RU

"Ağdamı çox gözəl gələcək, böyük inkişaf, coşqulu həyat gözləyir" - Fatma Yıldırım

“Noyabrın 20-də Ağdam rayonunun işğaldan azad edilməsinin dörd ili tamam olur. Bu tarix, həm də “Ağdam Şəhəri Günü” kimi qeyd ediləcək. Zəfər tariximizin təntənəli şəkildə qeyd olunması ənənə halını alıb”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Ermənistan işğal etdiyi digər ərazilərimiz kimi Ağdam rayonunda da misli görünməmiş vandalizm aktı törədib:

"İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Təsadüfi deyil ki, Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Ermənistan qəsdən mədəni və dini abidələrimizi vandalizmə məruz qoyub, təhqir və qarət edib".

Millət vəkilinin sözlərinə görə, Azərbaycan 44 günlük Vətən müharibəsini həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb:

"Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi qan tökülmədən Azərbaycana təhvil verilib. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam Şəhəri Günü kimi müəyyən olub. Bundan başqa, 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medal təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunub".

Fatma Yıldırım qeyd edib ki, Azərbaycan dövləti Ağdam rayonunun da bərpası istiqamətində mühüm işlər görür. Heydər Əliyev Fondu da rayonda məscidlərin və tarixi abidələrin bərpasında fəal iştirak edir. Prezident İlham Əliyev Ağdam işğaldan azad olunandan cəmi üç gün sonra – 23 noyabr 2020-ci ildə bu rayona səfər edib. Səfər zamanı dövlətimizin başçısı Ağdam şəhərində Dövlət Bayrağını ucaldıb, eləcə də ermənilər tərəfindən dağıdılmış Ağdam Cümə məscidini ziyarət edib:

“Cənab Prezident dörd il ərzində Ağdama dəfələrlə səfər edib və hər səfər zamanı rayonun bərpası ilə bağlı təməllər atıb. Hazırda Ağdam şəhərinin və bir sıra kəndlərin bərpası istiqamətində intensiv işlər gedir. Eləcə də, Ağdam-Bərdə avtomobil yolu istifadəyə verilib, dəmir yolunun inşasının çox hissəsi başa çatıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev Qarabağın cənnətə çevriləcəyini bəyan edib. Bu, həqiqətən də belədir. Azərbaycan xalqı hələ 28 may 2021-ci ildə Ağdam şəhərinin Baş planının təqdimatı zamanı buna bir daha əmin oldu. Cənab Prezident dedi ki, Ağdam şəhəri dünya üçün nümunə olacaq. Təqdimatdan göründüyü kimi, Ağdamı çox gözəl gələcək, böyük inkişaf, coşqulu həyat gözləyir. Bərpa və yenidənqurmadan sonra Ağdamın regionun sənaye mərkəzlərindən birinə çevriləcəyi gözlənilir. Ağdamda sənaye parkının yaradılması investisiyanın cəlb edilməsi baxımından da əhəmiyyətlidir. Bu, xüsusilə həmin ərazilərimizin potensialından sənaye müəssisələrinin istehsalı üçün istifadə imkanları deməkdir”.

Избранный
20
32
publika.az

10Источники