RU

17 noyabr - iki tarixi yaşadan gün...

Milli Dirçəliş Günü ölkənin bütün ərazisində qeyd olunur

Noyabrın 17-si müstəqil Azərbaycan üçün tarixi önəm daşıyan bir gündür - bu gün xalqımız böyük qürur hissi ilə Milli Dirçəliş Gününü qeyd edir. Dünyada 200-dək dövlət var. Xalqların sayı isə bundan dəfələrlə çoxdur. İndiyədək müstəqil dövlətini qurmaq heç də bütün xalqlara müyəssər olmayıb. Azərbaycan xalqı xoşbəxtdir ki, müstəqil dövləti var və öz taleyinin sahibidir.

Artıq üç onillikdən çoxdur ki, respublikamız müstəqillik yolu ilə inamla irəliləyərək yeni-yeni nailiyyətlərə imza atır. Hazırda müstəqil Azərbaycan bütün dünyada ləyaqətli, milli maraqlarını qətiyyətlə qoruyan, böyük hörmətə malik bir dövlət kimi tanınır. Son olaraq BMT-nin ən böyük tədbirlərindən biri olan COP29-a ev sahibliyi hüququnun ölkəmizə verilməsi və hazırda Bakıda çərçivəyə sığmayan, dünya liderlərinin də yüksək qiymətləndirdikləri konfransın uğurla davam etməsi müstəqil Azərbaycanın gücünü, qüdrətini, beynəlxalq səviyyədə artan nüfuzunu əyani şəkildə təcəssüm etdirir. Müstəqilliyimizə gedən yol isə heç də hamar olmayıb, bir sıra çətin sınaqlardan keçmişik. Bununla belə, xalqımızın müstəqil dövlət qurmağa, azad yaşamağa inamı və mücadilə aparması bütün çətinlikləri dəf etməyə imkan verib.

Müstəqilliyimiz üçün Heydər Əliyevin yaratdığı güclü iqtisadi və ideoloji zəmin

Müstəqillik üçün zəruri əsaslar, o cümlədən iqtisadi və ideoloji zəmin yaradılmalıdır. Bunsuz nə müstəqilliyi qazanmaq, nə də onu qoruyub saxlamaq mümkün deyil. Azərbaycan üçün belə fundamental əsasları xalqımızın müdrik oğlu, böyük siyasətçi Heydər Əliyev yaradıb. Onun respublikamıza rəhbərliyi iki fərqli ideoloji formasiyaya təsadüf edir. Onlardan biri sərt qadağaların, milli məhdudiyyətlərin hökm sürdüyü keçmiş sovet dönəmi, digəri isə müstəqilliyimizin ilk illəridir. Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi onda idi ki, O, hər iki dönəmdə Azərbaycanın müstəqilliyi naminə böyük işlər görməyi bacarmışdır. Birinci mərhələdə Heydər Əliyev keçmiş sovet dönəminin sərt qadağalarına baxmayaraq, xalqımızın özünüdərk hissinin güclənməsi üçün məqsədyönlü fəaliyyət həyata keçirirdi. Heydər Əliyev 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək azərbaycanlı gəncin yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına nail oldu. Həmin kadrlar sonradan müstəqil Azərbaycanın idarə olunmasında fəal iştirak edəcəkdilər. Heydər Əliyev keçmiş ittifaqdakı nüfuzundan istifadə edərək bir sıra iqtisadi layihələrin məhz respublikamızda reallaşdırılmasına nail oldu. Bunlar isə gələcək müstəqil Azərbaycan üçün güclü iqtisadi dayaqlar idi.

Heydər Əliyevin Azərbaycanın sabahı naminə misilsiz fəaliyyəti bütün mühüm istiqamətləri əhatə edirdi. Bu sırada Onun milli mədəniyyətə, ədəbiyyata, Azərbaycan dilinə böyük qayğısını xüsusi qeyd etmək lazımdır. Uzaqgörən siyasətçi Heydər Əliyevin səpdiyi toxumlar ötən əsrin səksəninci illərinin sonlarından etibarən cücərməyə başladı. Onun zamanında məqsədyönlü şəkildə yaratdığı zəngin irs sonralar müstəqil Azərbaycanın iqtisadi, mədəni və ideoloji əsalarına çevrildi.

İş elə gətirdi ki, sonradan Azərbaycanın 1991-ci ildə qazandığı müstəqilliyinin qorunması missiyasını da Heydər Əliyev yerinə yetirdi. 1993-cü ilin yayında müstəqilliyimizin əldən getməsi təhlükəsi tam real idi. Belə çətin şəraitdə xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Heydər Əliyev atdığı qətiyyətli addımlarla müstəqilliyimizi qorumağa və  hadisələri müsbət məcraya yönəltməyə nail oldu.

