RU

Avtomobil bazarı əhəmiyyətli dəyişikliyə məruz qalıb- ÖZƏL

"BMT-nin məlumatlarına əsasən, avtomobil sənayesi qlobal ÜDM-in təxminən 3%-ni təşkil edir. Qlobal emissiyaların 16%-ni təşkil edən nəqliyyatdan qaynaqlanan istixana qazları emissiyaları vasitəsilə iqlim dəyişikliyinə mənfi təsirinə görə avtomobil bazarı əhəmiyyətli dəyişikliklərə məruz qalmaqdadır". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Çinin elektrikli avtomobil istehsalı və ixracında aparıcı qüvvəyə çevrilməsi fonunda ənənəvi güc mərkəzləri sərt rəqabət problemləri ilə üzləşmişdir. Belə ki, elektrikli avtomobillərin satış dinamikası inkişaf etdikcə, təchizat strukturu və qlobal ticarət əhəmiyyətli dəyişikliklərə məruz qalır. Məsələn, 2018-ci ildə ABŞ qlobal ixrac dəyərinin 30%-dən çoxunu təşkil etməklə elektrik avtomobilləri üzrə dünyanın ən böyük ixracatçısı idi. 2022-ci ildən başlayaraq ABŞ-nin qlobal ixracda payının 7%-dən aşağı düşməsi fonunda Almaniyanın payı eyni dövrdə 17%-dən 30%-ə qədər, Çinin payı isə 1%-dən 20%-ə qədər yüksəldi.
İxrac paylarındakı bu dəyişikliklər Yaponiya, Almaniya, Koreya və ABŞ kimi ənənəvi avtomobil güc mərkəzlərinin Çinin güclü rəqabəti ilə üzləşdiyini əks etdirir. Qeyd edək ki, 2018-ci ildə Çin bu avtomobillər üzrə ikinci idxalatçı ölkə olduğu halda, 2023-cü ildə əsas istehsalçılar sırasına daxil olmuşdur.
Elektrikli avtomobillər sənayesinin artım perspektivi ABŞ və Çin arasında artan iqtisadi, ticari və siyasi rəqabət fonunda qlobal geosiyasi narahatlıqlardan, yaşıl keçidin ölkələr üzrə müxtəlif və qeyri-bərabər tempindən asılıdır. İnkişaf etmiş ölkələr tərəfindən ticarətdəki dəyişikliklərə reaksiyalar Çinin elektrik avtomobillərinin əsas istehsalçısı və ixracatçısı kimi yüksəlməsinə mane olmaqdadır. Belə ki, cari ildə Çindən idxal olunan elektrik avtomobilləri (eləcə də müvafiq batareyalar) üçün tarif dərəcəsini ABŞ 25%-dən 100%-ə (batareyalar üzrə 7,5%-dən 25%-ə), Avropa ölkələri isə 17,4%-dən 37,6%-ə yüksəltmişdir. Tariflər yerli sənayeni qorumaq üçün tətbiq edilsə də, bu addımların həmin iqtisadiyyatlara, eləcə də elektrikli avtomobillər sənayesinə mənfi təsir edəcəyi gözlənilir.
Bu konteksdə Azərbaycanda Çin şirkəti BYD ilə birgə istehsal fəaliyyətinin başlanması xüsusi əhəmiyyət kəsb edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
10
olaylar.az

1Источники