RU

Azərbaycanda hamı pulsuz oxuyacaq

"2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən dövlət sifarişi ilə ali təhsil xərcləri üçün 570 milyon manat ayrılması nəzərdə tutulur". 

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaya və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə bağlı müzakirələrdə maliyyə naziri Samir Şərifov bildirib. Onun sözlərinə görə, bu, 2024-cü illə müqayisədə 21,8 % çoxdur. 

"Həmin vəsaitin 41 milyon manatı güzəştli kateqoriyadan olan vətəndaşlarımız üçün nəzərdə tutulub. Bundan başqa, aztəminatlı təbəqənin təhsil davamlılığını təmin etmək üçün Təhsil Tələbə Kredit Fondunun nizamnamə kapitalı 126 milyon manata çatdırılacaq", - deyə nazir qeyd edib. 

Qeyd edək ki, son illər dövlət sifarişli yerlərdə artım olsa da, bəzi ekspertlər ümumilikdə ölkədə ali təhsillilərin sayının az olduğunu deyirlər. Ali təhsil xərclərinin artırılması təhsilli insanların sayını artıracaqmı? Ümumiyyətlə, puluz təhsil imkanlarını çoxaldacaq?

Təhsil üzrə ekspert Elşən Qafarov "Cebheinfo.az"-a bildirib ki, "Təhsilin inkişafı üzrə dövlət strategiyası" 24 oktyabr 2013-cü ildə qəbul edilən zaman orada nəzərdə tutulan tədbirlərdən biri də dövlət sifarişi ilə olan tələbə yerlərinin sayının artırılması, tədricən ödənişli təhsilin aradan qaldırılması və onun dövlət təhsili ilə əvəz olunması idi:

"Bu proses artıq bir neçə ildir ki, başlayıb. 

Əgər 3-4 il bundan öncə ölkədə oxuyan hər 100 tələbədən 75-78-i ödənişli təhsil alırdısa, artıq bu ildən 45-i ödənişli təhsil alır. Zamanla dövlət sifarişli yerlərin sayı artacaq və ödənişli təhsil demək olar ki, aradan qalxacaq. Bu, tədricən olacaq. 

Büdcədə bu sahədə olan artımlar həmin hədəflərə gedib çatmaq üçün hökumətin gördüyü tədbirlərdən biridir. Eyni zamanda, 2022-ci ildən başlayaraq Təhsil Tələbə Kredit Fondu fəaliyyət göstərir ki, hazırda ödənişli təhsil alan şəxslərə də uzunmüddətli kreditlər verməklə əslində o tələbələrin təhsil almasına dəstək göstərilir”. 

O qeyd edib ki, yaxın bir neçə ildə ödənişli təhsil dövlət sifarişi ilə olan təhsillə əvəz olunacaq: 

“Yəni, vətəndaş ödəniş etməyəcək. Dövlət əmək bazarının tələbinə uyğun olaraq ona lazım olan ixtisaslar üzrə kadrların təhsil almasını özü maliyyələşdirəcək. "Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş hədəflərdən biri də ölkədə ali təhsil üzrə tələbə qəbulunun illik miqdarının 45 mindən 75 minə çatdırılması hədəflənib. Bu il 60 min tələbə qəbul edildi. 

Növbəti iki ildə də onların sayının 75 minə çatdırılması nəzərdə tutulub. İllik tələbə qəbulunun 75 minə çatdırılması onu göstərir ki, tələbə yerlərinin sayı artır. Həm də Qarabağ Universiteti, Türkiyə-Azərbaycan Universitetindən başqa, İtaliya-Azərbaycan Universiteti, Azərbaycan-Rusiya Universitetiinin də açılacağı gözlənilir ki, bu da ölkədə ali təhsillilərin sayının artmasına hədəflənib". 

Избранный
36
cebheinfo.az

1Источники