RU

“Moskva qurultayı möhtǝşǝm vǝ tarixi bir mǝclis idi” – Araşdırma

Məhəmmədəmin Rəsulzadə 140

Azərbaycanda dramaturq, filosof Mirzə Fətəli Axundzadə ilə başlayan milli maarifçilik dönəmi Rusiyanın 1903-cü ildə Yaponiyaya məğlub olması ilə siyasi mahiyyət almağa başlayıb. 1905-ci ildə Rusiyada baş verən inqilab Cənubi Qafqaza da təsir edib, çarın yaratdığı mülayimləşmədən istifadə edən azərbaycanlı ziyalılar qəzet və ictimai təşkilatlar yaradıblar. “Həyat” və “İrşad” kimi qəzetlər bu hərəkatın əsas aparıcı qüvvəsi olub.

Bu dövrdə Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov kimi liderlərlə yanaşı Məhəmmədəmin Rəsulzadənin timsalında gənc hərəkatçılar da önə çıxmağa başlayıblar. Mülayimləşmə dövründən istifadə edən Rəsulzadə mətbuat vasitəsilə tədricən azadlıqla bağlı düşüncələrini gündəmə daşıyıb.

1903-cü ildə Tiflisdə ilk yazısı nəşr olunan Məhəmmədəmin Rəsulzadə müstəmləkə idarəçiliyi altında senzuranın mövcud olduğu bir vəziyyətdə mətbuatın azadlığının əhəmiyyətinə toxunub. 1911-ci ildə İranda ikən qələmə aldığı “Mətbuat azadlığı” adlı məqaləsində açıq şəkildə yazırdı: “Hər ölkənin mədəniyyətinin inkişafı onun ədəbiyyatının inkişafı ilə bağlı olduğu kimi, hər millətin siyasi vəziyyəti də onun mətbuat azadlığı ilə bağlıdır. O millət, o məmləkət xoşbəxt və azaddır ki, onların mətbuatı azad və xoşbəxt olsun”.

Rəsulzadəyə görə, mətbuat azadlığı onun öz işində — yazmaqda, nəşrdə, yaymaqda, insani fikirləri çatdırmaqda tam azad olmasından ibarətdir: “Mətbuat azadlığı insan azadlığının əsas sütunudur, çünki o, əqlin, təfəkkürün əsas qüvəsidir. Onun varlığı ağıla və səbirə əsaslanan qüvvədir. Mətbuata təzyiq göstərmək və ya onu aradan çıxarmaqla ağlın qüvvəsini aradan çıxarmağın fərqi yoxdur”. Mətbuata qoyulan senzuraya qarşı çıxan Rəsulzadəyə görə, mətbuat azadlığına qarşı çıxmaq insan azadlığına təcavüz etməkdir. Onun fikrincə, senzura şübhələr yaranmasının, mühüm məsələlərin gizlədilməsinin, siyasi zülmün icra olunmasının əsas amilidir.

Qafqaz ilə yanaşı Osmanlı və İran mühitində yaşayan Rəsulzadə Şərq xalqlarında qadın azadlığının yetərli olmamasından, onların müxtəlif təzyiqlər altında yaşamasından bəhs edib. “Türkiyədə qadınlar” adlı məqaləsində yazır ki, “ailə əsarəti və ailə istibdadı üzərinə təşkil edilən millətlərin heç bir vaxt ailə hürriyyəti və ailə səadəti təməli üstündə qurulan millətlərlə mübarizə edə bilməzlər, qadın aciz, hüquqsuz olduğu təqdirdə millətin yarısı iflic halda olacaqdır”.

Osmanlı və İranda məşrutiyyət hərəkatlarının başlaması, Türkiyədə bu düşüncənin qələbə qazanması, ardınca Birinci Dünya müharibəsinin başlanması Məhəmmədəmin Rəsulzadənin açıq şəkildə milli istiqlal düşüncəsini gündəmə gətirməsinə səbəb olub. 1914-cü ildə “Dirilik” jurnalında qələmə aldığı silsilə məqalələrində açıq şəkildə “millət” qavramına yer verən Rəsulzadəyə görə, millət, dil birliyi, adət və əxlaq birliyi, ortaq tarix, dini etiqad birliklərinin məcmusundan mütəşəkkil bir məhsuldur. Rəsulzadəyə görə millət qavramının əsas sütununu dil təşkil edir.

