RU

KOR NƏ İSTƏR?.. - Eldəniz Quliyev yazır

(Görəsən, müxalifətlə iqtidar güləşsə hansı yıxar?..)

Mənə deyirlər:

– Sənnən gözümüz su içmir.

Deyirəm:

– Niyə?

Deyirlər:

– Çünki sən hətərən-pətərən danışırsan!..

Deyirəm:

- Noolsun, sizin də ağıl dişləriniz qulaqlarınızdan çıxır!..

Nəysə... Burada ərz eləyim ki, mən siyasətçi-zad deyiləm, siyasətlə məşğul olmuram, olmamışam, heç olmayacağam da. Amma bu, mənim siyasətdən tamam bixəbər olduğum  anlamına gəlmir.

Yəni elə mətləblər var ki, onu bilmək üçün siyasətçi, ya politoliq-filan olmaq vacib deyil... Şəxsən mən, sanıram ki, bir çox qəliz mətləblərdən agaham və nə qədər hətərən-pətərən danışsam da, yüz vətənşüvənə dəyərəm...

Yaxşısı budur, şeytana «lənət» deyibən, mətləbə keçək.

Misalçün, bu gün müxalifətin məqsəd və məramını kor da görür, kar da eşidir.

Nədi onların istəyi?.. Şübhəsiz, müxalif bəylər cəmi millətin xeyir-duasıyla düzəməlli bir seçki keçirib, hakimiyyətin Olimpinə çıxmaq arzusundadılar. Güman edirlər ki, həmin o zirvəyə qalxıb məmləkətə bir azca əminamanlıq, bir azca da rahatlıq gətirə bilərlər. Mən bunu anlayıram, qəbul da edirəm.

Çünki bu, “aydan arı, sudan duru” olan bir məsələdir və adına da - strategiya deyirlər. Amma, ayıb olmasın, nə qədər əlləşib-vurnuxsam da, müxalif bəylərin taktikasından, yəni onların bu gediş-gəliş-gərdişlərindən bir şey anlamıram...

Baxın, əgər bu taktika dediyimiz «şey»i strategiya dediyimiz «zad»a tərəf gedən bir YOL kimi qəbul eləsək və ona MƏQSƏDƏ yetişməkçün VASİTƏ kimi baxsaq, onda görərik ki... müxalifətin taktikasında böyük hərc-mərclik və ondan da böyük həftəbecərlik var (yaxşı ki, «eybəcərlik» demədim).

İnanmırsızsa, bəndəniz bittə-bittə sadalasın, - nəticəni özünüz hasil eləyin...

Müxalifət nə illah eləsə də, onillərdi ki, özünə əməli-saleh bir lider, başçı və vahid namizəd seçə bilmir. Düzdümü? Əlbəttə, düzdü. Bu gün «məmə yeyəndən pəpə deyənə qədər» bunu anlamayan, yəni anlayıb qımışmayan bir Allah bəndəsi varmı? Yoxdu.

Nikolayın evini yıxan pıç-pıçlar, dedi-qodular belə əcaib-qəraib məsələlərdən yaranmırmı? Di gəl, bundan baş çıxar görüm, necə çıxarırsan?..

Birisi əllərini uzadıb sidq-ürəklə (bəlkə də, yalandan) deyir ki, a bəylər, gəlin, əl-ələ verək, həmrəy olaq, həmrəng olaq; yaxası dar olan qəşəng bir köynək geyib qol-boyun olaq, seçkiyə-filana da elə beləcə gedək... Digəri isə, qayıdıb hikkəylə (bəlkə də, artistlik eləyir), deyir ki, yox a, nə danışırsan, əlini çək, yaxamdan tutub dartma, dartsan, yıxılıb donbalağ aşacam...

...Elə bil, Tıq-tıq xanımın oyununu çıxarırlar: «Əlini mənə pəstərəcik», «Yox, mən səndən küsdərəcik!..»

...Bu siyasət biliciləri, yəni bu "dartma yaxam cırıldı"- lar niyə belə eləyirlər? - bax, bunu anlamıram, başa düşmürəm.

