RU

Azərbaycan düşməninə ləyaqət dərsi: Pallone Bakıya gəlişinə peşman edildi

Vətəndaş cəmiyyəti ermənipərəst konqresmeni itiqovan vəziyyətinə saldı və başını götürüb qaçdı; onun məqsədi anti-Azərbaycan hesabatlarını təqdim etmək idi... - təfsilat

ABŞ-ın ən fəal ermənipərəst siyasətçilərindən biri, Demokrat Partiyasından olan konqresmen Frenk Pallonenin COP29 tədbirlərinə qatılması üçün Bakıya gəlişi kifayət qədər sensasion hadisə oldu. Bu, əslində erməni lobbisi və COP29 boykotçuları üçün yaxşı xəbər sayılmaz. 

ABŞ-ın ən fəal ermənipərəst siyasətçilərindən biri, Demokrat Partiyasından olan konqresmen Frenk Pallonenin COP29 tədbirlərinə qatılması üçün Bakıya gəlişi kifayət qədər sensasion hadisə oldu. Bu, əslində erməni lobbisi və COP29 boykotçuları üçün yaxşı xəbər sayılmaz. 

Bəllidir ki, Pallone Adam Şif və Robert Menendezlə (sonuncu haqda korrupsiya ittihamı ilə cinayət işi açılıb - red.) birlikdə ABŞ-da əsas ermənipərəst lobbiçilərdən biridir. 44 günlük müharibədən bir il qabaq (2019) o, qanunsuz şəkildə Qarabağa səfər də edib. Bununla bağlı o vaxt Azərbaycan XİN-in sərt bəyanatı olmuşdu. Təbii ki, F.Pallone də XİN-in “qara siyahısı”nda idi. Lakin Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini tam bərpa edəndən sonra rəsmi Bakı xoş məram göstərərək, bir növ “qələbə amnistiya”sı elan edərək siyahını ləğv edib. İndi qalır Pallone kimilərin tövbə edib günahlarını yuması. Hərgah Qarabağda ötənilki antiterror əməliyyatından sonra da Frenk Pallone Azərbaycana qarşı bəyanatlar səsləndirib, Konqresdə ölkəmiz əleyhinə dinləmələrə qatılıb. İddia edib ki, guya Azərbaycan son antiterror tədbirləri zamanı “beynəlxalq hüququ pozub”.

“Yeni Müsavat” xatırladır ki, Pallone 25 il öncə də Bakıda olub. Lakin azərbaycanlı qaçqın-köçkünlərlə görüşməkdən imtina etmişdi. Gözlənildiyi kimi, Bakıda o, gül-çiçəklə yox, sərt etirazla qarşılandı. Belə ki, qaldığı hotelin qarşısında aksiyalar keçirildi. Aksiya iştirakçıları daim Azərbaycan xalqına qarşı qərəzli mövqeyi ilə seçilən Pallonenin üzr istəməsini, fikirlərinə düzəliş etməsini, eləcə də dərhal Bakını tərk etməsini tələb ediblər. “Pallone, rədd ol!” şüarları ilə hotelə mühafizəçilərinin və yerli hüquq-mühafizə orqanlarının köməkliyi ilə daxil ola bilən ABŞ konqresmeni bütün görüşlərini ləğv edib. Onun hoteldə otağından çıxmadığı bildirilir. ABŞ Prezidentinin İqlim üzrə Xüsusi Nümayəndəliyinin Qanunvericilik Məsələləri üzrə Direktoru Julia Greensfelder bildirib ki, ABŞ konqresmeni Frank Pallone artıq Azərbaycanda deyil. Ümumiyyətlə, Pallone Azərbaycan xalqının hiddətindən ehtiyat edir. Bunu da qeyd edək ki, 25 il öncə məhrum prezident Heydər Əliyev onu qəbul etmişdi. Bəs İlham Əliyev necə, Azərbaycan xalqından üzr istəyərsə, onu qəbul edərmi? Ümumən, doğrudanmı o, iqlim probleminə görə Bakıya gəlmişdi?

Bu arada Azərbaycan vətəndaş cəmiyyətinin bir qrup təmsilçisi ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qalması, xəsarətlər alması barədə birgə bəyanat yayıb. QHT təmsilçiləri hüquq-mühafizə orqanlarına müraciət edərək Pallonenin göstərişi ilə onun mühafizəçiləri tərəfindən zorakılığa, şiddətə məruz qaldığıqlarını bəyan ediblər: “İslamafob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner ABŞ konqresmeni Frank Pallone Azərbaycan xalqına nifrət edən şəxsdir, onun bütün fəaliyyəti Azərbaycana qarşı iftiralar üzərində qurulub. O, ABŞ-da erməni lobbisinin maraqlarını müdafiə edir, dəfələrlə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik edib. Biz təəssüf edirik ki, BMT belə bir şəxsi COP29-a dəvət edib”. Etirazçılar bəyan ediblər ki, dinc aksiya zamanı Frank Pallonenin mühafizəçiləri onlara çoxsaylı xəsarətlər yetirib: “Bədənimizin müxtəlif yerlərindən müxtəlif dərəcəli zədələr almışıq. Bizim həyatımızı yerli hüquq mühafizə orqanları xilas edə bildi. Aksiyanın foto və videoları ictimailəşib. Biz həmin görüntülərin araşdırılmasını, Frank Peloninin mühafizəçiləri, Azərbaycan sərhədlərini işğal dövründə dəfələrlə qanunsuz keçmiş sərhəd pozucusu Frank Pallone barəsində hüquqi tədbirlər görülməsini tələb edirik”.

