RU

Birliyin və həmrəyliyin gücləndirilməsi

Azərbaycanın iqlim dəyişmələrinin yaratdığı problemlərin həllinə töhfələri beynəlxalq səviyyədə təqdir edilir. Müasir dövrümüzün ən mühüm problemlərindən olan iqlim dəyişikliyi artıq bütövlükdə Yer kürəsi üçün qlobal təhdidə çevrilib. Uzun zamandan bəri iqlim dəyişmələri ilə mübarizə qlobal gündəlikdə duran ən vacin məsələlər sırasındadır. Bəşəriyyətin ortaq problemi olan iqlim böhranı və onun fəsadları ölkələrin dayanıqlı inkişafına və rifahına əngəl törədir.

BMT-nin bəyan etdiyi Davamlı İnkişaf Məqsədlərinə qoşulan Azərbaycan milli səviyyədə ekoloji siyasətinin konkret istiqamətini müəyyənləşdirib. COP29 tədbirinə ev sahibliyi etməyin məsuliyyətini öz üzərinə götürməklə Azərbaycan problemə həssas yanaşmasını bir daha nümayiş etdirir. Hazırda Azərbaycan beynəlxalq iqlim konfransına yüksək səviyyədə ev sahibliyi ilə diqqətdədir.
Dövlət başçısı İlham Əliyev noyabrın 12-də keçirilən COP29-un Liderlər Sammitindəki çıxışında bu mötəbər tədbirə Azərbaycanın ev sahibliyi barədə qəbul edilən qərarın mahiyyətini açıqlayaraq bildirdi ki, ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük. Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib.
Azərbaycanın müəllifi və iştirakçısı olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Regional çərçivədə qurulan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirərək çoxtərəfli formata çevrildi. Nəhəng ixrac infrastrukturuna malik olan, Avropanın enerji xəritəsini dəyişən Cənub Qaz Dəhlizinin təşəbbüskarı və aparıcı qüvvəsi məhz Azərbaycandır. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi ilə Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Bu fikir beynəlxalq səviyyədə də etiraf edilir ki, Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu enerji layihələri ölkələri və xalqları birləşdirən körpü rolunu oynayır. Bu layihələr yalnız iştirakçı ölkələrin deyil, dünya dövlətlərinin də uzunmüddətli iqtisadi inkişafına geniş imkanlar açdı. İstənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. Çünki güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və siyasətimizin proqnozlaşdırılması, bütün bu amillər körpülərin və mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulmasına gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat, bütün bu amillər çox vacibdir.
Cənab İlham Əliyev Liderlər Sammitində Azərbaycanın zəngin bərpaolunan enerji potensialından bəhs etdi. Bildirdi ki, bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir. Ötən il BƏƏ-nin Masdar şirkəti regionumuzda 230 meqavatlıq Günəş enerji stansiyasının açılışını etdi. Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir.
COP29 çərçivəsində Birləşmiş Krallığın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı saziş imzalanacaq. Bu layihə sayəsində dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında dekarbonlaşma təmin ediləcək. Ölkəmiz 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırır. Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb.
Azərbaycanın iqlim dəyişmələrinin yaratdığı problemlərin həllinə verdiyi töhfələr təqdir edilir və COP29-un ölkəmizdə keçirilməsi də bunun təsdiqidir. Ölkəmiz qlobal problemlərin həllində beynəlxalq həmrəyliyin gücləndirilməsini qarşıya əsas hədəf kimi qoyub və bunu atdığı addımları ilə təsdiqləyir. Bu baxımdan BMT-nin Baş katibi Antonio Quterreş bu əminliyi ifadə edir ki, uğurlu bir COP-a imza atacağıq. Hər kəsə bu COP-da ehtiyacımız vardır. Antonio Quterreş belə bir çağırışı da səsləndirdi ki, artıq itirməyə vaxtımız qalmayıb. İnsanlar, dövlətlər iqlim dəyişmələrinə qarşı mübarizə üçün vəsait ayırmalıdırlar. Əks halda, bu, bəşəriyyətə baha başa gələcək. İqlim maliyyələşməsi xeyirxah əməl deyil, bu, bir investisiyadır. Bu, ixtiyari məsələ deyil, məcburi məsələdir. Hər ikisi əvəzolunmaz tədbirdir, bunlar bəşəriyyətin gələcəyi və firavanlığı üçün lazımdır.
Cənab İlham Əliyev noyabrın 13-də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində iştirak etdi. Sammitdəki çıxışında “Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb” söyləyən dövlətimizin başçısı bildirdi ki, kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. İnkişaf etmiş bütün ölkələr, xüsusən də müstəmləkə keçmişi olan ölkələr kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməlidir ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Xəzər dənizi ilbəil daha da dayazlaşır, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir. Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. O da qeyd edildi ki, Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırırıq. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün “Azərkosmos”un peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanıb.
Hər bir tədbir özündə mühüm çağırışları, mesajları ehtiva edir. Əsas hədəf bu çağırışların zamanında yerinə yetirilməsinə nail olmaqdır. Bu isə öz növbəsində birliyin, həmrəyliyin gücləndirilməsini bir tələb kimi qarşıya qoyur.

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Избранный
13
sesqazeti.az

1Источники