RU

Ermənistanın müharibə cinayətləri...

İtkin düşmüş və əsir götürülmüş vətəndaşlarla bağlı növbəti qətnamə

Bəşəriyyətin ən böyük və tarixi problemlərindən sayılan müharibələrin dağıntılarla yanaşı, ölüm, əsirlik və itkinlik kimi dəhşətli nəticələri də var. İtkin düşmüş şəxslər problemi isə münaqişələr və silahlı toqquşmalar zamanı ən ağır humanitar məsələlərdən biri sayılır. Bu problem yalnız fərdləri deyil, onların ailələrini, cəmiyyətləri və bütövlükdə, beynəlxalq hüququ əhatə edən genişmiqyaslı təsirlərə malikdir. Beynəlxalq hüquq, xüsusilə də Cenevrə Konvensiyaları, hərbi münaqişələr zamanı itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsini hərbi cinayətlərin qarşısını almaq və humanitar hüququ qorumaq üçün əsas götürür. Buna baxmayaraq, bir çox hallarda bu problem həll olunmamış qalır, itkin şəxslərin taleyi barədə məlumat əldə etmək çətinləşir, və bu, ailələr üçün uzunmüddətli mənəvi iztirab yaradır.

Azərbaycan müstəqillik qazandıqdan sonra Ermənistanın təcavüzkar siyasəti nəticəsində bu məsələni öz vətəndaşlarının taleyi ilə bağlı prioritet məsələlərdən birinə çevirdi - ölkəmizin 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalması, minlərlə insanın itkin düşməsi ilə nəticələndi. Azərbaycan hökuməti itkin düşmüş şəxslərlə bağlı konkret fəaliyyət planları həyata keçirməkdə və bu sahədə beynəlxalq hüquqi mexanizmlərə müraciət etməkdə fəallıq göstərir. Hazırda Azərbaycanın rəsmi qurumları Ermənistanın işğalı nəticəsində 3,890 nəfərin itkin düşdüyünü qeydə alıb. Bu şəxslərin əksəriyyəti hərbi əsirlər və mülki şəxslərdir. Bu problemin həlli, itkin düşmüş şəxslərin axtarışı və identifikasiyası üçün ölkəmiz Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK), BMT və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

56 ölkə həmmüəllif qismində qoşuldu

Xəbər verildiyi kimi, BMT Baş Assambleyasının 3-cü Komitəsində Azərbaycan tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilib. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən irəli sürülmüş qətnamə layihəsi üzrə bir ay ərzində üzv dövlətlərlə aparılmış intensiv danışıqlar nəticəsində layihənin mətni razılaşdırılıb. Qətnaməyə 56 ölkə həmmüəllif qismində qoşulub. Qətnamə mətninin Komitədə təqdimatı zamanı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Nərmin Ahəngari çıxışında “İtkin düşmüş şəxslər” adlı qətnamənin ilk dəfə 2002-ci ildə BMT Baş Assambleyasının 57-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə qəbul edildiyini və qətnamənin hər iki ildən bir irəli sürüldüyünü xatırladıb. Ahəngari qətnamənin əsas məqsədinin silahlı münaqişələrin humanitar faciələrindən biri olan itkin düşmə hallarının qabaqlanması və itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları öhdəliklərinə hörmət və riayətin vacibliyinə diqqətin cəlb edilməsi olduğunu vurğulayıb. Diplomat mətndə əks olunmuş yeni bəndlər barədə üzv dövlətlərin nümayəndələrinə ətraflı məlumat verib. Ahəngari qeyd edib ki, bu ilki qətnamənin mətnində minaların mövcudluğunun itkin düşmüş şəxslərin qalıqlarının aşkarlanması üzrə əməliyyatlara yaratdığı maneələr də öz əksini tapıb. O qeyd edib ki, mətndə əlaqədar dövlətlərin insan qalıqlarının təhlükəsiz axtarışı üçün əməkdaşlıq etmək çağırışları öz əksini tapıb. Qətnamədə eyni zamanda BMT Baş katibindən Baş Assambleyanın 81-ci sessiyasına (2026-cı il) və BMT-nin İnsan Hüquqları Şurasının müvafiq sessiyasına onun icrasına dair müfəssəl hesabat təqdim edilməsi xahiş olunub.

Kütləvi məzarlıqlar ermənilərin müharibə cinayətlərini ifşa edir...

