RU

Qarğıdalı əkən fermerlərin işi bundan sonra lap yaxşı gedəcək...

Image

Akif Nəsirli: “Subsidiyanın verilməsi ilə yanaşı, xərclənmə qaydası dəyişməlidir”

Aqrar Subsidiya Şurası məhsul subsidiyası verilən bitkilərin siyahısını genişləndirir. Şuranın qərarına əsasən, 2025-ci təsərrüfat ilindən başlayaraq fermerlər qarğıdalı əkinlərinə görə əkin subsidiyası ilə yanaşı, məhsul subsidiyası da ala biləcəklər. 

Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda qeyd edilir ki, qarğıdalıya görə məhsul subsidiyası qarğıdalıdan nişasta, qlükoza, yağ və fruktoza istehsal edən müəssisələrə verilən məhsula şamil edəcək. Öz torpaq sahəsində qarğıdalı yetişdirən və məhsulu belə müəssisələrə təhvil verən fermerlər əkin subsidiyası ilə yanaşı təhvil verdikləri qarğıdalının hər tonuna görə 50 manat məhsul subsidiyası alacaqlar.

Qeyd edək ki, buna qədər Azərbaycanda yalnız pambıq, şəkər çuğunduru və tütünə görə məhsul subsidiyası verilirdi. Aqrar Subsidiya Şurası növbəti təsərrüfat ilindən qeyd olunan bitkilərlə yanaşı qarğıdalıya görə də məhsul subsidiyası ödənilməsini qərarlaşdırıb. Şuranın qərarında məhsul subsidiyası ödəniləcək bitkilər siyahısında pambıq, şəkər çuğunduru, tütün və qarğıdalıdan başqa günəbaxan və soyanın da adları var.

Maraqlıdır, fermerlərə əlavə subsidiyanin verilməsi aqrar sahəyə necə təsir edəcək?

“Fermer ona çatan subsidiyanın hamısını nağdlaşdırma imkanına malik olmalıdır”

Liberal Iqtisadçılar Birliyinin sədri Akid Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, hazırda kənd təsərrüfatı sahəsinə ayrılan subsidiya kifayət qədər aşağı məbləğdir. Üstəlik, həmin subsidiyanın istifadə qaydası normal deyil: “Məlumdur ki, fermer subsidiyanın 75 faizini nağdlaşdıra bilmir. Fermerlər Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi şirkətlərdən vəsaiti ala bilir. Fermerlər sanki həmin şirkətlərə təhkim olunub. Şirkətlər çox yaxşı bilir ki, fermer subsidiyanın 75 faizini onlara xərcləməlidir. Onlar da bu vəziyyətdən istifadə edib, ucuz keyfiyyətsiz vasitələr gətirib, bazardan da baha qiymətə fermerə satır. Nəticədə bu işdən qazanclı çıxan həmin şirkətlər olur. Bu səbəbdən də hesab edirəm ki, subsidiyanın artırılması təqdirəlayiqdir haldır”.

Ekspert hesab edir ki, subsidiyanın verilmə qaydası dəyişməlidir: "Fermer ona verilən subsidiya ilə bazardan ən keyfiyyətli məhsulu ala bilməlidir. Məsələn, mən fermer olaraq keyfiyyətsiz toxumdan qarğıdalı əkirəmsə məhsuldarlıq zərbə altına düşəcək. Həmçinin, zərərvericilərə qarşı mübarizə preparatları var. Həmin dərmanların keyfiyyətsizliyi bu il pambıq sahələrində özünü göstərdi. Məlumdur ki, bu il yay sərin keçdi. Yay fəslində sərin hava zərərvericilər üçün münbit şərait sayılır".

Həmsöhbətimiz onu da əlavə etdi ki, subsidiyanın verilməsi ilə yanaşı, xərclənmə qaydası dəyişməlidir. Fermer ona çatan subsidiyanın hamısını nağdlaşdırma imkanına malik olmalıdır.

Günel CƏLİLOVA





Избранный
29
baki-xeber.com

1Источники