Bəli, bunlar mənim bugünkü müxalifətimin TAKTİKASIDIR. Və səd heyif ki, bu, zəqqum dadan yekə, çooox yekə bir HƏQİ­QƏTDİR.

İndi keçək iqtidar cənablarının strategiyası və taktikasına.

Burada tərsinədi, – yəni iqtidarın taktikası məlumdu, strategiyası yox. Niyə? Əslində, bunun heç «niyə»si yoxdu; çünki «iqtidar» dediyimiz bərkgedənlərin strategiyası “qaranlıq otaqdakı qara pişiyin” qara quyruğunda olsa da, taktikaları ovuc içi kimi göz qabağındadır. Onların «humanist» və "müdrik" üsul-idarəsinin «hurrey»i zavalı xalqı elə hala salmaqdır ki, ölkə acından qarnı qur-qur  quruldayanların sayına görə Ginnesin rekordlar kitabının ön səhifəsinə düşsün. Halbuki, buna çoxdan nail olublar,- sadəcə, veclərinə almırlar.

Burada haşiyə çıxıb, sizləri kiçik bir sənədlə tanış etməliyəm.

Şəhərin siçovul və siçanları yerli və beynəlxalq humanitar təşkilatlara, cəmiyyət, şura və birliklərə şikayət ərizəsilə müraciət ünvanlayıblar. Müraciətin əsas hissəsini, nöqtə-vergülünə və üslubuna dəymədən, nəzər-diqqətinizə çatdırıram:

«SOS! SOS!! SOS!!!

Tarix boyu bizim əbədi düşmənlərimiz – yiyəsiz pişiklər, sümsüy itlər, axmaq qarışqalar, sırtıq kərtəngələlər, əbədi yaşayış məskənimiz, dolanışıq və qida mənbəyimiz isə şəhər (kənd, qəsəbə və s.) zibilxanaları olub. Biz bu acı faktı indiyəcən taleyin zəruri və şıltaq bir oyunu kimi qəbul edib, barışmağa məhkum olmuşuq.

Ancaq son illər bizlərin dolanışıq mənbəyinə - əziz və doğma zibil­liklərimizə qarşı əsl təcavüz aktları baş verməkdədir. Təcavüz! İnsanlar tərəfindən - əsasən, sosial mənşəyindən, ziyalılara, daha doğrusu, keçmiş savadlı adamlara bənzəyən BƏNİ-İNSANLAR tərəfindən.

Qərəzsiz, vicdanlı, obyektiv və dəqiq yanaşsaq, bəyan etməliyik ki, ancaq bizə, - biz siçovul və siçanlara məxsus olan zibil tullantılarına ac-yalavac ikiayaqlılar şərik çıxıblar, - heç bir razılaşma, şərt, protokol, yaxud rəsmi müqavilə olmadan! Əlaqədar təşkilatlar isə ağızlarına su alıb hələ də susur.(???) Buna nə ad vermək olar?! Əlbəttə ki, laqeydlik, dərəbəylik, özbaşınalıq!

İddia edirik: bu sayaq qeyri-humanist münasibətlər sistemi, birbaşa və dolayısı ilə biz gəmiricilərin fundamental hüquq və azadlıqlarına yönəlik kobud müdaxilə sayılmalıdır.

Tələb edirik ki, bu kimi hallara təcili son qoyulsun!

Əminik ki, bütün yazılmış, yazılmamış və nə vaxtsa yazılacaq qanunlara görə, qeyd olunan tələblərimiz haqlı və ədalətlidir.

Biz, sadə gəmiricilər olaraq, həyatımızın, ərazi bütövlüyümüzün, eləcə də gələcək müqəddəratımızın ciddi təhlükə altında olmasından çox nigaranıq. Və məhz bu səbəbdən də bu müraciəti yazmalıydıq. Yazdıq da!.»

Əlqərəz, davam edək... iqtidarın taktikasından danışırdıq.

...İqtidar müdirləri öz "parlaq" əməl və niyyətlərini hansı fəndgirliklə həyata keçirir?..

