RU

Separatizm dəstəkçisinin iqlim “təəssübkeşliyi”...

Peloni ermənilərin işğal edilmiş ərazilərimizdə törətdiyi ekoterrora niyə göz yumub?

Frenk Peloninin qlobal iqlim müzakirələrinə qatılmağa, bu barədə fikir bildirməyə mənəvi haqqı çatmır...

Qlobal siyasi məkanın ən mühüm tədbirlərindən sayılan və Azərbaycanın təşkilatçılığı ilə reallaşan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bütün dünyanın diqqətini özünə cəlb edib. Hələ ötən ildən başlyaraq ölkəmizin bu tədbirə ev sahibliyi edəcəyi müəyyənləşəndən sonra COP29-a qarşı fərqli münasibətin şahidi olmuşduq - qlobal iqlim təhlükəsizliyi uğrunda səmimi mübarizə sərgiləyən, kiçik dövlətlərin qaz emissiyalarından çəkdiyi əziyyətlərdən çıxış yolu axtaran, beynəlxalq hüququ və ədaləti əsas prinsip kimi qəbul edən ölkələr və şəxslər Azərbaycanın bu məsuliyyətli və ciddi tədbirə ev sahibliyini bütün səyi ilə dəstəkləmişdilər. Ölkəmizə qarşı xəbis planların iştirakçısı olan, ermənipərəst maraqların köləsinə çevrilən, korrupsiya və rüşvət qarşılığında anti-Azərbaycan təbliğatı aparanlar isə narahat olmaqla yanaşı, ötən dövrdə COP29-a və konkret Azərbaycana qarşı kampaniyalar yaratmağa cəhd göstərirdilər. Amma onların bu istək və arzuları, xəbis cəhdləri baş tutmadı - Azərbaycan artıq günlərdir ki, bu mühüm qlobal tədbirə ev sahibliyi edir. Maraqlı orasıdır ki, Azərbaycana və COP29-a qarşı kampaniya aparanların bəziləri hətta utanmadan Bakıya səfər edərək bu tədbirə qatılmaq belə “istəyib”. Məsələn, ABŞ konqresinin energetika və ticarət Komitəsinin üzvü olan Frank Peloni də məhz belələrindəndir. Xatırladaq ki, BMT tərəfindən tədbirə dəvət edilmiş Peloninin Bakıya gəlişinə dinc şəkildə etiraz edən vətəndaş cəmiyyəti institutunun nümayəndələri konqresmenin mühafizəçiləri tərəfindən şiddətə məruz qalıblar. ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qalmış QHT təmsilçiləri bununla bağlı birgə bəyanat yayıb. Noyabrın 17-də isə Azərbaycanın bir qrup QHT rəhbərləri və ictimai fəalı xalqımızı təhqir etmiş ermənipərəst ABŞ konqresmeni Frank Peloniyə qarşı qaldığı hotelin qarşısında növbəti dəfə etiraz aksiyası keçirib.

Ermənipərəst fırıldaqçı, korrupsioner islamofob...

Bəli, islamofob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner kimi şöhrət qazanan konqresmen Frank Peloninin erməni yandaşı olması sirr deyil. O, ABŞ-da “ermənidən betər erməni” kimi tanınan şəxslərdəndir - Peloninin konqresdə ermənilərin çoxluq təşkil etdiyi Nyu-Cersi ştatını təmsil etməsi də bu faktı təsdiqləyir. Erməni təbliğatının sınıq təkəri olan Peloni var gücü ilə ölkəmizə qarşı aparılan antimilli kampaniyaları təşkil edir, dəstəkləyir. Onun xüsusilə, 44 günlük Vətən müharibəsi və 2023-cü il antiterror əməliyyatlarından sonra fəallaşması diqqəti cəlb edir. İqlim dəyişikliyinin qarşısını almağı hədəfləyən bir konfransda iştirak üçün BMT tərəfindən dəvət edilən bu şəxs ermənilərin 30 ilə yaxın yürütdyü zorakılığı və işğalı dəstəkləyib - paralel olaraq, ermənilərin Azərbaycan torpağında törətdikləri ekoloji təcavüzü belə normal qarşılayıb. Belə bir şəxsin iqlimin müdafiəsinə həsr edilmiş qlobal konfransa qatılması nonsens sayılmalıdır...

Peloninin azərbaycanlı qaçqınlarla görüşdən imtinası...

1951-ci ildə ABŞ-ın Nyu-Cersi ştatının Lonq Branç şəhərində anadan olmuş Peloni ixtisasca hüquqşünas olsa da, daha çox siyasətlə məşğul olur. Demokrat Partiyasının üzvü kimi 1988-ci ildən Nyu-Cersi ştatının 6-cı Konqres dairəsini ABŞ parlamentində təmsil edən Peloni sırf ermənipərəst biri kimi tanınır. Hələ 1992-ci ildə qəbul edilmiş “Azadlığa Dəstək Aktı”na “907-ci düzəlişin dəstəkçilərindən və təbliğatçılarından sayılan Peloni ölkəmizə qarşı mənfi münasibəti ilə seçilib - 1999-cu ildə Konqresin bir qrup nümayəndəsi ilə Azərbaycanda səfərdə olan zaman çadır şəhərçiklərində yaşayan qaçqın və məcburi köçkünlərlə görüşdən imtina etmiş yeganə deputat olub.

