RU

Tramp energetika naziri vəzifəsinə namizədini irəli sürüb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yeni administrasiyasını formalaşdırmaqda davam etdiyi vaxt neft-mədən xidmətləri şirkətinin qurucusu Kris Raytın Energetika Nazirliyinə rəhbərlik etmək üçün namizədliyini irəli sürüb.

Keçid komandası seçimi şənbə günü günortadan sonra rəsmi olaraq elan edib. Cümə günü Tramp daxili işlər naziri vəzifəsinə namizədi, Şimali Dakota ştatının keçmiş qubernatoru Daq Burqumun rəhbərlik edəcəyi yeni Milli Energetika Şurasının yaradılmasını elan edib.

Tramp açıqlamasında bildirib ki, Burqum bu vəzifədə enerji layihələrinə icazə, istehsal, hasilat, paylanma, tənzimlənmə və daşınma ilə məşğul olan bütün icra strukturlarını əhatə edən şuraya rəhbərlik edəcək. O, Milli Energetika Şurasının sədri kimi Burqumun Milli Təhlükəsizlik Şurasında yer alacağını bildirib.

Arxiv

Arxiv fotosu - Şimali Dakota ştatının qubernatoru Daq Burqum seçki günü öncəsi ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın Miçiqan ştatında Qrand Rapidsdə Van Andel Arenada son kampaniya mitinqində çıxış edir, 4 noyabr 2024.

Kolorado ştatının Denver şəhərində yerləşən Liberty Energy şirkətinin baş direktoru olan Raytın heç bir siyasi təcrübəsi yoxdur. O, neft və qaz sənayesinin, o cümlədən frekinq texnologiyasının müdafiəçisidir. 2019-cu ildə o, təhlükəli olmadığını göstərmək üçün frekinq mayesi içib.

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının 2024-cü il mart ayında hesabatına əsasən, Birləşmiş Ştatlar Beynəlxalq Enerji Statistikasına görə son altı il ərzində ardıcıl olaraq dünyada istənilən ölkədən daha çox xam neft hasil edib.

ABŞ-da orta aylıq xam neft hasilatı 2023-cü ilin dekabrında gündəlik 13,3 milyon bareldən çox olmaqla aylıq rekord həddə çatıb.

Əvvəlki təyinatlar

Tramp-Vans keçid komandası Stiven Çunqun Ağ Evə kommunikasiya direktoru kimi qayıdacağını açıqlayıb. O, 2024-cü il Tramp-Vans prezident seçki kampaniyası zamanı eyni vəzifəni tutub və Trampın birinci dönəm hakimiyyəti dövründə Ağ Evdə strateji planlaşdırma direktoru kimi çalışıb.

Tramp cümə günü axşam seçki kampaniyasının sözçüsü Karolin Levitin Ağ Evin mətbuat katibi olacağını açıqlayıb. O bundan öncə onun əvvəlki administrasiyasında mətbuat katibinin köməkçisi vəzifəsində çalışıb.

Tramp tez bir zamanda siyasi müttəfiqlərini kabinetində əsas vəzifələrə təyin edib. Onların əksəriyyətinin vəzifəyə təsdiq edilmələri üçün keçiriləcək dinləmələrdən sonra tez zamanda Senatın dəstəyini alacaqları ehtimal edilir.

Konqresin Nümayəndələr Palatasında və Senatda çoxluğu əldə edən Respublikaçılar yanvar ayında ABŞ hökumətinə tam nəzarət etməyə hazırlaşırlar.

“Respublikaçılar Nümayəndələr Palatasında və Senatda mandata malikdir”, Nümayəndələr Palatasının yeni seçilmiş spikeri Mayk Conson bu həftənin əvvəlində deyib. “Amerika xalqı bizdən “Öncə Amerika” gündəmini həyata keçirməyimizi və reallaşdırmağımızı istəyir”, o bildirib.

Tramp yanvarın 20-də yeni Konqresin formalaşmasından iki həftə sonra ölkənin 47-ci prezidenti kimi and içəcək.

78 yaşlı Tramp demokratların dayandırmaqda gücsüz olduqları geniş platformadan seçki kampaniyası aparıb.

Respublikaçılar Senatda 53-47 üstünlüyünə malikdir və hər hansı qanunvericilik təklifi üzrə səsvermə 50-50 olaraq dalana dirəndiyi halda vitse-prezident Vansın səsi həlledici olacaq.

435 üzvdən ibarət Nümayəndələr Palatasında Respublikaçılar azı 218 yer əldə ediblər. Konqresə iki illik müddətə seçkilərdə yeddi səsvermənin nəticələri hələ məlum deyil.

Trampın irəli sürdüyü namizədlərin əksəriyyətinin təsdiq olunacağı ehtimalına baxmayaraq, bəzi namizədlər dərhal tənqid atəşinə tutulub. Onların arasında Trampın baş prokuror vəzifəsinə namizəd göstərdiyi keçmiş konqresmen Matt Geytz, milli kəşfiyyatın direktoru vəzifəsinə irəli sürdüyü keçmiş Demokrat qanunverici Tulsi Gabbard, müdafiə naziri vəzifəsinə namizədliyi irəli sürülmüş keçmiş hərbi zabit və Fox News tele kanalının aparıcısı Pit Heqset və Səhiyyə naziri vəsifəsinə namizəd Robert Kennedi var.

Geytzin təyinatı Konqresdə araşdırma zamanı onun etik davranışı ilə bağlı qaldırılan suallara görə xüsusilə problemli ola bilər.

visiontv.az



Избранный
14
visiontv.az

1Источники