RU

17-dən aşağı, 35-dən yuxarı: nəbadə

Haqqında danışacağımız problem üçün digər səbəblər olsa da, lakin başlıcası elə bu rəqəmlərdir. Beləliklə, ailə, cəmiyyət və gələcəyimiz üçün çox təhlükəli olan yarımçıq doğulan uşaqlardan danışırıq. O uşaqlar ki, anası 17 yaşdan aşağı və 35 yaşdan yuxarı qadınlar olur. Belə olan halda hər hamiləlikdə yarımçıq doğulma ehtimalı var.

17 yaşdan söhbət düşmüşkən, erkən nikahlar 9 ayı ana bətnində tamam etmədən bu gözəl, uşaqların ayrılmaq belə istəmədiyi mühitdən özünü bayıra atan yarımçıq uşaqların doğulması ilə nəticələnir. Çünki ananın orqanizmi hələ buna hazır deyil. Eyni zamanda, 17 yaşdan aşağı atalardan olan uşaqların da ana bətnində 9 ay qala bilməməsi ehtimalı yüksəkdir. Həmçinin tütün istifadəsi, şəkər və qan təzyiqi xətəlikləri, çirkli ekoloji mühit, sosial çətinliklər, eləcə də rəsmi nikahların olmaması səbəbindən yaranan problemlər uşaqların yarımçıq doğulması, əksər vaxt isə onların ölümü ilə nəticələnir.

Burada digər bir səbəb də var ki, o, son 20 ildə ölkəmizdə dəbə düşən keysəriyyə əməliyyatıdır. Deməli, analar uşaqlarının ad günlərinin özlərinin və həyat yoldaşlarının, nənə və babanın doğum günlərinə düşməsi və yaxud da əlamətdar bir tarixə təsadüf etməsi üçün öz doğuş həkimlərinə müraciət edir ki, bəs uşaq filan tarixdə dünyaya gəlməlidir. Və yaxud da həmin çoxsaylı müraciətlərdə günü, ayı, ili bir-birinə bənzəyən, necə deyərlər, “zerkalnıy” tarixdə uşağını dünyaya gətimək istəyən qadınlar, ailələr olur.

Bütün bunlar isə uşaqların yarımçıq doğulması ilə nəticələnir. Burada kim itirir, kim qazanır, ondan danışaq. Təbii ki, valideynlər itirir, çünki yarımcıq uşaqların sonrakı həyatında müəyyən xəstəliklər meydana çıxır. Valideyn uzun illər xəstəxana yollarında qalır. Xəstəxanalar qazanır, nə mənada, çünki yarımçıq uşaqları küvəzə qoyub, onun özünə gəlməsi üçün valideyndən minlərlə manat qoparır.

Beləliklə, arada yazıq, bədbəxt bizim gələcəyimiz uşaqlar olur. Onlar ana bətnindən vaxtından əvvəl bayıra atılmaqla, çoxsaylı problemləri öz kiçik bədəninə toplayır. Uzun illər lazım olur ki, onlar müalicə olunsun, itirdikləri ay və həftələrədə ana bəntnində nail olacaqlarını iynə-dərman hesabına bərpa etsinlər.

Dərindən düşünəndə suallar yaranır: biz nə üçün onlara qıyırıq? Biz nə üçün olacaqları düşünmürük, biz nə üçün hamilə qalacağımızı bilə-bilə bunlara razı oluruq?

Bəli, 17 yaşlı qızını ərə verən ana-ata, onun ailə qurandan sonra hamilə qalacağını bilir. Lakin necə uşaq doğacağını, sağlammı, xəstəmi olacağını əsla fikirləşmir. 17 yaşlı oğlunun evlənməsinə razılıq verən valideynlər də eynilə, dölün yarımçıq doğulma ehtimalını heç ağıllarına belə gətirmirlər.

Tütün və spirtli içkilədən istifadə edən ana, düzgün həyat tərzi keçiməyən qadın, sosial problemlərin yarandığı və yaşandığı ailələr yarımçıq uşaqların doğulma səbəbidir. Özünü bıçaq altına salıb keysəriyyə ilə övladını dünyaya gətirən analar nə düşünür? Onlara uşaqlarının “zerkalnıy” tarixdə doğuzdurulması, öz ad günlərində dünyaya gətirilməsi nə qədər maraqlıdır?

Bəlkə bir qədər düşünək? Hər il ölkəmizdə minlərlə uşaq yarımçıq doğulur, ölür və yaxud həyatla mücadilə edir. Lakin bütün bunların qarşısında biz yuxarıda haqqında danışdığım həyatlara davam edir, bu barədə əsa fikirləşmirik.

Uşaqlara mərhəmət edək! Heç olması bu gün, Dünya Yarımçıq Doğulmuş Uşaqlar Günündə bəlkə bu barədə bir qədər düşünək?!

Mətanət Məmmədova

Избранный
22
sesqazeti.az

1Источники