RU

17 Noyabr - Azərbaycan Milli Dirçəliş Günüdür

 

  Azərbaycan xalqının azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr - Milli Dirçəliş Günü ölkənin müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.

  Mənəvi əsaslarını və başlanğıcını 1960-cı illərindən götürən bu tarix sonralar Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter aldı, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoydu.

  Ötən əsrin axırlarında dünyanın altıda birini əhatə edən Sovet İttifaqının iqtisadi, siyasi, mənəvi və ideoloji dayaqları sarsılmışdı. İmperiyanın siyasi “beyin mərkəzi”nin xalqlara, xüsusilə Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasəti kəskin xarakter aldı. M.Qorbaçov hakimiyyətinin dəstəyi ilə ermənilər Qarabağda azərbaycanlılara qarşı haqsız ərazi iddialarına başladı. Ermənilərin Topxanada törətdikləri vəhşiliklər, Ağdamda isə iki azərbaycanlını qətlə yetirmələri Bakıda milli hissləri alovlandırdı. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Milyonlarla insanın toplaşdığı Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsildi.

  1988-ci ildən xalq hərəkatı alovlandı. Rusiya ordusu 1990-cı ilin 20 yanvarında Bakıya girərək faciə törətdi, silahsız insanları öldürdü, Azərbaycan xalqını qanına qəltan etdi. Hakimiyyətlər bir-birini əvəz etdi. Əbülfzə Elçibəy hökuməti paytaxt Bakıda xalqın istiqlal ruhunu ölməyə qoymadı.

  1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu.

  1991-ci ilin 18 oktyabrında Azərbaycanın müstəqilliyinin bərpası bütün dünyaya bəyan edildi.

  Bu yolda ölkəmiz böyük uğurlar əldə etdi, Cənubi Qafqazın lider dövlətinə, beynəlxalq layihələrin təşəbbüskarına çevrildi. Bütün bu nailiyyətlər, nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsində ölkəmizin möhtəşəm Qələbəsini şərtləndirdi. Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi, ərazi bütövlüyümüz bərpa olundu və haqq-ədalət öz yerini tapdı.

  2023-cü il sentyabrın 19-da rəşadətli Azərbaycan ordusu Qarabağda başladığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, qarşıya qoyulan hədəflərə cəmi 24 saatda nail olunması Azərbaycanın növbəti tarixi Qələbəsi ilə nəticələndi, dövlətimizin suverenliyi tam bərpa edildi və bununla ölkəmiz tarixinin yeni dövrünə daxil oldu. Bu, prezident İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi, dövlətimizin başçısının ətrafında “dəmir yumruğ”a çevrilmiş xalqımızın daha bir tarixi Zəfəridir.

  Eyni zamanda, bu, bir daha göstərir ki, Azərbaycan regionda prosesləri diktə edən tərəfdir, sülhün və sabitliyin əsas təminatçısıdır. Artıq regionda yeni reallıq yaranıb. Bu reallığı isə beynəlxalq nüfuzu gündən-günə güclənən, Avropanın enerji təchizatında aparıcı aktora çevrilən və dünya dövlətləri üçün etibarlı tərəfdaş olan Azərbaycan yaradıb.

 



Избранный
41
12
trt.net.tr

10Источники