RU

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.

1988-ci il noyabrın 17-də Azadlıq meydanına toplaşan yüz minlərlə insan keçmiş sovetlərin Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi Meydan hərəkatının əsasını qoyub.

Moskvanın və ozamankı yerli hakimiyyət orqanlarının siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq 1988-ci il noyabrın 17-də Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi etiraz aksiyasına başlayıb.

17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi. SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan prosesin mühüm rol oynadığını qeyd edirlər.

Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olunub.

Milli Dirçəliş Günü 17 noyabr 1992-ci ildə elan olunub.

Artıq dörd ildir ki, Milli Dirçəliş Günü Azərbaycanın ərazi bütövlüyü şəraitində qeyd olunur. 

Избранный
55
25
buta.media

10Источники