RU

Neftin büdcə qiyməti aşağı salındı: Bu, sosial sahəyə necə təsir edəcək?

Dövlət büdcəsində ilk dəfə neftin ilkin qiyməti 70 dollar götürülüb. Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib.

Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Nəzərə alsaq ki, hazırda dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti təxminən 75 dollara qədərdir. Büdcədə neftin qiymətinin 70 dollar götürülməsi həm də büdcə gəlirlərinin dəyişməsi deməkdir. 

Bu dəyişiklik sosial sahəyə təsir edəcəkmi? Xüsusi ilə pensiya və dövlət büdcəsindən maliyyələşən əmək haqqılara hansı təsirləri ola bilər?

Mövzu ilə bağlı Valyuta.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, praktik olaraq 2025-ci ildə neftin büdcədəki qiyməti hər barel üçün 5 dollar azaldılacaq:

"2024-cü ilin büdcəsində neftin bir barrelinin qiyməti 75 dollar nəzərdə tutulub. Amma neftin büdcə qiymətinin azalmasına baxmayaraq, büdcə gəlirləri və xərclərində artımlar qeydə alınacaq. Büdcə gəlirlərində artımlar həm qeyri-neft sektorundan daxil olmalarının artması, həm də Dövlət Neft Fondundan transferlərin həcminin çoxalması ilə bağlıdır ki, bu da büdcə gəlirlərində artımlara gətirəcək. Bütünlükdə büdcə gəlirlərinin 51 faizi məhz qeyri-neft sektorunun payına düşəcək. Eyni zamanda büdcə xərclərinin artması müdafiə və təhlükəsizlik xərclərinin artması, eləcə də sosial istiqamətdə ayrılan vəsaitlərin həcminin artımının proqnozlaşdırılması ilə bağlıdır. Nəzərə alsaq ki, Prezident İlham Əliyev tərəfindən minimum əmək haqqları və pensiyanın artırılması ilə bağlı göstəriş verilib, eyni zamanda sosial paketin növbəti il dərinləşəcəyi gözlənilir ki, bu da təbii olaraq bu istiqamətdə daha çox vəsaitin ayrılmasının nəzərədə tutulması anlamına gəlir". 

Vüqar Bayramov qeyd edib ki, növbəti il dövlət büdcəsindən sosial istiqamətdə daha çox vəsaitin ayrılması həyata keçiriləcək:

"Bu da bütünlükdə sosial paketin dərinləşməsinə və Prezidentin göstərişinə uyğun olaraq  minimum əmək haqqı, minimum pensiya və bir sıra sektorlarda çalışan vətəndaşlarımızın əmək haqqlarında artımlarla müşahidə olunacaq".

Davud

Избранный
25
valyuta.az

1Источники