RU

QS dünya universitetlərinin reytinq nəticələrinin elanı:FOTO

Bakıda COP29 çərçivəsində Yaşıl Zonada “QS dünya universitetlərinin reytinq nəticələrinin elanı: Dayanıqlılıq 2025” mövzusunda panel müzakirə keçirilib.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə təşkil olunan panel çərçivəsində QS (Quacquarelli Symonds) Dünya Universitetləri Reytinqi nəticələrinin elan edilməsi: Dayanıqlılıq 2025 ali təhsil müəssisələrinin dayanıqlı inkişaf məqsədlərinə töhfəsini nümayiş etdirmək məqsədi daşıyır. 

Elm və təhsil naziri Emin Əmrullayev tədbirdə bildirib ki, təhsil sahəsində Azərbaycan təcrübəsini dünyada təbliğ etməyə, eyni zamanda, dünya təcrübəsini Azərbaycanda tətbiq etməyə çalışırıq: “Dünyanın müxtəlif ölkələrində artıq iqlim qiymətləndirilməsini müzakirə etmək mümkündür. Başa düşürük ki, reytinq hər şeyi əhatə etmir. Lakin reytinq bir çox məsələlərdə əsas götürülür. Rəqabət yaradır, önəmli məsələlərə fokuslanmağa kömək edir. Elm və Təhsil Nazirliyi 2022-2026-cl il üzrə dövlət strategiyası ilə Azərbaycanın üç universitetini dünyadakı ilk 500-lüyə salmağa çalışır.”

QS -in vitse prezidenti Ben Souter məlumat verib ki, universitetlərin reytinqi getdikcə daha çox təsir imkanına malik olur: “QS əsasən universitetlərə kömək edən iki şey üzərində işləyir: gələcək tələbələri seçən və yerləşdirən institutlara yardım edir və ikincisi isə innovasiyalar. Dünyada tələbələrin 48%-i ətraf mühit baxımından dayanıqlı universitetləri seçir. Tələbələrin 33%-i bu universitetləri seçmək üçün ödəniş belə verməyə hazırdır. Yaşıl bacarıqlara olan tələbat üçqat artıb. Bu biliklərə malik məzunlar daha tez iş tapa bilirlər.”

Daha sonra 2025-ci il üzrə QS dayanıqlılıq sıralamasını təqdim edib.

Azərbaycanın QS dayanıqlılıq sıralamasında yer alan universitetlərinə sertifikatları təqdim olundu.

Sonra tədbir QS-in baş icraçı direktoru Ben Souter moderatorluğu ilə “Ali təhsildə dayanıqlılıq: Dayanıqlı universitetə çevrilmək üçün nə lazımdır?”  mövzusunda panel müzakirələrlə davam etdirildi.

Müzakirələrdə Elm və Ali təhsil üzrə dövlət agentliyinin rəhbəri Ülkər Səttarova, vitse konsulun müavini, “Green Futures Solutions”un Biznes məşğuliyyəti və innovasiya direktoru, Ekseter Universitetinin yaşıl gələcək üçün həllər direktoru Stüart Broklhörst, Kembric Universitetinin mətbuat və qiymətləndirilməsinin iqlim təhsili ilə bağlı qlobal direktoru Kristin Özden, kənd təsərrüfatı və qida siyasəti üzrə professor, Boloniya Universitetinin professor, ADA Universitetinin “Kənd təsərrüfatı və qida elmləri” fakültəsinin dekanı Matteo Vittuari öz fikirlərini bölüşüblər.

Tədbirdə ali təhsil müəssisələrində dayanıqlılığın təşviqi strategiyalarını müzakirə etmək üçün təhsil və sənaye liderləri və ekspertləri bir araya gəliblər. 

Tədbirdə, QS Dünya Universitetləri Reytinqi nəticələrinin elan edilməsi: Dayanıqlılıq 2025-in icmalı və müzakirələr yer alıb. Tədbirin diqqət mərkəzində ali təhsildə dayanıqlılıqla bağlı ən yaxşı təcrübələr, eləcə də COP29 çərçivəsində İnsan İnkişafı Gününə həsr olunan tədbirdə bir neçə universitetin uğurlu nümunəsi araşdırılıb.

Orxan Vahidoğlu, “İki sahil”

Избранный
15
ikisahil.az

1Источники