Erməni qrupunun yaradıcısı - separatizmin dəstəkçisi...

Peloni 1995-ci ildə ABŞ Konqresində “Erməni qrupu” (Armenian Caucus) adlı erməni məsələləri üzrə qrupu yaradan iki şəxsdən biridir. Xatırladaq ki, bu qrupda təmsil olunanlar erməni lobbisinin ən fəal üzvləri ABŞ-ın Azərbaycana dövlət yardımının qarşısını alan 907-ci düzəlişin qəbul olunmasına səy göstərən şəxslərdir.

2020-ci ildə isə Frank Peloni Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Qarabağ bölgəsində yaradılmış separatçı rejimə “müstəqilliyinin ildönümü” münasibətilə təbrik ünvanlamışdı.

Bu ilin sentyabrında isə Peloni ABŞ Konqresində müzakirəyə çıxarılan Azərbaycanın Qarabağa “təcavüzü” ilə bağlı “Artsax Gəlirlərinin Bərpası Aktı”nın müəlliflərindən biridir. “Təklif”də birmənalı olaraq bölgədə qeyri-sabit durum yaratmaq, Azərbaycanın suveren hüquqlarının pozulması, gərginliyin artırılması (burada hətta müharibəyə təhriklə bağlı epizodlar belə yer alır - P.İ), demokratiyanın pozulması halları “göz oxşayır”.

Fürsətcil Peloni cinayətkarların azadlığına çalışır

BMT-nin strukturları tərəfindən COP29-a dəvət olunmuş Peloni bu tədbirə qarşı “mübarizə aparan”, nəticəyə nail ola bilmədikdə isə ən azından yaranan fürsətdən istifadə etməyə çalışan fəal ermənipərəstlərdən olub - belə ki, oktyabrın 3-də ABŞ Dövlət katibi Antoni Blinkenə məktub yazaraq Azərbaycana qarşı qəbuledilməz mövqe ifadə edənlərin arasında konqresmen Peloni də olub. Peloni Azərbaycanın COP29-a ev sahibliyi etməsindən istifadə edərək, Ermənistanın gündəliyinə və regionda yenidən münaqişə yaratmağa xidmət edən bütün məsələlərin, o cümlədən müharibə cinayətlərinə görə məsuliyyət daşıyanların azadlığa buraxılması kimi beynəlxalq hüquqa zidd məsələlərin irəlilədilməsinə çalışıb.

Əslində, bu da təsadüfi deyil - Peloni bütün fəaliyyəti dövründə separatizmi dəstəkləyib. Hələ 2022-ci ildə Frenk Peloni bəzi konqresmenlərlə birgə Nümayəndələr Palatasına və Senatın Təxsisatlar üzrə Alt Komitələrinə müraciət edərək ABŞ hökumətinin Ermənistana və Qarabağdakı separatçılara 2 milyon dollar həcmində maliyyə dəstəyi göstərməsinə nail olmuşdular.

Qaranlıq “kimliyə” malik Peloninin işıqlı tədbirdə nə işi var?

Qeyd edək ki, ermənipərəst  konqresmen Frank Peloninin dünən ölkəmizi tərk etməsi xəbəri yayılıb. Bu barədə bəzi KİV-lərə diplomatik mənbələrdən məlumat daxil olub. Bildirilib ki, əslində, Frank Peloni noyabrın 18-dən COP29-da iştirak etməyi, Bakıda çoxsaylı görüşlər keçirməyi planlaşdırıbmış. Bu məqsədlə o, ötən şənbə günü günorta Bakıya gəlsə də, etirazlarlarla qarşılanıb və paytaxtımızı tərk edib.

Bu, “qaçış” Peloninin yeganə çıxış yolu idi - həqiqətlərlə üzləşməkdən, yalanlarının üzünə deyilməsindən çəkinən Peloni növbəti dəfə özünü ifşa edib. Bu “qaçış” həm də qanunauyğunluqdan qaynaqlanır - çünki Peloninin qaranlıq siyasi fəaliyyəti aydın gələcək üçün strateji yol xəritəsinə çevrilən COP29-un mahiyyəti ilə uyğun gəlmir. Onun təxribatçı, separatizmi dəstəkləyən, antimilli mövqeyi iqlim humanizmi ilə tərs mütənasibdir - Peloni kimiləri hər zaman gərginlik, müharibə, dağıntı və vandalizm təbliğatçısı kimi tanınır. Belə olmasaydı, Peloni ötən 30 ildə Azərbaycanın işğal edilmiş ərazilərində ermənilərin törətdiyi ekoterrora qarşı səsini ucaldardı. O isə tam əksinə, bu ekoterroru dəstəkləyib. Ortadakı faktlar isə onu göstərir ki, Peloninin qlobal iqlim müzakilərinə qatılmağa, bu haqda fikir bildirməyə mənəvi haqqı çatmır...

P.İsmayılov

Избранный
31
yeniazerbaycan.com

1Источники