RU

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2025-ci ilin büdcə layihəsi müzakirə edilib » AzadMedia.az



Noyabrın 18-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Azər Əmiraslanov iclasda “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirə olunacağını söyləyib.
Komitə sədri qanun layihəsinin ölkə Prezidenti tərəfindən parlamentə təqdim edildiyini söyləyib. O, bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarova komitəyə məsələ ilə bağlı əhatəli, məhsuldar, səmərəli müzakirələrin keçirilməsinə dair öz tövsiyələrini verib. Bununla yanaşı, spikerin təşəbbüsü ilə bugünkü büdcə müzakirələrində Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri və təmsilçiləri də iştirak edir.
Azər Əmiraslanov 2025-ci ilin dövlət büdcəsi layihəsinin və büdcə zərfinə daxil olan qanun layihələrinin qanunvericiliyin tələblərinə uyğun tərtib edildiyini, təqdim edilmiş layihələr üzrə Hesablama Palatasının rəyinin hazırlandığını deyib. O, bu günlərdə Azərbaycanın evsahibliyi ilə mühüm əhəmiyyətə malik COP29 konfransının yüksək səviyyədə təşkil edildiyini də vurğulayıb.
Komitə sədri diqqətə çatdırıb ki, 2025-ci il üçün dövlət büdcəsinin gəlirləri 38316,0 milyon manat, xərcləri 41367,6 milyon manat, büdcə kəsirinin yuxarı həddi isə 3051,6 milyon manat proqnozlaşdırılır. O, təqdim edilən makro-iqtisadi proqnozlar nəzərə alınaraq, büdcə layihəsinin pozitiv rəqəmlərə əsaslandığını, makro-iqtisadi sabitlik şərtlərinə cavab verdiyini, gəlir və xərclərin artımla proqnozlaşdırıldığını qeyd edib. Bildirilib ki, növbəti il üçün dövlət büdcəsinin əsas xüsusiyyətlərindən biri də onun iqtisadi strategiyanın müddəalarının, milli inkişaf prioritetlərinin, maliyyə ehtiyaclarının vaxtında qarşılanmasının nəzərə alınmasıdır. Mühüm strateji vəzifələrin daxili imkanlar hesabına reallaşdırılması, büdcə dayanıqlığının təmin edilməsi üçün fiskal və qeyri-fiskal tədbirlərin paralel həyata keçirilməsi də önəmli məsələlər hesab edilir. Büdcə layihəsinin sosialyönümlülüyü, sənəddə müdafiə və təhlükəsizlik məsələlərinin prioritet təşkil etdiyi, dövlətin mühüm funksiyaları üçün zəruri maliyyə təminatının yaradılması da xüsusi qeyd edilib.

Sonra iclasda maliyyə naziri Samir Şərifov “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edib. Nazir, əvvəlcə, cari il sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkiləri nəticəsində formalaşmış VII çağırış Milli Məclisin yeni tərkibini təbrik edib, deputatlara fəaliyyətlərində uğurlar diləyib.
Samir Şərifov 2025-ci il dövlət və icmal büdcələrinin layihələrinin, həmçinin növbəti üç il üçün icmal büdcənin əsas göstəricilərinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim olunduğunu bildirib. O, deyib ki, bununla yanaşı, Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Büdcə sistemi haqqında” qanunlarda və digər qanunvericilik aktlarında dəyişikliklərin edilməsi barədə layihələr də büdcə zərfinin tərkib hissəsi olaraq Milli Məclisə daxil olub.
Qeyd olunub ki, 2025-ci ilin dövlət və icmal büdcələrinin tərtibi zamanı İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş baza proqnozu əsas götürülərək, ölkədə ÜDM-in artım tempi 3,5 faiz, qeyri-neft-qaz ÜDM-in artım tempi 4,9 faiz, orta illik inflyasiya 4,6 faiz, xam neftin 1 barrelinin qiyməti 70 ABŞ dolları, təbii qazın 1 min kubmetr ixrac qiyməti 242 ABŞ dolları, manatın məzənnəsi isə 1 dollar üçün 1,7 manat səviyyəsində qəbul edilib.
