RU

AKAF COP29 ilə əlaqədar genişmiqyaslı avarçəkmə yürüşü təşkil edib

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 ilə əlaqədar genişmiqyaslı avarçəkmə yürüşü keçirib.

Futbolinfo.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasilevanın da qatıldığı tədbirdə Dünya Avarçəkmə Federasiyasının (FİSA) prezidenti Jan-Kristof Rollan, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konietsko, Beynəlxalq Draqon Qayıqları Federasiyasının prezidenti Kladio Şermi, Asiya Avarçəkmə Federasiyasının və Qlobal Kanal Avarçəkmə Federasiyasının fəxri prezidenti Vanq Şi, Qlobal Kanal Avarçəkmə Federasiyasının səlahiyyətli nümayəndəsi Ken Li, həmçinin COP29-la əlaqədar Azərbaycana səfər edən 50-dən çox xarici qonaq iştirak edib. “Təmiz suda avar çək!” devizi altında keçirilmiş tədbir 17 noyabr – Milli Dirçəliş Günündə Dənizkənarı Bulvarda, “Bakı” Avarçəkmə və Kanoe İdman Klubunun yerləşdiyi ərazidə baş tutub.

Əvvəlcə ekoloji layihələrin qiymətləndirilməsi mövzusunda təqdimatlar həyata keçirilib. Çinin Şanxay şəhərindən gəlmiş məktəblilər hazırladıqları təqdimatlarda ətraf mühitin qorunması və iqlim dəyişikliyi mövzusunda fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.

Tədbirin rəsmi açılış mərasimində AKAF-ın baş katibi Fərhad Əliyev açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb. Daha sonda Jan-Kristof Rollan, Tomas Konietsko, Klaudio Şermi COP29 tədbirinin Azərbaycanda yüksək səviyyədə təşkil edildiyini xüsusi vurğulayıblar. Gənclər və idman naziri Fərid Qayıbov “Təmiz suda avar çək!” yürüşünü açıq elan edib, ardınca xatirə hədiyyələri təqdim olunub.

Çıxışlardan sonra Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilə Çinin 13 şəhərində 22 su idmanı mərkəzini idarə edən və Çində ən böyük su idmanı xidmətləri təminatçısı olan “Deep Dive” təşkilatı arasında Memorandum imzalanıb.

Rəsmi və bədii hissə yekunlaşdıqdan sonra 50-dən çox müxtəlif avarçəkmə qayığında yerli idmançıların və fəxri qonaqların iştirakı ilə avarçəkmə yürüşü keçirilib. Avar çəkənlər arasında Dünya Avarçəkmə Federasiyasının (FİSA) prezidenti, Sidney-2000 Yay Olimpiya Oyunlarının qalibi Jan-Kristof Rollan da olub.

Qeyd edək ki, “Təmiz suda avar çək!” yürüşünün keçirilməsində əsas məqsədi ekologiyanın, su hövzələrinin qorunması, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsidir.

Избранный
43
20
futbolinfo.az

10Источники