RU

The Independent: Azərbaycan çayı COP29-da mədəniyyət rəmzi və iqlim dəyişikliyi çağırışı kimi

Azərbaycan COP29-da təkcə iqlim dəyişikliyi deyil, həm də gündəlik həyatın ayrılmaz hissəsi olan çay mədəniyyətinin müzakirə mərkəzinə çevrilib.

“Report” xəbər verir ki, bu barədə Britaniyanın “The Independent” qəzeti yazıb.

Qəzet qeyd edib ki, iqlim sammitində Azərbaycan pavilyonunda qonaqlar milli geyimli qadınlar tərəfindən dəmlənmiş ənənəvi çay içə biliblər. Çay mərasiminin bir parçası olan paxlava və şəkərbura kimi şirniyyatlar geniş təqdim olunub. Azərbaycanda çay sadəcə içki deyil, insanları sevincdə və kədərdə birləşdirən mühüm mədəni ənənədir.

Bununla belə, tədqiqatçıların qeyd etdiyi kimi, Azərbaycanda və dünyanın bir çox regionlarında çay içmə mədəniyyəti iqlim dəyişikliyi səbəbindən təhlükələrlə üzləşir. Alimlər xəbərdarlıq edirlər ki, temperaturun artması və quraqlıq fonunda bəzi ölkələrdə çay məhsulu yarıdan çox azala bilər. Araşdırmalar davamlı çay sortlarının yaradılmasına və çay plantasiyalarının şimala doğru yerinin dəyişdirilməsi üçün həll yollarının tapılmasına yönəlib.

İqlim dəyişikliyinin çaya təsirini araşdıran professor Keziban Yazıcı çay plantasiyalarının qorunması üçün tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, çayın dayanıqlığı ekstremal iqlim şəraitinə davam gətirə bilən yeni sortların işlənib hazırlanmasından asılıdır.

COP29-un gündəliyində qlobal iqlim dəyişikliyinin müzakirə olunmasından asılı olmayaraq, çay yerli sakinlərin həyatında mərkəzi yer tutmağa davam edir. “Çay bizim bölgə, xüsusən də yerli istehsalçılar üçün dolanışıq mənbəyidir”, – Yazıcı bildirib.

COP29-un dayanıqlı inkişaf üzrə meneceri Fatimə Fətəliyeva deyib ki, çay Azərbaycan mədəniyyətində mühüm rol oynayır. Onun üçün bu, sadəcə içki deyil, nəsildən-nəslə ötürülən qonaqpərvərlik və hörmət rəmzidir.

Məqalədə həmçinin vurğulanıb ki, iqlim dəyişikliyi təkcə məhsula deyil, həm də mədəni irsə təsir göstərir. “Əgər dünya qlobal istiləşmənin azaldılması məqsədlərinə nail olmasa, çay kimi bir çox mədəni dəyərlər yox ola bilər”, – Fətəliyeva diqqətə çatdırıb.

İqlim dəyişikliyini və invaziv zərərvericilərlə mübarizəni tədqiq edən professor Levent Kurnaz da COP29-da iştirak edib. O qeyd edib ki, iqlim dəyişikliyi artıq Azərbaycan və Türkiyədəki çay plantasiyalarına ciddi təsir göstərir və bir çox fermer, xüsusilə qadınlar ekstremal hava şəraitində çətinliklərlə üzləşirlər.

Kurnazın qənaətincə, iqlim dəyişikliyi təkcə məhsula deyil, həm də çay plantasiyalarından asılı olan bütöv icmalara təhlükə yaradır. “Çay istehsalı pisləşməyə başlayanda fermerlər nə edəcəklərini bilməyəcəklər”, – o söyləyib.

“Azərbaycan xam neft ixrac edən ölkələr siyahısında 25-ci yerdədir və neft sənayesinin beşiklərindən biri olmaqla, planetin istiləşməsinə səbəb olan karbon dioksid emissiyalarının əsas mənbələrindən biridir. Ölkə Avropanın tələbatını ödəmək üçün növbəti onillikdə öz qalıq yanacaq istehsalını artırmağı planlaşdırır və onların neft hasilatı COP-un əvvəlindən mübahisə mövzusu olub. Lakin Prezident İlham Əliyev bu il əvvəl bildirmişdi ki, ölkə təmiz enerjiyə keçid mərhələsindədir, bununla yanaşı qeyd etmişdi ki, dünya yaxın gələcəkdə inkişaf üçün qalıq yanacaqlara ehtiyac duymaqda davam edəcək”, – qəzet vurğulayıb.

Bakıda vegetarian restoranının sahibi Rauf Şıxəliyev deyib ki, onun layihəsi birbaşa iqlim dəyişikliyi ilə bağlıdır. Onun sözlərinə görə, Azərbaycanda çay mədəniyyəti həmişə həyatın sosial aspektləri ilə sıx bağlı olub və çay tez-tez yeməkdən əvvəl içilir ki, bu da onu ünsiyyətin vacib elementi edir.

Şıxəliyevin fikrincə, COP29-da iştirak təkcə iqlim dəyişikliyi problemlərinin müzakirəsi üçün deyil, həm də insanları birləşdirməkdə və qlobal çağırışlarla mübarizədə həll yollarının tapılmasında rol oynaya biləcək mədəniyyətin təşviqi üçün vacibdir.

Beləliklə, Azərbaycanda və digər ölkələrdə çay təkcə mədəni kimliyin deyil, həm də iqlim dəyişikliyi şəraitində bəşəriyyətin qarşısında duran çağırışın rəmzinə çevrilir.

Избранный
50
2
report.az

10Источники