Büdcə-vergi siyasətinin əsas istiqamətlərinə dair məlumata əsasən, 2025-ci və sonrakı üç ili əhatə edən ortamüddətli dövr üzrə büdcə siyasətinin məqsəd, istiqamət və hədəfləri bir sıra çağırışlar nəzərə alınmaqla müəyyən edilib. Belə ki, növbəti dövrdə ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, ölkə iqtisadiyyatına reinteqrasiyası və bu ərazilərə Böyük Qayıdışın təmin edilməsi, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası, qeyri-neft sektorundan əldə olunan gəlirlərin ümumi büdcə gəlirlərində payının artırılması və bir sıra digər çağırışlar aktual olaraq qalır.
Bildirilib ki, 2025-ci ilin dövlət büdcəsinin xərcləri 41367,6 milyon manat nəzərdə tutulur ki, bu da 2024-cü illə müqayisədə 1625,3 milyon manat və ya 4,1 faiz çoxdur. Büdcə xərclərinin strukturunda cari xərclər 60,1 faiz və ya 24845,2 milyon manat, əsaslı xərclər 34,1 faiz və ya 14122,8 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclər 5,8 faiz və ya 2399,6 milyon manat təşkil edəcək.
Qeyd olunub ki, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, ordu quruculuğunun daha da müasirləşdirilməsinin vacibliyi nəzərə alınaraq, bu istiqamətdə xərclərin artırılması labüd hesab edilib. Buna əsasən, müdafiə və milli təhlükəsizliklə bağlı xərclərə 8396,0 milyon manat məbləğində vəsait nəzərdə tutulub. Bu, cari ilin proqnozuna nisbətən 1270,0 milyon manat çoxdur. Bununla yanaşı, layihədə silahlı qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılması məsələləri də diqqətdə saxlanılıb. Növbəti ilin prioritet xərclərində xüsusi önəm verilən işğaldan azal olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması məqsədilə 4 milyard manat vəsait nəzərdə tutulub.
Digər prioritet istiqamət – Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında nəzərdə tutulmuş sosialyönümlü tədbirlərin maliyyələşdirilməsi üçün 893 milyon manat və investisiyayönümlü layihələr üçün 1100,0 milyon manat, cəm olaraq 1993,0 milyon manat ayrılması nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər icrası üçün 150 milyon manat vəsait ayrılacaq.
Diqqətə çatdırılıb ki, vətəndaşların rifahının yaxşılaşdırılması, sosial müdafiəsinin təmin edilməsi də növbəti ildə prioritet məsələlər olaraq nəzərdə saxlanılır. Belə ki, 2025-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri 2024-cü illə müqayisədə 1370,0 milyon manat və ya 8,8 faiz artırılaraq 16909,7 milyon manata çatdırılır. Əməkhaqqı, pensiya və sosial müavinətlər, ünvanlı sosial yardım və təqaüd xərcləri üzrə minimum əmək haqqı, minimum pensiya, minimum ehtiyac meyarı, yaşayış minimumunun artımları üçün müvafiq məbləğdə vəsait nəzərdə tutulub. Əhalinin sosial cəhətdən həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən sosial müdafiə və sosial təminat xərcləri üçün 4812,0 milyon manat vəsaitin ayrılması planlaşdırılır. Əhalinin gəlir əldə etmək imkanlarının artırılması, sosial cəhətdən həssas təbəqələrin sosial müdafiəsinin gücləndirilməsi üçün 2600,0 milyon manat vəsait nəzərdə tutulub. Bir sıra təqaüdlərin maliyyələşdirilməsi üçün 1943,0 milyon manat, ünvanlı dövlət sosial yardımların verilməsi üçün 457,0 milyon manat, Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2022-2025-ci illər üzrə tədbirlərin planının icrası çərçivəsində 200,0 milyon manat vəsait proqnozlaşdırılır.