Beləliklə, 1917-ci il inqilabına qədər Rəsulzadə daha çox təməl azadlıqların müdafiəçisi olaraq mətbuat üzərindən bu haqları müdafiə edib.

1917-ci il Fevral İnqilabı. Muxtariyyətdən milli dövlətə doğru

Rusiya imperiyasında başlayan azadlıq hərəkatları 1917-ci il Fevral inqilabı ilə öz məntiqi nəticəsinə çatıb. Bu inqilaba qədər Məhəmmədəmin Rəsulzadə müxtəlif azadlıqlardan bəhs edibsə də, hələ ki açıq şəkildə milli özünüidarəetmə tələbi ilə çıxış edə bilməyib. Digər tərəfdən Rusiya imperiyası daxilində müsəlmanlar arasında fərqli düşüncələr də hakimdi. Milli dövlətin yaradılması barədə tələbin irəli sürülməsi üçün lazım olan siyasi şərait isə bu inqilab nəticəsində çar mütləqiyyətinin devrilməsindən sonra meydana çıxıb. Bu məsələdə ən mühüm rolu təkcə Azərbaycanda deyil, müsəlmanların yaşadığı digər ərazilərdə də Rəsulzadə oynayıb. 1917-ci il aprelin 15-20-də Bakıda I Ümumqafqaz Müsəlmanlar Qurultayı keçirilib. Qurultayda fərqli siyasi qüvvələr təmsil olunublar. Rəsulzadə bu qurultayda ilk dəfə olaraq millətlərin öz müqəddəratını təyinetmə hüququnu rəhbər tutaraq azərbaycanlılara milli ərazi muxtariyyətinin verilməsi tələbini irəli sürüb. İslamçıların və müxtəlif sosialist qruplaşmaların nümayəndələrinin müqavimətinə baxmayaraq, qurultay böyük səs çoxluğu ilə Rəsulzadənin təklifini qəbul edib. Qurultayın bu məsələ ilə bağlı qətnaməsində göstərilib ki, “federativ əsaslarla demokratik respublika qurulması Rusiya dövlət quruluşunun müsəlman xalqlarının mənafeyini təmin edən ən münasib formasıdır”.

Bu qurultayda Rəsulzadənin təmsil etdiyi federalistlərdən fərqli olaraq, unitaristlər hesab edirdilər ki, müsəlman xalqları mərkəzləşmiş Rusiya dövləti çərçivəsində milli-mədəni muxtariyyətlə kifayətlənməlidirlər. Rusiya müsəlmanlarının ziyalılarının əsas gündəmi olan bu qarşıdurma qısa zamanda öz məntiqi həllini tapıb. Belə ki, 1917-ci il mayın 1-dən 11-dək Moskvada keçirilən I Ümumrusiya Müsəlmanlar Qurultayında Rəsulzadə çıxış edərək dövrün tələbinin din birliyi deyil, millət birliyi olduğunu əsaslandırıb: “Bəzən deyirlər ki, islam özü bir millətdir. Deyirlər ki, islamiyyət xristianlığa rəğmən müsəlmanları bir millət halına gətirir, çünki hansı türkdən nə olduğunu soruşsan, hansı millətdənsən desən, müsəlmanam cavabını verəcək. Lakin bu nəzəriyyə yanlışdır. İnsanlarda hər zaman milliyyət hissi olmuş və bu hiss soyla bərabər olmuşdur. İslam da digər dinlər kimi, heç şübhəsiz ki, öz tərəfdarları arasında bir bağlantı yaratmışdır. Amma bu bağlantı milliyyət bağlantısı deyil, beynəlmilliyyətdir. Bu beynəlmilliyyət xristian qövmləri arasında xristian mədəniyyəti deyilən şeyi vücuda gətirdiyi kimi, müsəlman millətlərdə də bir ortaq islam mədəniyyəti yaratmışlar. Amma bu, bütün islam qövmlərini bir millət halına gətirmək demək deyildir. Xristian milləti olmadığı kimi, müsəlman milləti də yoxdur”.

