RU

Taksiyə tələbat azalacaq — AÇIQLAMA

 İctimai nəqliyyatdan istifadə artıb. Sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev deyib ki, bu, taksilərə olan tələbatı aşağı salıb. Onun sözlərinə görə taksilərlə bağlı həyata keçirilən tənzimləmələr qısamüddətli səfərlərdən istifadə edən sərnişinlərin tədricən ictimai nəqliyyata keçməsi ilə nəticələnib. A.Rzayev qeyd edib ki, Azərbaycanda taksidən istifadə edən 5.25 milyon sərnişin azalması qeydə alınıb. Onlardan 50 faizi avtobusa, 20 faizi isə metroya keçid edib. Taksilərlə daşımada orta qiymət 2.2 manat artıb. Orta səfər məsafəsi isə 34 faiz çoxalıb. Bununla yanaşı, taksilərin orta təqdim olunma vaxtı 1.2 dəqiqə yüksəlib. 

Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında bildirib ki, hazırda taksilərə tələbatın azalması bayram tətili və payız tətili ilə əlaqədardır:



“Taksiyə tələbat getdikcə azalacaq. Çünki paytaxt Bakı şəhərinə artıq xeyli sayda yeni avtobuslar gətirilib. Bu da imkan verir ki, marşrutlarda avtobuslararası interval azaldılsın. Balansda olan 170 avtobusun payızda mərhələ ilə təmir olunub xəttə buraxılacağını qeyd etmişdik. Bununla yanaşı, ölkəyə 160 ədəd elektrobus gətirilib. Bunlar ekoloji cəhətdən təmiz nəqliyyat vasitələridir. Bu ilin sonuna qədər də daha 170 avtobusu özəl daşıyıcı şirkətlər özləri gətirəcək. Göründüyü kimi, bu, kifayət qədər böyük rəqəmdir. Avtobusların sayı artıqca və insanlar ictimai nəqliyyatın digər seqmenti olan metroya üstünlük verdikcə taksilərə olan tələb azalacaq”.

Törə Zeynallı
Demokrat.az

Избранный
12
demokrat.az

1Источники