RU

Milli Məclis sədrinin görüşləri

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 18-də COP29-da iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının vitse-prezidenti və iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Pere Joan Pons ilə görüşüb.

Görüşdə COP29-un və Parlament Görüşünün uğurlu təşkili, bu tədbirlər zamanı aparılan müzakirələrlə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər COP29-un iqlim dəyişikliyi ilə effektiv mübarizə aparmağa imkan verəcək mühüm qərarların əldə edilməsi ilə nəticələnəcəyinə inamlarını ifadə ediblər.

İqlim dəyişikliyi ilə bağlı məsələlərin həllində parlamentlərin önəmli rolunun vurğulandığı söhbət zamanı iki gün davam edən Parlament Görüşündə milli parlamentlərdən, parlamentlərarası təşkilatlardan və digər qurumlardan 90-dan çox nümayəndə heyətinin iştirak etdiyi xatırladılıb.

ATƏT PA-nın vitse-prezidenti belə mötəbər tədbirə uğurla ev sahibliyi etdiyi üçün Azərbaycanı təbrik edib. Qonağın fikrincə, iqlim dəyişikliyi ilə bağlı məsələlərə qlobal yanaşma dəyişməli və bu sahəyə diqqət daha da artmalıdır. O, COP29-da qəbul olunmuş qərarların bütün dünya üçün əhəmiyyətli nəticələrə gətirib çıxaracağına inamını ifadə edib.

Milli Məclisin sədri Sahibə Qafarova həmin gün Zimbabve Milli Assambleyasının sədri Yakob Mudenda ilə də görüşüb.

Parlament Görüşünün uğurla başa çatdığını qeyd edən Milli Məclisin sədri bildirib ki, iclasın yekunu olaraq qəbul edilmiş yekun sənəd iqlim dəyişikliyi məsələsində bizim ümumi mövqeyimizi əks etdirir.

Yakob Mudenda həm COP29, həm də Parlament Görüşünün çox uğurla təşkil olunması münasibətilə təbriklərini çatdıraraq, Azərbaycanın ev sahibliyi ilə keçirilən bu mühüm qlobal tədbirə beynəlxalq marağın böyük olduğunu bildirib. O, COP29 çərçivəsində keçirilən müzakirələrdə az inkişaf etmiş ölkələrə dəstək göstərilməsi ilə bağlı çağırışların vacib olduğunu söyləyib.

Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlıq məsələləri də müzakirə olunub.

XQ

Избранный
12
xalqqazeti.az

1Источники