RU

Moldova ixrac həcmini azaldıb

Fins.az - Moldova 2024-cü ilin sentyabr ayında 280,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 19,3% azdır.

Bu barədə Milli Statistika Bürosu məlumat yayıb. Statistikaya görə, ilin ilk doqquz ayında Moldova ümumilikdə 2,618 milyard dollar dəyərində məhsul ixrac edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 13,2% azalma nümayiş etdirib. Yerli məhsulların ixracı 4,3% azalaraq 1,981 milyard dollara, xarici məhsulların reeksporu isə 32,6% azalaraq 637,8 milyon dollara enib.

Avropa İttifaqı ölkələri Moldova üçün əsas ixrac bazarı olaraq qalır. 2024-cü ilin yanvar-sentyabr aylarında bu ölkələrə 1,745 milyard dollar dəyərində məhsul ixrac olunub ki, bu da ümumi ixracın 66,6%-ni təşkil edir. MDB ölkələrinə ixrac isə 193,3 milyon dollar olub və ümumi həcmin 7,4%-ni əhatə edib.

Əsas ixrac istiqamətləri arasında Rumıniya (32,2%), Ukrayna (9,3%), İtaliya (7%), Çexiya (5,6%), Türkiyə (5,6%) və Almaniya (5,1%) yer alır. Bununla belə, bəzi ölkələrə ixrac ciddi şəkildə azalıb. Məsələn, Özbəkistana ixrac 54,2%, Qazaxıstana 54%, Ukraynaya 50,3% və İspaniyaya 49,7% enib. Əksinə, İordaniyaya ixrac 7,7 dəfə, Vyetnama 2,5 dəfə, ABŞ-a isə 1,8 dəfə artıb.

2024-cü ildə Moldova neft məhsulları, bitki yağları, taxıl, elektrik cihazları, heyvan yemi, geyim, ayaqqabı və plastik məhsulların ixracını azaldıb. Bunun əksinə, meyvə-tərəvəz, alkoqollu və alkoqolsuz içkilər, toxum, sənaye maşınları, elektrik enerjisi, metal məhsulları və dərman preparatlarının ixracında artım müşahidə olunub.

Xatırladaq ki, 2023-cü ildə də Moldova ixracı 11%-ə yaxın azalmışdı. Ekspertlər bunu xarici bazarlarda tələbin azalması, qiymət enişləri, leyin möhkəmlənməsi və digər iqtisadi faktorlarla əlaqələndirmişdilər.

 

Избранный
23
fins.az

1Источники