RU

Qədim qurama sənətinin qorunması üçün UNESCO-ya təqdim edilib

"Hazırda qurama sənətini milli-mədəni irsin qorunması üzrə sənət nümunələrinə əlavə etməyə çalışırıq. Artıq İçərişəhər Muzey Mərkəzi UNESCO-ya təqdim edib".

Bunu müsahibəsində COP29 çərçivəsizdə qurama sənətini nümayiş etdirən İçərişəhər Muzey Mərkəzinin Qala qoruğu filialında yerləşən Qurama.az mərkəzinin quramaçısı Afaq Cəlilova deyib.

- Afaq xanım, necə oldu ki, bu sənəti davam etdirmək qərarına gəldiniz?

- Qurama sənəti qədim Azərbaycan sənətlərindən biridir. Qurama mərkəzi bu gün Qala kəndində yerləşir. Qala kəndi isə bilirsiniz ki, tarixi qoruq kəndlərimizdəndir. Özüm də məhz o kənddə böyümüşəm.

Biz uşaq vaxtından evimizdə bu sənəti görmüşük. Evlərimizin interyeri elədir ki, orada ləmələr, çaxçalar, cüməxatanlar olub. Nənəmgildən, anamdan görmüşəm. Dərzi idilər, parça qalıqlarını atmırdılar. Qənaət məqsədilə evin interyerinin bəzədilməsində cürbəcür quramalardan istifadə edirdilər. Biz də görüb götürmüşük (gülür). Bu gün də bu sənəti yaşatmağa çalışırıq.

- Bu gün tikdiyiniz bu qurama işlərini harasa təqdim edirsiniz?

- Bəli. Hazırda qurama sənətini milli-mədəni irsin qorunması üzrə sənət nümunələrinə əlavə etməyə çalışırıq. Artıq İçərişəhər Muzey Mərkəzi UNESCO-ya təqdim edib.

Bu gün quramanı simvolik olaraq, dekorativ bir əşya, suvenir kimi tikib turistlərə təqdim edirik.

- Daha çox kimlər maraqlanır qurama işləri ilə?

- Əsasən xaricdə yaşayan azərbaycanlılarımız almağı sevirlər. Xüsusən Novruz bayramında maraq daha da artır. Azərbaycanın hər bölgəsində qurama nümunələri var, onların hər birinin öz naxış spesifikliyi olduğu üçün onlar da baxırlar, bəyənirlər xatirə olaraq alıb aparırlar.

- Satışını necə həyata keçirirsiniz?

- Satışını bəzən İçərişəhərin təşəbbüsü ilə təşkil olunan yarmarkalarda təşkil edə bilirik.

- Quramaların satış qiymətləri də maraqlıdır. Ən aşağı, ən yuxarı neçəyə satılır?

- Qiyməti İçərişəhər Muzey Mərkəzi təyin edir.

Yəni sənətkar olaraq mən təyin etmirəm, çünki fərdi şəkildə məşğul olmuram bu işlə. Bizim işlərimizə ümumi bir məbləğ təyin olunur.

Deyə bilərəm ki, bizdə divardan asmaq üçün pano şəklində olan quramalar var ki, onların qiyməti 1000, 500 manat arasında dəyişir. Belə ən aşağı qiymət isə 50 manat olur.

- Bir panonun hazırlanmasına nə qədər vaxt gedir?

- O sənətkarın özündən asılıdır. Əgər işə hobbi kimi yanaşır və başqa işləri çoxdursa, haradasa 4-5 aya, amma ancaq o işlə məşğul olacaqsa, bir aya - ölçüyə görə vaxt dəyişə bilər.

Əzizə İsmayılova

Mənbə: oxu.az

Избранный
43
oxu.az

1Источники