RU

Lemurlar Günəşəmi sitayiş edirlər?

Bu sualı Madaqaskardakı ekspedisiya üzvləri dəfələrlə bir-birinə veriblər

Müxtəlif ölkələri təmsil edən alimlər fərqli meşələrdə müşahidə apararkən maraqlı və qeyri-adi mənzərə ilə üzləşiblər. Onlar hər səhər bütün lemurların hündür ağacın zirvəsinə qalxaraq, uzun müddət ( 15-20 dəqiqə) üfüqdəki Günəşin “gözünün içinə” baxdığını görüblər. Həm də bu “mərasimdə” bütün lemurlar öz “ailələri” ilə birlikdə iştirak edirlərmiş. Bala lemurlar Günəşə daha çox baxmağı sevirmiş.

Ancaq bu əlamət lemurların qeyri-adiliyini nümayiş etdirən yeganə fakt deyil. Madaqaskara və yaxınlıqdakı Komor adalarına endemik olan (yəni onları dünyanın başqa yerində görən olmayıb) primatların yaxın qohumu sayılan lemurlar qabarit və çəkisinə görə çox fəqlənən canlılardır. Belə ki, onların arasında cırtdan lemurlar – tam yetkinlik yaşına çatandan sonra da çəkisi cəmi otuz qram olanı da var, indri adlı çəkisi on kiloqrama çatanlar da. Nəsli kəsilmiş (sümükləri tapılan) arxeoindrilərin çəkisinin isə təxminən, 160 kiloqram olduğu söylənilir.

Onların eyni sinifdən olduğunu sübut edən ümumi bir göstərici isə aşağı çənənin önə çıxan hissəsindəki kəsici dişləri və köpək dişləri, eləcə də arxa ayaqların ikinci barmağında daha çox uzanan dırnaqdır. Yaz və yay fəsillərində ağacda yaşayır və əsasən yarpaqla qidalanırlar. Qışda isə ələ keçirə bildikləri xırda canlılar və otlarla.

Bəzi alimlər onların adının qədim Roma əsatirləri ilə əlaqələndirildiyini deyirlər. Bu zaman lemurların həmişə həyəcanlı, hərəkətdə, axtarışda olduğu, xüsusən, gecələr daha çox fəallaşdıqları (qartallar onları asanlıqla ovladığına görə əsasən gecə vaxtı fəal olurlar) əsas götürülür.

Xatırladaq ki, qədim Roma mifologiyasına görə lemurlar şər, qəzəbli, zalım ruhlar idi. Romalıların fikrincə, vəfat eləmiş insan bütün qaydalara əməl edilmədən dəfn olunubsa, lemurlar həmin mərhuma sakitlik vermirlər.

Doğrusu, mən bu ad bağlılığı ilə razılaşmadım. Çünki şər qüvvələrə bağlı olan canlılar hər səhər həyat mənbəyi olan Günəşə baş əyməzlər.

Mütəxəssislərin fikrincə, lemurların əcdadları 50–53 milyon il əvvəl yaranmışdır. Onların bu qədər uzunömürlü olduğunu isə planetimizdəki böyük meymunların, xüsusən, ətyeyənlərin Madaqaskar adasına gələ bilməməsi ilə əlaqələndirirlər.

İttifaq MİRZƏBƏYLİ

Избранный
106
21
xalqqazeti.az

10Источники