Telman

Telman Qasımov

Aksiyanın iştirakçılarından biri Telman Qasımovun “Yeni Müsavat”a bildirdiyinə görə, ermənipərəst konqresmenin məqsədi Bakıda provokasiya yaratmaq idi: “Pallone qoltuğunun altında bir neçə qovluqla gəlmişdi və hamısı Azərbaycana qarşı hesabatlar idi. Onun niyyəti həmin hesabatları COP29 çərçivəsində yerli və beynəlxalq media qarşısında dünya ictimaiyyətinə çatdırmaq idi. Ancaq biz bu bədnam konqresmenin xain planını həyata keçirməyə imkan vermədik. O baxımdan hesab edirəm ki, aksiya nəticə verdi və Pallone Bakıdan qaçıb getdi. Fakt budur ki, həmin hesabatları təqdim edə bilmədi”. 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadənin qəzetimizə dediyinə görə, Pallone layiqli cavabını aldı. Onun fikrincə, Azərbaycan düşməninə vətəndaş cəmiyyəti haqlı etirazını bildirdi və onu Bakıya gəldiyinə peşman elədi: “Azərbaycana kin bəsləyən, ərazi bütövlüyümüzə hörmətsizlik edən, erməni pulu ilə qidalanıb, onların tapşırıqlarını Bakıda icra etməyə gələn bir konqresmen belə bir münasibət də görməliydi. Frenk Pallone illərdir ki, Azərbaycan əleyhinə iş aparır. İndi belə bir xain adamın Bakıya gəlməsi məkrli planından xəbər verirdi. Mən inanmıram ki, COP29-da iştirak arzusu olub. Sadəcə, bu tədbirdən platforma kimi istifadə etməklə ölkəmiz əleyhinə ermənipərəst bəyanatlar verməyi nəzərdə tuturdu. Ancaq arzusu gözündə qaldı”.

Elxan

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu isə yada salır ki, Pallone Bakıya ilk dəfə deyil gəlib: “O, 1999-cu ildə Konqresin bir qrup nümayəndəsi ilə Azərbaycanda səfərdə olub. Həmin il konqresmenlərlə görüşən mərhum dövlət başçısı Heydər Əliyev Azərbaycan torpaqlarının işğal altında qalmasına ədalətsiz yanaşmalarına görə onları tənqid etmişdi. Konqresmenlər helikopterlə çadır şəhərçiklərinin birinə gedib orada yaşayan insanların bir qismi ilə görüşmüşdülər. Təkcə Frenk Pallone qaçqınlarla görüşməkdən imtina etmişdi. Maraqlıdır ki, həmin il Pallone Azərbaycana xanımı ilə gəlmişdi. Həmin görüşün maraqlı məqamlarından biri də bu idi ki, konqresmenlər Heydər Əliyevdən mətbuatın görüşü tərk etməsini istəmişdilər. Bunu belə əsaslandırmışdılar ki, onlar Bakıda mətbuat konfransı keçirəcəklər. Buna baxmayaraq, Heydər Əliyev onlarla razılaşmayaraq görüşdə medianın iştirakını təmin etmişdi”. 

Analitikin fikrincə, Pallone Azərbaycan həqiqətlərini 25 il əvvəl yerindəcə dinləmək imkanı qazanıb: “Ancaq bu onun ermənipərəst mövqeyinə təsir etməyib, o, əvvəlkitək Azərbaycanı ittiham edib, hətta işğal dövründə Qarabağda olub. 25 ildən sonra Bakıya yenidən gələn Frenk Pallone geri qayıtdıqdan sonra yenə fikirlərini dəyişməyəcək. Sadəcə, Frenk Pallone Konqresin bəlkə də yeganə ermənipərəst üzvüdür ki, ittiham etdiyi Azərbaycana ikinci dəfə səfər etməyi lazım bilib. Doğrudur, o, COP29 tədbirinə görə Bakıya gəlib və X platformasındakı hesabında yazıb ki, Amerikanın iqlim dəyişikliyi ilə mübarizədə iştirakı davam edir. Konqresin Energetika və ticarət komitəsinin üzvü olan Pallone yeni prezident Donald Trampın Birləşmiş Ştatları iqlim üzrə Paris sazişindən yenidən çıxarmaq planlarını da pisləyib. Ancaq bunun üçün Azərbaycana gəlməyə ehtiyac yox idi. Bu, Frenk Pallonenin növbəti avantürasına bənzəyir. Hər halda, ABŞ-ın erməni lobbisi üçün də bu sual maraqlıdır: ”Frenk Pallonenin Azərbaycana səfər etməkdə məqsədi nədir?"

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

Избранный
31
2
musavat.com

10Источники