RU

Ərdoğandan sülh planı – Beynəlxalq sammitdə təqdim edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 19-20-də Braziliyada keçiriləcək G20 Sammitində Ukraynadakı münaqişənin dayandırılması ilə bağlı sülh planını təqdim edəcəyi bildirilib. 

News24.az xəbər verir ki, “Bloomberg”in məsələ ilə bağlı məlumatlı mənbələrə əsaslanaraq verdiyi məlumata görə, Ərdoğanın planına Ukraynanın NATO üzvlüyünü ən azı 10 il müddətinə dayandırmaq, Şərqi Donbasda silahsızlaşdırılmış zona yaratmaq və Kiyevə hərbi texnika ilə dəstək daxildir.

Ərdoğanın təklifləri arasında məqsəd NATO üzvlüyünü təxirə salmaqla Ukraynanın daha çox ərazi itirməsinin qarşısını almaq və regionda sabitliyi təmin etməkdir. Plan Donbasda beynəlxalq qüvvələrin yerləşəcəyi bufer zonanın yaradılmasını və NATO-dan imtina müqabilində Ukraynaya silah tədarükünün artırılmasını nəzərdə tutur. Ankara bu yanaşmanın ən real həll yolu olduğunu bildirsə də, Kiyevin planı qəbul etməsinin çətin olduğunu bildirirlər.

“Bloomberg”in məlumatına görə, Ərdoğan Ukrayna prezidenti Volodimir Zelenskini İstanbulda sülh danışıqlarına qoşulmağa razı salmağa ümid edir. Ərdoğanın Zelenskiyə bu çağırışı Ukraynanın yaxın aylarda daha çox ərazi itirmək riski ilə üzləşdiyinə dair kəşfiyyat məlumatlarına əsaslanaraq etdiyi bildirilir. Türkiyə lideri münaqişənin daha da dərinləşməsinin qarşısını almaq üçün dərhal atəşkəsə çağırmağı planlaşdırır.

Bildirilir ki, Ərdoğanın planını Ukraynanın NATO-ya üzvlüyünün birbaşa münaqişəyə səbəb ola biləcəyindən narahat olan bəzi Qərb müttəfiqləri dəstəkləyə bilər. Digər tərəfdən ABŞ-ın seçilmiş prezidenti Donald Trampın da oxşar sülh planı hazırladığı iddia edilir. 

“Wall Street Journal”ın yazdığına görə, Trampın müşavirlərinin təklifi Ərdoğanın planına bənzər münaqişənin dondurulmasını, geniş silahsızlaşdırılmış zonanın yaradılmasını və Ukraynanın 20 il ərzində NATO-dan uzaqlaşdırılmasını ehtiva edir.

Xatırladaq ki, Ərdoğan daha əvvəl Ukrayna və Rusiya arasında vasitəçilik təklif edib və 2022-ci ilin yazında İstanbulda iki tərəf arasında üzbəüz görüşlər təşkil edib. Lakin o zaman əldə olunan razılaşmalar Böyük Britaniyanın baş naziri Boris Consonun məsləhəti ilə Kiyev tərəfindən rədd edilib. 

Rusiya prezidenti Vladimir Putin bu vəziyyəti “imkanların itirilməsi” kimi qiymətləndirib. 

Çin və Braziliya kimi digər ölkələr də Ukrayna böhranı ilə bağlı sülh planlarını təqdim ediblər, lakin tərəflər arasında razılıq əldə olunmayıb.

Aynurə

Избранный
71
39
news24.az

10Источники