Qurultayın 1917-ci il 7 may tarixli plenar iclasında Rəsulzadənin hazırladığı qətnamə layihəsi səs çoxluğu ilə (lehinə – 446, əleyhinə – 271 səs) qəbul edilib.

Məhəmmədəmin Rəsulzadə 1920-ci ildə Müsavat partiyası üzvləri qarşısında verdiyi konfransda dövrün xarakterini detallı şəkildə izah edib. Onun yazdığına görə həmin dövrdə Rusiya müsəlmanları arasında iki fikir vardı: Milli-məhəlli muxtariyyət və federasiya; Mədəni muxtariyyətə əsaslanan siyasi birlik. Rusiya müsəlmanlarının siyasi birliyi fikrini müdafiə edənlər sosialistlǝrlǝ islamçılar idi. Bu qism muxtariyyət fikrini qəbul etmək üzərə olduqları halda millət və məhəll sözlərini heç bir halda gündəmə daşımaq istəmirdilər. İslamçılar Rusiyanın siyasi hürriyǝti ilə kifayətlənərək 30 milyonluq Rusiya müsǝlmanlarını bir ruhani idarəyə bağlayır vǝ milli-mǝdǝni işlǝrǝ baxacaq bir milli məclislə kifayətlənirdilər. Onlar hesab edirdilər ki, Rusiya daxilindǝ qalan türklǝr öz milli vǝ mǝdǝni işlǝrini özlərinə məxsus bir mǝclis vǝ bir idarǝ vasitǝsilǝ həyata keçirərlərsə, milli varlıqlarını daha tez möhkǝmlǝdǝr vǝ münasibətlərində daha da inkişaf edərlər. Onların fikrincə, federasiya onları bir-birindən ayırar, tǝrǝqqi vǝ inkişaf yollarını başqalaşdırar.

Düşüncə baxımından Rusiya müsəlmanlarının bir arada vahid siyasi mərkəzdə idarə olunması doğru görünsə də, Rəsulzadə Rusiya imperiyasında geniş coğrafiyada yaşayan müsəlman və türklərin bir mərkəzdən idarəçiliyinin mümkünsüzlüyünü əsaslandırıb. Onun fikrincə, imperiyada yaşayan müsəlmanlar aid olduğu bölgədə özünəməxsus yolda məhəlli muxtariyyətini əldə etməli, bu şəkildə inkişaf etməlidirlər. Buna görə də Rəsulzadə mühazirəsində federalistlərin düşüncəsini bu şəkildə əsaslandırıb: “Yalnız türk federalistlǝri tamamilǝ başqa cür düşünürdülər. Onların fikrincǝ böyük Rusiya gǝrǝk zamanın hakim bir fikri olan milliyyǝtǝ istǝr-istǝmǝz hesab verǝ idi. Milliyyǝt isǝ yalnız mǝdǝni mǝsǝlǝlǝrin idarǝsilǝ tǝmin oluna bilməzdi. Lazım idi ki, milliyyǝt bir hökumǝt şǝklindǝ tǝzahür etsin. Bunun üçün dǝ Rusiya milli-mǝhǝlli muxtariyyǝtlǝrdǝn tǝşǝkkül etmǝlidir. Rusiya türklüyü də bir parça deyil, müxtǝlif muxtariyyǝtlǝrdǝn ibarǝt olmalıydı. Azǝrbaycan, Türküstan, Başqırdıstan, Qırğızıstan, Krım vǝ sairǝ birǝr muxtariyyǝt halında qurulmalıydı. Bu türk muxtariyyǝtlǝri daxili işlǝrindǝ sǝrbǝst qalmaqla bǝrabǝr, ümumi işlǝr üçün bütün Rusiya muxtariyyǝtlǝri ilǝ, milli vǝ dini işlǝr üçün dǝ türk vǝ müsǝlman muxtariyyǝtlǝri ilǝ federasyona girǝr vǝ ittifaq bağlayarlar. Az zamanda bütün Rusiya türklüyünü qazanmış olan bu fikir, öncǝ Qafqazda meydana çıxmışdı”.