İkinci Qarabağ müharibəsində qazanılan qələbə nəticəsində 30 ilə yaxın işğalda qalmış ərazilərimiz azad edildi. Bu qələbə həm də adı itkin siyahılarında olan, taleyindən xəbərsiz olduğumuz vətəndaşlarla bağlı informasiyaların əldə olunmasına yaxından vəsilə oldu - xüsusilə, 2020-ci il İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkar edilməsi illərlə itkin statusu daşımış şəxslərin taleyi ilə abğlı qaranlıqları işığa çıxardı. Azərbaycan dövləti bu məzarlıqların tədqiqi və DNT analizi vasitəsilə itkinlərin müəyyənləşdirilməsi üçün yüksək texnologiyalardan istifadə edir. Vurğulanmalıdır ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan geniş miqyaslı tədqiqatlar nəticəsində indiyə qədər 14-dən çox kütləvi məzarlıq aşkar edilib. Bu məzarlıqlarda əsasən Vətən müharibəsindən əvvəl, 1990-cı illərdə əsir götürülmüş və ya itkin düşmüş şəxslərin qalıqları tapılıb. Ən son tapıntılar Füzuli, Xocavənd və Şuşa rayonlarında qeydə alınıb. Bu məzarlıqlarda insan qalıqları ilə yanaşı, işgəncə və qeyri-insani rəftarın izlərini əks etdirən sübutlar da aşkarlanıb. Son məlumatlara görə, 180-dən çox insan qalığının müəyyən edilməsi ilə yanaşı, Ermənistanın beynəlxalq hüququ kobud şəkildə pozduğu daha bir neçə fakt təsbit edilib. Azərbaycan hökuməti bu tapıntıları müvafiq beynəlxalq təşkilatlara təqdim edərək Ermənistanın müharibə cinayətlərinin araşdırılmasını tələb edir.

Azərbaycan beynəlxalq aləmdə fəal iş aparır...

Paralel olaraq bu cinayətlərin beynəlxalq aləmdə yayılması istiqamətində diplomatik təşəbbüslərimiz də davam edir. Azərbaycan beynəlxalq tribunalarda, o cümlədən BMT və digər təşkilatlarda bu məsələnin həlli üçün hüquqi və diplomatik səylər göstərir. Ermənistan beynəlxalq qurumların dəfələrlə tələb etməsinə baxmayaraq, itkin düşmüş şəxslərlə bağlı informasiya verməkdən imtina edir. Bu, müharibə cinayəti kimi qiymətləndirilir və beynəlxalq hüquq çərçivəsində məsuliyyət daşıyır. Eyni zamanda, Ermənistanın mina xəritələrini təqdim etməkdən imtinası yalnız ərazilərin yenidən qurulmasını çətinləşdirmir, eyni zamanda, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsini də ləngidir.

Azərbaycanın bu sahədə həyata keçirdiyi diplomatik addımlar isə BMT Baş Assambleyasının 3-cü Komitəsində “İtkin Düşmüş Şəxslər” adlı qətnamənin qəbulu ilə məhdudlaşmır - ölkəmiz Ermənistanın müharibə cinayətlərini beynəlxalq məhkəmələrə çıxararaq hüquqi məsuliyyət tələb edir. Avropa İnsan Haqları Məhkəməsi və Beynəlxalq Cinayət Məhkəməsində bu məsələlər müzakirə olunur. Azərbaycan, xüsusilə Qoşulmama Hərəkatı çərçivəsində, itkin düşmüş şəxslərin hüquqlarını müdafiə edən təşəbbüslər irəli sürür, bu məsələni qlobal gündəlikdə saxlayır. Təsadüfi deyil ki, aparılan bu fəaliyyət öz nəticəsini verir - 2020-ci ildən sonra azad edilmiş ərazilərdə tapılan faktlar, dünya ictimaiyyətinin bu məsələyə diqqətini artırır və əsl həqiqətlərin yayılmasına yol açır.

Beləliklə, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycanın milli humanitar siyasətində prioritet məsələlərdən biri kimi yer alır.  Ermənistanın törətdiyi müharibə cinayətlərinin ifşa edilməsi və məsuliyyətə cəlb olunması beynəlxalq hüququn icrasında mühüm addım sayılır -  Azərbaycanın bu istiqamətdə beynəlxalq uğurları həm də insan haqlarının qorunması və regional sülhün təmin olunmasında mühüm rol oynayır.

P.İSMAYILOV

Избранный
32
yeniazerbaycan.com

1Источники