RU

COP29 çərçivəsində “Bacarıqların artırılması” mövzusunda müzakirə aparılıb

COP29 çərçivəsində “PAŞA Holdinq”in təşkilatçılığı ilə “Bacarıqların artırılması” (Capacity building) mövzusunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir “PAŞA Bank” ASC-nin insan resursları üzrə baş direktoru Zibeydə Hacıyevanın moderatorluğu ilə keçib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılov Azərbaycanın qeyri-neft sektorunu inkişaf etdirdiyini, neft hasilatının azaldığını, qaz hasilatının isə çox artmadığını bildirib. “Buna görə iqtisadiyyatın digər sahələrini, xüsusən də yüksək texnoloji iqtisadiyyatı inkişaf etdirməyi düşünməliyik. Bunun üçün yaxşı təhsilə, universitetlərə və araşdırmalara ehtiyacımız var”, - deyə o qeyd edib.

Təmiz enerjinin texnologiyalardan, yeniliklərdən, startaplardan asılı olduğunu qeyd edən prorektor bütün bunların Azərbaycan üçün çox vacib olduğunu deyib: “Biz Lənkəranda fermerlərin, gənclərin imkanlarını genişləndirməyə, davamlı inkişafa xüsusi diqqət yetirməklə bir çox təlimlər keçirməyi planlaşdırırıq. Məhz buna görə də mən bütün şirkətləri, özəl sektoru bu təşəbbüsdə iştirak etməyə və Azərbaycanın gələcəyinə sərmayə qoymağa dəvət edirəm”.

AZAL-ın İnsan resursları departamentinin müdiri Ellada Alışova, “Dentons” şirkətinin Bakı ofisinin ortağı və icraedici məsul şəxsi Ülviyyə Zeynalova-Boçkin və digər çıxış edənlər dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün fərdi və institusional bacarıqların artırılmasının əhəmiyyətini vurğulayıblar.

Panel müzakirəsində, həmçinin ekoloji dayanıqlığı gücləndirmək üçün lazımi bilik və bacarıqların inkişaf etdirilməsi ilə bağlı müxtəlif yanaşmalar təqdim olunub.

Избранный
24
ikisahil.az

1Источники