Azərbaycanda həmin dövrdə muxtariyyət düşüncəsini Bakı şəhərində Müsavat partiyası və “Açıq söz” qəzeti, milli qüvvələrin geniş yer aldığı Gəncə şəhərində isə Türk Federalist Firqəsi təmsil edib. Nəticədə bu iki partiya 1917-ci ildə birləşib və Rəsulzadə birləşmiş partiyanın sədri seçilib. Rəsulzadə mühazirəsində Moskva qurultayında əldə edilən qələbəni haqlı olaraq öz əməyi hesab edib: “Moskva qurultayı, hǝqiqǝtǝn dǝ, möhtǝşǝm vǝ tarixi bir mǝclis idi. Minǝ qǝdǝr nümayǝndǝ vardı. Rusiya türklüyünün bütün ellǝri, bütün siniflǝri, bütün cinslǝri burada tǝmsil edilirdi. Bu möhtǝşǝm mǝclisdǝ türk xalqının idealı olan istiqlal mǝrhǝlǝsini tǝşkil edǝn milli-mǝdǝni muxtariyyǝt nǝzǝriyyǝsinin müdafiǝsi şǝrǝfi – nǝ qǝdǝr mǝsudam ki – bǝndǝnizǝ nǝsib olmuşdu”.
1917-ci ilin sonunda baş tutan Müsavat partiyasının qurultayında Rəsulzadə Azərbaycan muxtariyyəti tələbini açıq şəkildə ifadə edib.

Rusiyada bolşevik inqilabının qalib gəlməsi, bolşeviklərin Azərbaycanın mərkəzi Bakını ələ keçirməsi, mart ayında Bakı və ətrafında qırğınların törədilməsi, Cənubi Qafqaz xalqlarının yaratdığı ortaq parlamentin uğursuzluğa düçar olması nəticəsində mövcud şərtlər tamamilə dəyişib. Buna görə də 1918-ci il aprelin 9-da Zaqafqaziya Seyminin 22-ci iclasında Məhəmmədəmin Rəsulzadə açıq şəkildə bütün Cənubi Qafqazın azadlığını tələb edib:

“Zaqafqaziya demokratiyası özünü müdafiə etməlidir; inqilabın bütün nailiyyətlərini qoruyub saxlamalıdır; Zaqafqaziya demokratiyası böyük Rusiya inqilabının nemətlərindən, böyük demokratik prinsiplərdən bəhrələnməli, bu nailiyyətləri bizə yalnız irtica gətirən Rusiyaya qurban verməməlidir. Zaqafqaziya müstəqil olmalıdır. Bu müstəqillik zərurətə çevrilir. Dostcasma yaşamaq üçün, Zaqafqaziya xalqlarının həmrəy yaşaya bilməsi, inqilabın verdiyi azadlıq nemətlərindən istifadə edə bilməsi üçün müstəqillik elan etmək lazımdır. Zaqafqaziya yalnız doğuşla müqayisə edilə biləcək bir vəziyyətdədir. Zaqafqaziya doğuşun bütün əzablarını yaşayır, Zaqafqaziya doğur və buna görə də biz bu əzablardan qorxmamalıyıq. Körpənin - Zaqafqaziyanın sağlamlığı üçün Zaqafqaziyanın müstəqilliyini qorxudan deyil, vicdanla qəbul elmək lazımdır.

Biz müstəqilliyimizi qorxudan deyil, vicdanla elan etsək, ümidvaram ki, bu müstəqillik Zaqafqaziya xalqlarını birləşdirən ən yaxşı lehim olacaq və dostcasına birgə iş, dostcasına birgə yaşayış şəraitində Zaqafqaziya demokratiyası ona öz azadlığını hər cür qəsddən qorumaq üçün qüvvət və enerji verən nemətlər əldə edəcəkdir”.

Nəticədə Cənubi Qafqaz Federativ Respublikası yaradılıb, 1918-ci il may ayının 26-da Gürcüstanın Zaqafqaziya Seymini tərk etməsi ilə Cənubi Qafqazda üç müstəqil respublika müstəqilliyini elan edib. Seymdə təmsil olunan azərbaycanlı üzvlər Azərbaycan Milli Şurasını təsis ediblər və Məhəmmədəmin Rəsulzadə sədr seçilib. May ayının 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək Azərbaycanın müstəqilliyini elan edib.

Davamı var


Müəllif: Dilqəm Əhməd
Избранный
42
teleqraf.com

1Источники