Bundan başqa, 17 Noyabr - Milli Dirçəliş Günü həm də üçrəngli bayrağımızın dövlət rəmzlərindən biri kimi qəbul olunmasını simvolizə edir. Üçrəngli bayrağımızın yenidən Azərbaycanın dövlət rəmzlərindən biri kimi qəbul edilməsi isə bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımız üçrəngli bayrağımızın yenidən dövlət rəmzi kimi təsdiqlənməsinin sevincini Naxçıvan Ali Sovetinin Heydər Əliyevin Sədrliyi ilə keçirilən 1990-cı il 17 noyabr tarixli sessiyasında çıxarılan tarixi qərarlarla yaşadı. Sessiyada Heydər Əliyevin təşəbbüsü əsasında  Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı və dövlət rəmzi kimi qəbul olundu. Bu, Heydər Əliyevin milli təəssübkeşliyinin, vətənpərvərliyinin və cəsarətinin ifadəsi idi. Bu tarixi hadisə imperiyanın hələ ayaqüstə olduğu, qılıncının dalının da, qabağının da iti kəsdiyi bir dövrdə baş vermişdi. Sonradan - 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi.

Xalq bir yumruq kimi birləşmişdi

Sərt qadağalarla, süni təbliğatla idarə olunan keçmiş ittifaqın nə vaxtsa süqutu labüd idi. Onilliklər boyunca gizli gedən bu proses ötən əsrin sonlarına doğru müəyyən formalarda açıq şəkildə təzahür etməyə başladı. Milli ideyaları əxz edən, özünəinam hissi artan Azərbaycan xalqı bəhs olunan dövrdə böyük bir imperiyada başlayan proseslərin aktiv iştirakçıları sırasında yer alırdı. Azərbaycanda milli-azadlıq hərəkatı Ermənistanın respublikamıza qarşı ərazi iddiaları fonunda açıq müstəviyə keçdi. 1988-ci ilin əvvəlindən etibarən Ermənistanın Azərbaycana qarşı təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin o dövrdəki rəhbəri M.Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər, həmçinin Azərbaycanın Dağlıq  Qarabağ bölgəsində ixtişaşlar törətdilər. Onlar tarixi torpaqlarımız olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb  Ermənistana  birləşdirilməsini tələb edirdilər. Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. 1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan indiki Azadlıq meydanında keşmiş sovet hakimiyyətinin xalqımıza qarşı apardığı siyasətə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin izdihamlı mitinqi başlandı. Mitinq iştirakçıları respublikamıza qarşı ərazi iddiaları irəli sürən Ermənistanla iqtisadi əlaqələrin kəsilməsini, Topxanada görülən işlər barədə ətraflı məlumat verilməsini, Ağdam şəhərində qadağa saatının ləğv edilməsini, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində partiya və sovet orqanlarının buraxılmasını, orada Azərbaycanın hüquqi və siyasi hakimiyyətinin bərpa olunmasını və digər tələbləri irəli sürürdülər. Bütün xalq bir yumruq kimi birləşmişdi. Bu, əsl xalq, milli azadlıq hərəkatı idi. Respublikanın, bütün Azərbaycanın ürəyi Azadlıq meydanında döyünürdü. Həmin gün haqqında danışan Heydər Əliyev deyib ki, xalqın qanında yaşayan azadlıq istəyinin, müstəqillik arzusunun qabağını heç bir qüvvə, hətta ən güclü sel belə kəsə bilməz.

Noyabrın 17-də başlayan izdihamlı mitinqlər günlərlə gecə və gündüz davam etdi. Dekabrın əvvəllərində keçmiş sovet qoşunları ümumxalq mitinqini dağıtmağa nail olsalar da, sonradan xalqımızın müstəqillik uğrunda mübarizəsi dönməz bir məcraya yönəldi.

Müstəqillik yolunda qazandığımız möhtəşəm qələbələr

44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazandığımız möhtəşəm qələbələr müstəqillik yolunda nail olduğumuz ən böyük uğurlarımızdır. Vətən müharibəsində qazanılan böyük Qələbə sayəsində Azərbaycan ərazi bütövlüyünü hərbi siyasi yolla bərpa etdi. 2023-cü il sentyabrın 19-da isə Ordumuz separatçıların yuva saldıqları ərazilərimizdə lokal xarakterli antiterror tədbirləri keçirdi və cəmi 23 saat ərzində onu uğurla tamamladı. Separatçılar ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar.

Prezident İlham Əliyev Onun üçün əlamətdar olan bir gündə - dövlət başçısı seçilməsinin 20-ci ilinin tamam olduğu 15 oktyabr 2023-cü il tarixində üçrəngli bayrağımızı Xankəndidə də ucaltdı və bununla da xalqımıza növbəti dəfə sonsuz sevinc və qürur hissi yaşatdı. Artıq Azərbaycan xalqı Milli Dirçəliş Gününü böyük qürur hissi ilə ölkənin bütün ərazisində qeyd edir. Respublikamızda Milli Dirçəliş Gününün yüksək səviyyədə qeyd olunmasına dövlət səviyyəsində böyük diqqət göstərilir. Təsadüfi deyildir ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər il Milli Dirçəliş Günü ilə bağlı sosial şəbəkə hesabında paylaşımlar edir ki, bu da onun müstəqilliyimizə verdiyi böyük dəyərin ifadəsidir.

Mübariz ABDULLAYEV

Избранный
76
yeniazerbaycan.com

1Источники