RU

"Real Madrid"in Mbappe dərdi

Son 4-5 il hər transfer pəncərəsində gündəmdə olan əsas məsələlərdən biri Kilian Mbappenin Fransanın PSJ klubundan "Real Madrid"ə transferi idi. Hər yay və qış bu keçidin reallaşacağı ilə bağlı informasiyalar yayılsa da, fransız hücumçu Paris klubunda qalmaqda davam edirdi. 2022-ci ildə bu transferin baş tutmaq ehtimalı artsa da, yekunda o, yenə də PSJ ilə müqaviləni yeniləməklə bir çox xəbərə görə, əslində "kral klubu"nu aldatmışdı.

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

Havayı başa gələn böyük keçid

Bu yay, nəhayət, çoxdan gözlənilən transfer baş tutdu. Mbappe yeddi il formasını geyindiyi PSJ-ni "Real Madrid"ə dəyişdi. Yay transfer pəncərəsinin ən böyük keçidi gözlənilən kimi çox böyük səs-küy yaratdı. Lakin əsas diqqət çəkən məqam madridlilərin Mbappe üçün qarşı tərəfə heç bir ödəniş etməməsi idi. 180 milyon avro dəyəri olan Kilian İspaniya klubuna azad agent kimi keçdi. Bu, "Real Madrid"in PSJ üzərində böyük transfer qələbəsi idi.

"Kral klubu" ötən mövsüm İspaniya çempionu olmuş, Super Kuboku əldə etmiş və Çempionlar Liqasının qalibi adını qazanmışdı. Madridlilər daxili arenada da, qitəmiqyaslı yarışlarda da rəqiblərini asanlıqla üstələməyi bacarmışdılar. Kilian Mbappenin gəlişi ilə onsuz da çox güclü olan "Real Madrid"in əzəmətini bir qədər də artıracağı gözlənilirdi. Lakin hələ ki, gözləntilər doğrulmur.

"Kral klubu"nun zəif performansı

"Real Madrid"in mövsümün başlanğıcındakı çıxışını uğurlu hesab etmək olmaz. Komanda La Liqada 12 matçda 27 xal toplayaraq ikinci pillədədir və bir oyun artıq keçirən "Barselona"dan altı xal geri qalır. Əlbəttə, mövsümün bu hissəsi üçün fərq elə də böyük deyil, qarşıda hələ liqanın 2/3 hissəsi durur. Lakin azarkeşlərin narahatlığına və narazılığına səbəb olan əsas məqamlardan biri "El Klasiko"da "Barselona"ya 0:4 hesablı məğlubiyyətdir. Öz meydanında əzəli rəqibinə böyük hesabla uduzan Karlo Ançelottinin komandası tənqidlərə tuş gəlib.

Çempionlar Liqasında da işlər qaydasında getmir. Komanda turnirin Liqa mərhələsində geridə qalan dörd turda altı xal toplamaqla 36 iştirakçı arasında 18-ci pillədədir. Səfərdə "Lill"ə, evdə "Milan"a məğlubiyyətlər son çempionun əsas favorit statusunu itirməsinə səbəb olub.

"Real Madrid"in oyun stilinə uyğun gəlmir

Öldürücü əks-hücum oyun stilinə üstünlük verən Karlo Ançelottinin "Real Madrid"i üçün hücumda sürətli Kilian Mbappe variantının olması ilk baxışdan mümkün ən yaxşı ssenarilərdən biri kimi görünür. Lakin geridə qalan qarşılaşmalarda baş verənlər bunun əksini - 25 yaşlı fransızın komandaya sanki mane olduğunu iddia etməyə əsas verir.

Mbappe buna qədər bütün turnirlərdə meydana çıxdığı 16 oyunda səkkiz qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. O, yalnız 12 qol vuran Vinisiusdan geri qalır. Lakin braziliyalı həm də məhsuldar ötürmə sayında (5) onu üstələyir. Mbappenin göstəriciləri "Real Madrid" kimi klubun əsas hücumçusu üçün çox aşağıdır.

Ümumilikdə, performansa qiyməti tək rəqəmlər üzərindən vermək düzgün deyil. Məsələ ondadır ki, Mbappenin "Real Madrid"in oyun üslubuna uyğun olmadığı aşkar görünür. O, PSJ-də və Fransa millisində bir qayda olaraq sol cinah hücumçusu kimi çıxış edib. Lakin "Real Madrid"də bu imkan yoxdur. Karlo Ançelotti həmin mövqedə Vinisius Juniordan yararlanır. Belədə, Mbappe hücumun sivri ucunda yer almalı olur. Düzdür, bu mövqe ona yad deyil, lakin burada effektivliyi azalır.

Bundan başqa, Mbappenin pressinqdə o qədər də fəal iştirak etməməsi komandaya çətinlik yaradır. Bu halda Cud Bellinqemin üzərinə daha çox güc düşür. Bu isə ingilis hücumçunun oyununun zəifləməsinə səbəb olur. Bellinqemin performansının ötən mövsümkü ilə müqayisədə çox aşağı düşməsi də məhz bununla əlaqədardır.

Yayılan məlumatlara görə, Mbappe heç də Karlo Ançelottinin heyət planlarına daxil olmayıb. Onun transferi klub prezidenti Florentino Peresin şəxsi layihəsi olub. Hazırda Madriddə bu keçidə görə peşmanlıq hökm sürür.

Psixoloji problemlər

Yaxınları Kilian Mbappenin psixoloji problemlərinin olduğunu da bildirirlər. Fransa mətbuatında yayılan iddialara görə, 25 yaşlı futbolçu bir neçə aydır psixoloji problemlərdən əziyyət çəkir və bu istiqamətdə mütəxəssislərlə işləyir. Bu azmış kimi, Kilian bir ay əvvəl Stokholmda istirahət zamanı təcavüzdə günahlandırılıb. Yayılan söz-söhbətlərdən sonra o, Fransa millisindən də kənar qalıb.

Bəzi media orqanları oyunçunun zəif performansını məhz onun psixoloji gərginliyi ilə əlaqələndirirlər. Mbappenin üstündə böyük təzyiq var və o, bunun öhdəsindən gələ bilmir. Yaranan söz-söhbətlər və ümumi ab-hava futbolçunun Madrid klubuna adaptasiyasını çətinləşdirdiyi üçün oyunu da alınmır.

Əlbəttə, "Real Madrid"in zəif çıxışını təkcə Mbappe ilə əlaqələndirmək doğru deyil. Komandada ötən mövsümlə müqayisədə ümumi bir eniş var. Eyni zamanda, zədə epidemiyası bir çox hallarda Ançelottiyə futbolçulardan tam yararlanmağa imkan vermir.

İstənilən halda, mövsümün böyük hissəsi hələ irəlidədir. Komandanın da, Mbappenin də əvvəlki performansına qayıda biləcəyi istisna edilmir. Lakin görünən odur ki, hələ də Mbappe ilə yaradılacaq yeni formul tam hazırlanmayıb. Tezliklə həll yolu tapılmasa, vəziyyətin daha da gərginləşəcəyi istisna edilmir.

Избранный
27
45
hakimiyyet.az

10Источники