RU

Liderlərin SON GÖRÜŞÜ nəticəsiz bitdi - Müharibə MESAJI VERİLDİ

ABŞ Prezidenti Co Bayden noyabrın 16-da Peruda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Çin lideri Si Cinpinlə görüşüb. Bu, Baydenin Ağ Ev sahibi kimi Cinpinlə üçüncü və son görüşüdür.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Analizdə Çin və ABŞ liderlərinin müzakirə etdikləri mövzulara toxunulur:

"Cinpin Baydenə bildirib ki, Çinin Ukrayna böhranına baxışı ədalətlidir. Çin lideri Ukrayna böhranının danışıqlar yoluyla həllinə tərəfdar olduğunu söyləyib. Bayden isə bunun qarşılığında Cinpinə deyib ki, Vaşinqton Çinin Rusiya hərbi sənayesinə verdiyi dəstəkdən narahatdır. Yəni bu o deməkdir ki, Rusiya Çin vasitəsilə hərbi gücünü artırmaqla, Ukraynaya qarşı işğalçı müharibəsini davam etdirə bilir.

Tayvan məsələsinin Pekinın “qırmızı xətti” olduğunu xatırladan Cinpin adanın silahlandırılmasına seyirçi qalmayacağını bildirib.

O, ABŞ-a işarə edərək Tayvan separatçılarına dəstəyin bölgədə gərginliyi artırdığını vurğulayıb. Bayden isə buna cavab olaraq, Tayvan adasının status-kvosunun birtərəfli şəkildə dəyişdirilməsinin əleyhinə olduğunu söyləyib. Yəni Ağ Ev sahibi diplomatik dildə demək istəyib ki, Çinin Tayvanı zorla özünə birləşdirilməsinə qarşıdır və Vaşinqton da buna seyirçi qalmayacaq.

Beləliklə, ABŞ Prezidenti ilə Çin lideri arasındakı danışıqlarda irəliləyiş əldə olunmayıb. Tərəflərin mövqeləri əvvəlkitək fərqlidir".

Mərkəzin ekspertləri qeyd edirlər ki, bu əsrin əvvəllərində iki ölkə arasında iqtisadi əlaqələrdə ciddi problem yox idi:

"ABŞ 2000-ci ildə Çinin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmasının yolunu açmış və bunun sayəsində ticarət əlaqələri liberallaşdırılmışdı. Ancaq sonrakı illərdə amerikalı siyasətçilər Çinlə liberal qaydalara əsaslanan ticarət əlaqələrinin ABŞ-a zərər verdiyini etiraf ediblər, bunun Amerikada iş yerlərinin azalmasına, o cümlədən idxal-ixracın Çinin xeyrinə dəyişdiyini bildiriblər. Çinin dövlət tərəfindən idarə olunan iqtisadiyyatının gücləndiyi, Amerikanın intellektual mülkiyyətinin oğurlandığı və yerli sənayenin haqsız rəqabət nəticəsində zəiflədiyi iddia edilir. Brüssel Çinin Rusiyaya dəstək məsələsində Vaşinqtonla həmrəydir. Avropa İttifaqı strukturlarından yayılan son məlumata görə, Çinin Sincan bölgəsində Rusiya ordusu üçün pilotsuz təyyarələr istehsalına dair “qənaətbəxş sübutlar" var. Brüssel hesab edir ki, Çinin mərkəzi hökumətinin icazəsi olmadan Rusiya üçün PUA istehsalı mümkün deyil".

Избранный
44
5
paytaxt.org

7Источники