta bir sıra ölkələr var idi ki, onlarla bizim diplomatik əlaqələrimiz olsa da, ticari-iqtisadi, mədəni əlaqələrimiz bir o qədər də geniş inkişaf etməyib. Bu da Azərbaycanın qarşısında yeni bir istiqaməti müəyyən etmiş oldu. Bundan sonra Azərbaycan qlobal gündəlikdə duran mövzulara töhfə verilməsi, problemlərin aradan qaldırılması nöqteyi-nəzərindən daha geniş məcralı xarici siyasət həyata keçirəcək.

– Ermənistan Azərbaycanın COP29-da iştirakla bağlı dəvətinə müsbət geridönüş etmədi. Bu regionda davamlı sülh yaratmaqla bağlı səylərə necə təsir edir?

– Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının üzvü olaraq və COP29-a ev sahibliyi edərək BMT və Konvensiyanın bütün üzv dövlətlərini bu tədbirə dəvət edib. Konvensiya tərəflərinin sayı 198-dir. Hətta burada dövlət olmayan tərəflər də var. Məsələn, Avropa İttifaqı və iki müstəqil dövlət olmayan tərəf də var ki, biz hətta onları da dəvət etmişdik. Çünki bu, bizim öhdəliyimizdir və bu öhdəlik çərçivəsində Azərbaycan Respublikası tərəfindən Ermənistana da dəvət göndərilmişdi. Açığı, Ermənistanın iştirak edib-etməyəcəyi bizim üçün bir o qədər də maraqlı deyil. Bu, Ermənistanın öz qərarıdır.

Əgər Ermənistan qlobal iqlim dəyişməsi konsepsiyasında iştirak etmək istəmirsə, yəqin ki, Ermənistanın yaşıl gündəliyi ilə əlaqədar müəyyən problemləri var. Amma hər bir halda bu, Ermənistanın daxili işidir və öz qərarıdır. Amma bu günlərdə bütün dünya Azərbaycandadır. Tədbir iştirakçıların sayına baxaq, artıq qeydiyyatdan keçən iştirakçıların sayı 75 000-i aşıb. Elə COP məkanına baxmaq kifayətdir. Ermənistanı və dövlət olmayan tərəfləri kənara qoysaq, tərəflərin hamısı burada təmsil olunurlar. Qeyd etmək istərdim ki, bizim üçün bunun hər hansı bir fərqi yoxdur, yəni Ermənistan burda iştirak edir, yoxsa etmir, Azərbaycan öz üzərinə düşəni yerinə yetirib, Ermənistanı dəvət edib. Yəqin ki, Ermənistanın yaşıl transformasiya ilə əlaqədar problemləri və yaxud da başqa fikirləri var.

Amma eyni zamanda, hesab edirdik ki, bu tədbir Ermənistanla Azərbaycan arasında və regionda etimad quruculuğu prosesinə də töhfə vermiş olardı. Əgər Ermənistan həqiqətən də sülh gündəliyinin, regionda etimad quruculuğu, regional əməkdaşlığın tərəfdarı idisə, burada iştirak etməsi faydalı ola bilərdi. Həmçinin də Ermənistanın burada iştirakı Qafqaz regionunda da iqlim dəyişmələrinin təsirləri kimi məsələlərin müzakirə edilməsi baxımından faydalı olardı.

Bu günlərdə BMT-nin Ətraf Mühit Proqramı çox maraqlı hesabat təqdim edib. Həmin hesabatda Azərbaycanın da yerləşdiyi Qafqaz regionunda - istər Xəzər dənizinin suyunun səviyyəsinin, istər Qafqaz dağlarında buzlaqların səviyyəsinin aşağı düşməsinin, istər yağıntıların miqdarının azalmasının, istərsə də müxtəlif fəsadlar nəticəsində iqlim dəyişmələrinin parametrlərini görürük. Amma Ermənistan istəmirsə və yaxud belə qərar qəbul edibsə, bu, hər bir halda Ermənistanın öz məsuliyyətidir. Açıq söyləsək bunun bizim üçün hər hansı bir əhəmiyyəti yoxdur. Azərbaycan dünya ölkələri ilə qlobal iqlim gündəliyinin irəli aparılması üçün çox ciddi səylərini ortaya qoyub və bu konfransı da uğurla başa çatdıracaq. Konfransdan sonra Azərbaycanın işi hələ bitmir. Azərbaycan Sədr ölkə olaraq bir il ərzində bu prosesi aparacaq.

– COP29-da iqlim sərmayəsi ilə bağlı hədəflərə nail olunacaqmı, bu vəsaitlər toplana biləcəkmi?

– Burada bir məsələni tam aydınlaşdırmaq lazımdır. Çünki Azərbaycan Konvensiyanın üzvü, COP29-un ev sahibi və sədr dövlət olaraq nəticəyönümlü müzakirələrin aparılması üçün çox əlverişli mühit və şərait yaradıb. Amma burada qərarların qəbul edilməsi Konvensiyanın bütün tərəflərindən asılıdır. Mən təəssüflə qeyd etmək istəyirəm ki, bəzən beynəlxalq mediada məsələ elə bir formada qoyulur ki, guya bu, yalnız Azərbaycanın qərarıdır və yaxud da hər şey Azərbaycandan asılıdır, bunu ancaq Azərbaycan etməlidir. Bu, belə deyil.

Azərbaycan sədr ölkədir, ev sahibi ölkədir. Azərbaycan nəticəyönümlü müzakirələrin aparılması üçün də çox real və əlverişli, münbit şərait yaradıb. Açıq və səmimi etiraf etməliyik ki, yeni maliyyə hədəfi ilə əlaqədar inkişaf etmiş ölkələrin üzərinə böyük öhdəliklər düşür. Paris razılaşmasının mahiyyətini ümumi, amma fərqli məsuliyyətlər konsepsiyası təşkil edir ki, sənaye inqilabının başlanması ilə dünyada karbon emissiyasının artmasında inkişaf etmiş ölkələrin xüsusi məsuliyyəti var. Ona görə də Azərbaycanın ev sahibliyi etdiyi COP29-da da, dünyanın inkişaf etmiş ölkələrdən gözlənti məhz yeni maliyyə hədəflərinin ortaya qoyulmasıdır.

Qarşıdan G20-nin toplantısı gəlir. Ümid edirik ki, G20 çərçivəsində aparılan müzakirələr nəticə etibarı ilə COP29-da maliyyə hədəfi ilə bağlı aparılan müzakirələrə öz töhfəsini verəcək.

 

Избранный
68
45
xalqqazeti.az

10Источники