RU

Məhkəmə “Araz Supermarket”i cərimələyib

“Araz Supermarket” MMC yenidən gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib.

"Operativ Media"nın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

Qeyd edək ki, “Araz Supermarket” bundan əvvəllər də qanunvericiliyin müxtəlif maddələrini pozduğu üçün cərimələnib. Bu günlərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən də marketlər şəbəkəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-cü (İstehlakçıların hüquqlarının pozulması, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Bir müddət əvvəl isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Araz Supermarket” MMC-nin İcraçı direktoru və İdarə Heyətinin sədri Rəşad İbrahimov barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.  Buna səbəb isə R.İbrahimovun baş verən bədbəxt hadisə barədə müvafiq qurumu məlumatlandırmaması olub. İdarə Heyətinin sədri dövlət qurumunun qərarından narazı olsa da, məhkəmə ona cərimə kəsib.

Избранный
53
13
operativmedia.az

10Источники