RU

Saleh Bağırov “O olmasın, bu olsun” filmindəki babasından danışdı: “Sabir obrazını yaradıb...”

“Babam Sadıq Bağırov uzun illər Akademik Milli Dram Teatrında çalışıb. Teatrda o qədər rollları olub, orada o qədər obrazlarla məşğul olub ki, heç vaxt filmlərdə böyük rollarda çəkilməyib. Onu çəkə bilmirdilər. Rejissorlar həmişə onu dəvət edirdilər. O teatra üstünlük verirdi. Zamanında gələn film təkliflərini dəyərləndirsəydi nə qədər filmdə qalardı. Yalnız 1-2 filmdə yaddaşlarda qalıb. Bunlardan ən məşhuru isə “O olmasın, bu olsun” filmidir. Orada babam Mirzə Ələkbər Sabirin obrazını yaradıb. Sabir roluna da evdəkilərin təkidi ilə çəkilib”
 
Bunu Moderator.az-a açıqlamasında görkəmli aktyor, böyük sənətkar Sadıq Salehin (Bağırov) nəvəsi, tanınmış teleaparıcı Saleh Bağırov deyib. O daha sonra əlavə edib.
 
 
“Babam “Nəsimi” filmində də çəkilib. Düzdür, epizodik roldur, filmin əvvəlində 3 molladan biri odur. Amma filmlərin böyük əksəriyyətini səsləndirib. “Uzaq sahillərdə”, “Böyük dayaq” filmlərindəki ən böyük obrazları o dublyaj edib. “Bəxtiyar” filmində kafe səhnəsindəki epizodda da çəkilib. Əsasən epizodik rolların ifaçısı olub. Amma bu rolları elə məharətlə oynayıb ki, oyun tərzi ilə əsas obrazları üstələyib. “Saleh” ləqəbini teatrda ona Rza Təhmasib verib. Deyib ki, sən o qədər əməlisaleh, doğru, düzgün sənətkar və insansan ki, bundan sonra afişalarda Sadıq Saleh adı ilə çıx. Onun təşəbbüsü ilə o illərdən bu günə qədər Sadıq Saleh adı və ləqəbi ilə yaddaşlara həkk olunub” deyə sənətkarın nəvəsi bildirib.
 
Saleh Bağırov deyir ki, babası haqqında bu gün yalnız xoş sözlər eşidir:
 
“Mən babamı görməmişəm. Amma babam haqqında hər zaman atamın, digər ailə üzvlərimin və sənət adamlarının dilindən eşitmişəm. Onun insanlığı, şəxsiyyəti, mərhəmətli olmağından danışıblar. Teatrda bilirsiniz ki, intriqalar, qalmaqallar hər zaman olub. Babam teatrın intriqalarından, qalmaqallarından həmişə uzaq olub. Teatrdan küsüb gedəndə onu Rza Təhmasib geri qaytarıb. Hər tamaşasına böyük sevgi ilə hazırlaşıb, səhnəyə çıxıb. Babam radioda canlı tamaşalar oynayırdı. Ən çətin mətnləri o dövrdə babam səsləndirib. Gecə saatlarında radiodan gəlib babamı oyadırdılar ki, oxunmalı mətnlər var. Bir faktı da deyim ki, uzun illər xalqımızı gecə saat 12-də yeni il münasibəti ilə babam o səslə təbrik edirmiş. Evdə danışırdılar ki, süfrə açılırdı, biz masa arxasında otura bilmirdik. Sadıq Saleh gedirdi radioya və bir cümlə deyirdi ki, “Əqrəb-əqrəb üstədir, yeni iliniz mübarək”. Bu cümləni deyərdi və daha sonra süfrə açılardı, yeni il qeyd olunardı. Uzun müddət bu belə davam edib. Babamın yolunu əmim, əməkdar artist Pərviz Bağırov davam etdirib. O da babam kimi Akademik Milli Dram Teatrında çalışır. Atam Ramiz Bağırov isə Dövlət Televiziyasının ali dərəcəli səs rejissoru işləyib” deyə aktyorun nəvəsi bildirib.
 
Избранный
13
moderator.az

1Источники