Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti də tənzimlənən qiymətlərə daxil ediləcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsinə münasibət bildirərkən danışıb.
O qeyd edib ki, Azərbaycanda Aİ-95 markalı benzinin istehsalına başlanıb, tənzimlənən qiymətlərlə 1,60 AZN-ə satılır.
“Lakin hələ ki, Aİ-95 markalı benzinin qiyməti tənzimlənən qiymətlərlə satılan məhsullar sırasına daxil edilməyib. Qiyməti tənzimlənməyən enerji resursları, mühərrik yanacağı, Aİ-95 və Aİ-98 yanacağının qiyməti tənzimlənmir, ancaq onların istehsalı nəticəsində təbiətə ziyan dəyir.
Qanuna təklif edilən dəyişikliklərə əsasən, qiymətləri tənzimlənməyən məhsuların da fonda köçürmələri cəlb edilə bilər. Qərara gəldik ki, bunun enerji məhsullarının satışından əldə edilən gəlir kimi yazılması daha aydın və əlavə sual yaratmayacaq. Beləliklə, bu məhsulların satışından əldə edilən vəsait də fonda cəlb ediləcək”, deyə şöbə müdiri qeyd edib.
Rauf Qurbanovun sözlərinə görə, Aİ-95 də yaxın vaxtlarda Nazirlər Kabineti tərəfindən sözügedən siyahıya salınacaq.
Nuranə Daxilqızı