RU

Karbon ölüm mənbəyidir

COP29 çərçivəsində “Sağlamlığa Xidmət” İctimai Birliyi və Beynəlxalq “Stop” Vərəm Tərəfdaşlığının birgə təşkilatçılığı ilə iqlim dəyişmələrinin sağlamlığa təsiri mövzusunda yüksəksəviyyəli müzakirə keçirilib.

Müzakirədə ekstremal hava hadisələrinin artan tezliyi və intensivliyinin, eləcə də temperaturun yüksəlməsinin insan sağlamlığına və rifahına birbaşa təsir göstərdiyi, iqlim dəyişmələrinin ekosistemləri pozduğu, yoluxucu xəstəliklərin yaranmasına və yayılmasına səbəb olduğu, əhalinin sağlamlığı üçün ciddi təhlükə yaratdığı qeyd edilib.

Səhiyyə naziri Teymur Musayev çıxışında havanın çirklənməsinin ürək xəstəlikləri, insult, tənəffüs yolu infeksiyaları, ağciyər xərçəngi və diabet kimi bir çox xəstəlik üçün risk amilinə çevrildiyini, uşaqların havanın çirklənməsinin mənfi təsirlərinə xüsusilə həssas olduqlarını vurğulayıb.

Nazirin sözlərinə görə, dünyadakı uşaqların təqribən 93 faizi, yəni 15 yaşınadək 1,8 milyard uşaq çirkli hava ilə nəfəs alır. Bu da kritik inkişaf fazaları zamanı təhlükəli sağlamlıq nəticələrinə gətirib çıxarır. Körpələr və uşaqlar xüsusilə havanın çirklənməsinə məruz qaldıqda bu, ağciyərlərin sağlamlığına ciddi təsir edir.

T.Musayev ətraf mühitin çirklənməsinin insan sağlamlığına təsirinin azaldılmasının və sağlam həyat tərzinin təbliğinin Azərbaycan hökumətinin əsas prioritetlərindən olduğunu bildirib. O, eyni zamanda, Səhiyyə Nazirliyinin ətraf mühitin mühafizəsi ilə məşğul olan qurumlarla birlikdə ölkə ərazisində havanın keyfiyyətinə fəal surətdə nəzarət etdiyini də vurğulayıb: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq sazişi çərçivəsində hər iki qurumun mütəxəssisləri Azərbaycanda havanı çirkləndirənlərin ölüm hallarına təsirinin monitorinqinə başlayıb. Əsas hava çirkləndiricilərinin sağlamlığa təsirlərini qiymətləndirməyə imkan verən, ÜST tərəfindən hazırlanan proqram təminatından istifadə etməklə növbəti beşillik dövr ərzində monitorinq nəticələrinin xülasə hesabatı hazırlanır. Havanın çirklənməsinin sağlamlığa təsirləri barədə ictimaiyyəti məlumatlandırmaq üçün maarifləndirici proqramlar davam etdirilir”.

XQ

Избранный
72
xalqqazeti.az

1Источники