Bildirilib ki, büdcə layihəsində təhsil xərclərinə 4946,1 milyon manat proqnozlaşdırılır və bu, 2024-cü illə müqayisədə 395,7 milyon manat və ya 8,7 faiz, çoxdur. Elmin maliyyələşdirilməsi üçün 244,4 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2024-cü illə müqayisədə 8,3 milyon manat və ya 3,5 faiz çoxdur. Səhiyyə xərcləri üçün 1999,4 milyon manat vəsait nəzərdə tutulur ki, bu, 2024-cü illə müqayisədə 133,0 milyon manat və ya 7,1 faiz çoxdur. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,5 faiz olmaqla 635,3 milyon manat təşkil edəcək.

Dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üçün 2685,4 milyon manat nəzərdə tutulub. Tikinti, bərpa, yenidənqurma, əsaslı təmir və müxtəlif əsaslı alışların həyata keçirilməsi üçün 1662,3 milyon manat, kənd təsərrüfatı, mənzil və kommunal təsərrüfatı, ətraf mühitin mühafizəsi xərclərinə cəm olaraq 1953,8 milyon manat, nəqliyyat və rabitə xərcləri üçün 515,6 milyon manat vəsait ayrılacaq.
Vurğulanıb ki, 2025-ci ilin dövlət büdcəsinin layihəsində beynəlxalq münasibətlər, xarici yardımlar, Azərbaycan Respublikasının xaricdəki ticarət nümayəndələrinin saxlanılması və Azərbaycanın həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalından Azərbaycan tərəfinin payı ilə bağlı xərclər üzrə 754,2 milyon manat vəsait proqnozlaşdırılır.
Diqqətə çatdırılıb ki, 2025-ci ildə gəlirlər sahəsində həyata keçiriləcək əsas istiqamətlər ölkənin iqtisadi inkişafını sürətləndirmək, rəqabət qabiliyyətini gücləndirmək, investisiya mühitini daha cəlbedici etmək məqsədi daşıyır. Əsas prioritet istiqamətlər olaraq, investisiya mühitinin və sahibkarlıq fəalyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi, vergi və gömrük inzibatçılığı mexanizminin, həmçinin, dövlət rüsumlarının idarəedilməsi sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur.
Layihəyə əsasən, 2025-ci il üçün dövlət büdcəsinin gəlirləri 38316,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin proqnozu ilə müqayisədə 1928,0 milyon manat və yaxud 5,3 faiz çoxdur. Gəlirlərin 49 faizi və ya 18773,0 milyon manatı neft-qaz sektorunun, 51 faizi və ya 19543,0 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür.
Növbəti ilin dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirləri 795,0 milyon manat nəzərdə tutulur, büdcənin yerli xərcləri 800,3 milyon manat məbləğində proqnozlaşdırılır.
2025-ci il üçün dövlət büdcəsi kəsirinin yuxarı həddi 3051,6 milyon manat məbləğində nəzərdə tutulub. Dövlət büdcəsi kəsirinin ÜDM-də xüsusi çəkisi 2,4 faiz təşkil edəcək.
2025-ci il üçün icmal büdcəsinin gəlirləri 43910,5 milyon manat, xərcləri 47589, 4 milyon manat proqnozlaşdırılır, icmal büdcənin kəsiri isə 3678,9 milyon manat təşkil edəcək.
Sonra iclasda iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxış edərək ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının təmin edilməsi, makroiqtisadi sabitliyin və maliyyə dayanıqlığının daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. O, iqtisadi inkişaf və təhlükəsizlik sahəsində dövlət siyasətinin prioritetlərinin və məqsədlərinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradıldığını qeyd edib. Ölkə iqtisadiyyatında həyata keçirilən bəzi struktur islahatlar, özəl sektorun təşviqi, sahibkarlığa dəstək tədbirləri barədə söhbət açıb. Nazir müavini 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası, habelə büdcənin gəlir və xərclərinə dair proqnoz göstəricilərlə bağlı fikirlərini bölüşüb.
