RU

Vüqar Nadirov “Hypers Quba”nı “Şəmkir”ə dəyişdi

“Qarabağ”ın və Azərbaycan millisinin sabiq futbolçusu Vüqar Nadirov İkinci Liqada mübarizə aparan “Hypers Quba” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, 37 yaşlı mütəxəssisin vaxtilə özünün yaratdığı bu klubdan ayrılması birmənalı qarşılanmayıb.

İddiaya görə, o, maliyyə problemləri səbəbindən doğma komandasının baş məşqçi postunu tərk edib.

Artıq Vüqar Nadirovun yeni iş yeri də məlumdur. Belə ki, o, bundan sonra İkinci Liqanın digər təmsilçisi “Şəmkir”i çalışdıracaq. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Qərb bölgəsi təmsilçisi 37 yaşlı mütəxəssislə 6 ay + 1 illik müqavilə imzalayıb.

Bu təyinatdan sonra Vüqar Nadirovun “Hypers Quba”nı tərk etməsində elə “Şəmkir”dən aldığı təklifin də rol oynadığını demək olar.

Qeyd edək ki, Vüqar Nadirov “Şəmkir”in baş məşqçi postunda bir neçə gün öncə istefaya göndərilmiş Ceyhun Əhmədovu əvəz edib.

Yeri gəlmişkən, “Hypers Quba”nın da yeni baş məşqçisi məlum olub. İkinci Liqa təmsilçisi vakant postu Bəhram Şahquliyevə tapşırıb. O, mövsümün sonunadək Quba komandasını çalışdıracaq. Qusarlı çalışdırıcının qarşısına Birinci Liqaya vəsiqə uğrunda mübarizə aparmaq vəzifəsi qoyulub.

Xatırladaq ki, bu çempionat Bəhram Şahquliyevə tanışdır. O, ötən mövsümün ikinci yarısına qədər “Şahdağ Qusar”ın sükanı arxasında dayanıb.

İkinci Liqanın debütantı olan “Hypers Quba” bu mövsüm keçirdiyi 9 oyunda 18 xal toplayıb. Mövsümün geridə qalan hissəsində 6 qələbə əldə edən və 3 dəfə məğlubiyyətlə üzləşən şimal komandası turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

“Şəmkir” isə 9 oyunda 4 qələbə qazanıb, 1 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. Komanda 13 xalla 6-cı sırada qərarlaşıb.

Избранный
37
arena.az

1Источники