RU

COP29-un ilk 11 şəffaflıq hesabatı

Bakıda keçirilən COP29 konfransı çərçivəsində 11 ölkə şəffaflıq hesabatlarını təqdim edib. Bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibinin müavini Nura Xamlaci qlobal iqlim şəffaflığı üzrə nazirlərin “dəyirmi masası”nda məlumat verib.

Bu il Paris Sazişi çərçivəsində Təkmilləşdirilmiş Şəffaflıq Sisteminin tam tətbiqinin qeyd olunduğunu diqqətə çatdıran BMT rəsmisinin sözlərinə görə, artıq ilk İkiillik Şəffaflıq Hesabatları təqdim edilib. Həmin ölkələr Andorra, Qayana, Panama, Yaponiya, İspaniya, Türkiyə, Qazaxıstan, Almaniya, Maldiv adaları, Niderland və Sinqapurdur. “Bu ölkələr, həqiqətən də, digərləri üçün güclü nümunə göstərir. İkiillik Şəffaflıq Hesabatları hökumətlərin iqlim siyasətini dəqiqləşdirməyə və gücləndirməyə imkan verən etibarlı sübut bazası yaradır”, – deyə o vurğulayıb.

Həmin hesabatların nailiyyətləri qeydə aldığını, boşluqları müəyyən etdiyini və əlavə səylər və resursların harada tələb olunduğunu göstərdiyini diqqətə çatdıran Nura Xamlaci deyib ki, sözügedən sənədlər birgə tərəqqi haqqında ətraflı mənzərə yaradır və hansı sahələrdə əlavə tədbirlər və dəstək göstərilməli olduğunu ortaya qoyur: “Biz qəbul edirik ki, bu hesabatların hazırlanması və təqdim edilməsi prosesi, xüsusən də inkişaf etməkdə olan ölkələr üçün çətin ola bilər”.

Yeri gəlmişkən, Azərbaycanın xarici işlər nazirinin müavini, COP29 üzrə baş danışıqçı Yalçın Rəfiyev COP29 çərçivəsində keçirilən tədbirdə jurnalistlərə açıqlamasında bildirib ki, ölkəmiz İkiillik Şəffaflıq Hesabatlarının təqdim edilməsində mühüm rol oynayır və bu prosesə əhəmiyyətli töhfə verir: “Şəffaflıq hesabatları hər iki ildən bir bu planların icrasının effektivliyini qiymətləndirən sənədlərdir. Azərbaycan bu il ilk dəfə belə hesabatlar təqdim edəcək. İlin əvvəlindən biz İkiillik Şəffaflıq Hesabatlarını prioritet elan etdik, müxtəlif dövlətlərlə fəal işlədik və bu gün onların çoxu artıq hesabatlarını təqdim edib və ya ilin sonuna qədər təqdim edəcək”.

Şəffaflığın iqlim fəaliyyəti sahəsində əsas elementlərdən biri olduğunu diqqətə çatdıran baş danışıqçının sözlərinə görə, burada əsas məqam dövlətlərin hər beş ildən bir öz məqsədlərini bəyan edərək növbəti beş il üçün ambisiyaların müəyyənləşdirilməsi və onların icra planlarının hazırlanması ilə bağlıdır.

COP29 çərçivəsində keçirilən Nazirlər Görüşündə İkiillik Şəffaflıq Hesabatlarını təqdim edən nümayəndə heyətləri mükafatlandırılıb.

XQ

Избранный
14
xalqqazeti.az

1Источники