Sonra Mərkəzi Bankın sədri Taleh Kazımov 2025-ci il üzrə dövlət büdcəsinin layihəsinə münasibət bildirib. O, öncə cari ilin ötən dövrü üzrə qlobal iqtisadiyyatda və ölkədə daxili iqtisadi mühitdə baş verənlər barədə danışıb. Bildirib ki, cari ildə bir sıra amillər, xüsusilə də aparıcı iqtisadiyyatlarda həyata keçirilən sərt pul-kredit siyasəti, davam edən geosiyasi münaqişələr və geoiqtisadi parçalanmalar qlobal iqtisadiyyata da öz təsirini göstərib. Buna baxmayaraq 2024-cü ildə qlobal iqtisadi artım davam edib, iqtisadi artım üzrə proqnozlarda nikbinlik müşahidə olunur.
Qeyd olunan xarici amillər cari ilin ötən dövründə ölkə iqtisadiyyatının xarici şəraitinə, yəni tədiyə balansına müsbət təsir göstərib. 6 ayda cari əməliyyatlar hesabında 2.6 mlrd. ABŞ dolları həcmində və ya ümumi daxili məhsulun 7.5%-i səviyyəsində profisit yaranıb. 9 ayda xarici ticarət balansında müsbət saldo 5.2 mlrd. ABŞ dolları təşkil edib, strateji valyuta ehtiyatları 6.5% artaraq 72.9 mlrd. ABŞ dollarını üstələyib. Mərkəzi Bankın rəhbəri qeyd edib ki, ümumilikdə, valyuta bazarında sabitlik qorunub və xarici balans üzrə proqnozlar nikbindir.
Taleh Kazımov bildirib ki, daxili iqtisadi mühitdə də müsbət dinamika müşahidə olunub. Mərkəzi Bank tərəfindən real sektor üzrə həyata keçirilən monitorinqlər də iqtisadi aktivliyin müsbət zonada olduğunu göstərir. O, Mərkəzi Bankın iqtisadi artımın perspektivləri ilə bağlı gözləntilərinin də nikbin olduğunu deyib. Belə ki, bankın baza ssenari üzrə oktyabr proqnozuna əsasən, 2024-cü il üçün iqtisadi artımın 3.9%, o cümlədən qeyri neft-qaz sektoru üzrə 6.5% olacağı proqnozlaşdırılır.
Bank sektorunun dayanıqlığı və sabitliyi barədə göstəriciləri diqqətə çatdıran Mərkəzi Bankın sədri vurğulayıb ki, 2024-cü ildə də əhalinin və sahibkarların maliyyəyə çıxışının genişləndirilməsi diqqətdə saxlanılıb. Sığorta sektoru üzrə qeyd olunub ki, ötən ilin eyni dövrünə nəzərən 9 ayda sığorta haqları 9.4%, sığorta ödənişləri isə 38.2% artıb.
Gələn ilin büdcə layihəsi ilə bağlı danışanda Mərkəzi Bankın sədri bildirib ki, 2025-ci il və ortamüddətli dövrə təqdim edilən makro-fiskal çərçivə qarşıda duran əsas vəzifələrə cavab verir. Bura sosial rifahın gücləndirilməsi, iqtisadi inkişafın dəstəklənməsi, ölkənin müdafiə qabiliyyətinin artırılması və azad olunmuş ərazilərin bərpası daxildir. O, ortamüddətli dövr ərzində dövlət büdcəsinin fiskal qayda çərçivəsində tərtibini və büdcə qaydasında müəyyən olunmuş meyarların gözlənilməsini müsbət qiymətləndirib.