Nə fel eləyir, nə həngamə çıxarırlar ki, fağır-füqəra camaat öz qarnından savayı özgə bir şey düşünməyə macal tapmır?.. Öz işlərini necə məharətlə qurub-qoşurlar ki, əhalinin təbii yaşam instinkti fırlanıb sürü instinktinə çevrilir?..

Görünən "kənd" budur ki, onların əsas məqsədi külli-camaatın canına "optovoy" şəkildə qorxu hissi hopdurmaqdır...Yəni xofdan-qorxudan hamı sarısını udub, dilini dinməz yerinə qoysun, vəssalam!

Özləri isə, əksinə, əlləri özgə-özgə ölkələrin yüksək-yüksək tribunalarına çatan kimi, müstəqil, demokratik və azad məm­ləkət yaratdıqları, vətəndaşlarını ağ günə çıxartdıqları barədə məzəli-məzəli monoloqlar söyləyirlər...

Bu yalan-palanları eşidən, görən, bilən məmləkət əhli isə, təbii ki, canı çıxsa belə, cınqırını çıxarmır. Qorxudan. Yazıqlar neynəsinlər axı?..

Müdirlər, cənablar zənn edirlər, həta əmindirlər ki, belə olduğu təqdirdə, bütün aləm onların nağıllarına qeyd-şərtsiz inanacaq, üstəlik, sürəkli alqışlarla qarşılayacaqlar...

Ölmüşdü Xandadaş!

Daha sonra, bunlar istəyirlər ki, dünənki xeyirxahları – bədxah, bugünkü bədxahları isə – xeyirxah obrazında təqdim eləyib, gözübağlıcılıqda Hoperfıldə fora versinlər...Düzdü, bətnində altıaylıq uşaq gəzdirən qadını bakirə qız kimi təqdim eləmək bir qədər də asan məsələ deyil, amma Olimpdən dığırlanıb yıxılmamaqçün hərdən belə xırda-mırda şeyləri malalamaq lazım gəlir...

Bunlar daha nə istəyir və istədiklərini çəkinmədən, necə  gerçəkləşdirə bilirlər?

Və daha hansı-hansı məsələlərdə fərqlənib, Ginnesin kitabına düşmək arzusundadılar?

Buyurun:

-qanunlar qəbul edib, onun icrasından yayınmaqda;

-qanunları qaydalarla əvəz etməkdə;

-«şapka» və çeşidli korrupsiya əməllərilə yerli və əcnəbi sərmayəçiləri, şirkətləri, eləcə də digər iş adamlarını bezdirib ölkədən didərgin salmaqda;

-elə həmin «şapka» dalınca qaça-qaça öz papaqlarını da salıb itirən «təpəgöz» dövlət məmurlarının çoxluğunda;

-saysız-hesabsız absurd cərimələr tətbiq edib məzlum camaatı  cəhənnəm əzabına düçar etməkdə;

-dinin siyasətə baş vurmasında, o cümlədən siyasətin dinsiz olmasında;

-gündəlik təlabat mallarının metastaz verən qiymətlərini gicitkana çevirmək bacarığında;

-Nəsimini diri-diri soyanların belə həsəd apardığı, vergi, gömrük, qaz və enerji nəzarəti işçilərinin analoqu olmayan manipulyasiyasında;

-nahaqqı haqqa yükləməkdə;

-AzTV və onun doğma övladları olan digər balaca-balaca tv-lərin, həmçinin bir neçə «ölü doğan» qəzetlərin və ölü kimi danışan bəzi "bilici" ekspert-politoloq-sosioloqların vasitəsilə camaata "üçdük" gəlməkdə;

-sözləri ilə əməllərinin üst-üstə düşməməsində – yəni iki ölçüdə yaşamaq istedadında;

-gecələr işıqları, soyuqlarda qazı söndürüb, insan həyatını məşəqqətə çevirmək hiyləğərliyində;

-adambaşına düşən, eləcə də tək bir adamın təhlükəsizlik və əmin-amanlığını qoruyan polis işçilərinin sayını fantastik həddə çatdırmaq ustalığında;

-tutduğu məsul vəzifələrlə intellektual səviyyələri tərs mütənasiblik təşkil edən, bir regiondan çıxmış şəxslərin təpəgözlüyündə;

-ziyalıların «ziya»sını alıb, qalan «lar» şəkilçisini LƏL əvəzinə toplamaq hərisliyində;

-məmləkətin xəlvət dərələri üstünə pərdələr çəkib, tülkünü BƏY eləmək canfəşanlığında;

-işıq gələn bütün dəlmə-deşiklərə pambıq tıxamaq məharətində...

Və sair və ilaxır...

Gələcəkdə həmin o məşhur kitabın səhifələrində gözəgəlimli yer tutmaq üçün siyasi, iqtisadi, sosial və bir çox digər sahələrdə də, məqsədyönlü, səmərəli, habelə, analoqu olmayan misilsiz işlər aparılır. Hətta, ən axırıncısı olmaqda belə, birinci olmaq hobbisi aşkarca görünür. Hələ, mənəviyyatımızı, əxlaqımız və gün-güzəranımızı göy əskiyə bükən, evdə-eşikdə, çöldə-bacada bütün söhbətlərin «mübtədası»na dönmüş, – intəhasız rüşvətxorluq, vahid zümrənin ağalığı kimi xırda-para tragikomik «dədəm vay, nənəm vay»ları hesaba almıram... Yəni deyilə-deyilə boş səsə çevrilən bu sözləri – çevir tatı, vur tatı – təkrarlamağa nə hacət?..

İlahi, bu ciyəriyanmış Ginnesin kitabı nə matah şeymiş belə?! Bu nonsens deyilsə, onda mən də Trampın xalası nəvəsinin uzaq qonşusuyam... Bütün bunlar, yəni hamımızın görüb-bildiyi onlarla rekordfason iştəklər bugünkü iqtidarımızın üzdə olan TAKTİKASIDIR. Və nə yazıq ki, bunlar gün kimi apaydın məsələlərdir. Ancaq mən, nə qədər düşünsəm də, vətənimizin "tərəqqisi" naminə dəridən-qabıqdan çıxan iqtidarımızın strategiyasını anlamıram, anlaya bilmirəm. İstəsəm də, cəhd də eləsəm - ağlım bir şey kəsmir ki, kəsmir. Özümçün götür-qoy edirəm ki, görəsən, bütün bu gedişlə və bu gərdişlə mənim iqtidarım haracan gedib çıxacaq, ya gedib-gedib hara düşəcək?! Və bu, heç şübhəsiz ki, qapqara qaranlıq, hətta, qaranlıq otaqdakı qara pişiyin qara quyruğundan da qara bir məsələdir. Ki, adam az qalır çığıra-çığıra desin:

– DAHA BU AĞ OLDU!!!

Bu qədər. Görürsüz, deməli, mən də özümə görə nəyisə bilirəm. Həm də bilirəm ki, bilirəm. Çünki necə deyərlər, mən bir o qədər səfeh və cahil deyiləm ki, bu əndirabadi zamanda ağrımayan başıma yaylıq bağlayıb siyasətlə məşğul olam; amma bir o qədər qoca və daşürəkli də deyiləm ki, ətrafda baş verənlərə heykəl laqeydliyilə baxıb, heç nəyi vecimə almayım...

Bəli, mən öz sözümü dedim. İndi mənə «hətərən-pətərən» deyənlər qoy oturub özləri «çorta» getsinlər və bala-bala saf-çürük eləsinlər ki, görən, bayaqdan bunun dediyi bu hətərən-pətərən sözlər nəydi belə?.. Və görən, bunları deyən adamın özünün TAKTİKASI nədir, STRATEGİYASI nəmənədir?..

Vəssalam. Belə-belə işlər, qırılsın keşişlər!

Eldəniz QULİYEV

P.S. Hə, o ki qaldı  müxalifətlə iqtidarın güləşməsinə...

...təki yıxılan xalq olmasın!..

Избранный
42
hurriyyet.az

1Источники