Mərkəzi Bankın sədri 2025-ci ildə də Mərkəzi Bankın pul siyasətinin əsas məqsədinin öz səlahiyyətləri çərçivəsində 12 aylıq inflyasiyanın hədəf dəhlizi daxilində (4±2%) formalaşmasını təmin etmək olduğunu deyib. O, bildirib ki, 2025-ci ildə də makroiqtisadi sabitliyin əsas lövbəri məzənnə sabitliyi olacaq. Tədiyə balansının profistli olması valyuta bazarında tarazlığı dəstəkləyən başlıca amil təşkil edəcək.
Taleh Kazımov diqqətə çatdırıb ki, növbəti ildə ölkədə maliyyə dərinliyinin artırılması, maliyyə sabitliyinin qorunması, rəqəmsal ödənişlərin genişləndirilməsi, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və digər məsələlər növbəti ildə də Mərkəzi Bankın prioritetləri olacaq.
Sonra Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov 2025-ci ilin dövlət büdcə daxilolmalarında gömrük orqanlarının üzərinə düşən vəzifələrin təmin olunması işlərindən söz açıb, idxal həcmlərinin proqnozlaşdırılmasında nəzərə alınan parametrlərdən bəhs edib, idxalın strukturu, idxalın strukturundakı daxilolmalardan azadolmalar barədə danışıb. O, gələn ilin büdcəsində gömrük daxilolmalarını dəyərləndirib, vurğulayıb ki, təmsil etdiyi qurumda tətbiq olunan süni intellekt kimi yeni texnologiyalar gömrük inzibatçılığını yeni səviyyəyə qaldıraraq növbəti il üçün müəyyən olunmuş gömrük yığımlarının artıqlaması ilə icrasına öz töhfəsini verəcək.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycan Respublikasının 2025-ci il üçün dövlət büdcəsi layihəsinə dair Palatanın rəyini səsləndirib. O, büdcə parametrlərini formalaşdıran makroiqtisadi proqnozlar, habelə büdcə parametrlərinin layihələndirildiyi dövrdə ölkədə makroiqtisadi meyillər barədə söhbət açıb. Büdcə zərfinə daxil edilən sənəd və göstəricilərin “Büdcə sistemi haqqında” qanuna, büdcə zərfinin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olduğunu, büdcə sənədləşməsinin beynəlxalq təcrübəyə əsaslandığını deyib.
Palata sədri fiskal risklər, icmal büdcənin təhlili, ortamüddətli büdcə planlaşdırılması ilə bağlı qeydlərini açıqlayıb. Dövlət büdcəsi gəlirlərinin və xərclərinin 2024-cü ilin 8 ayında icra vəziyyəti, 2025-ci il üçün gəlir və xərclərin, habelə büdcə kəsiri və kəsirin maliyyələşdirilməsinin təhlilini təqdim edib, Palatanın bəzi tövsiyələrini diqqətə çatdırıb.
Məsələ ətrafında müzakirələrdə komitə üzvləri Ziyad Səmədzadə, Tahir Mirkişili, Heydər Əsədov, Əli Məsimli, Vüqar Bayramov, Aydın Hüseynov, Rövşən Muradov, deputatlar – Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əli-zadə, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev çıxış ediblər, növbəti ilin dövlət büdcəsi layihəsi ilə bağlı fikirlərini, rəy və təkliflərini bildiriblər, bəzi suallarını səsləndiriblər.
İclasda deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirilib, səsləndirdikləri sualları cavablandırılıb.
Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.
İclasda komitə üzvləri Müşfiq Cəfərov, Məşhur Məmmədov, Zaur Şükürov, deputatlar – Ana Vətən Partiyasının təmsilçisi Günay Ağamalı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, aidiyyəti qurumların struktur bölmələrinin rəhbərləri və digər rəsmi şəxslər iştirak ediblər.

Избранный
40
2
azadmedia.az

2Источники