RU

Avropa İttifaqının strateji geosiyasi proqnozları: ssenarilər və perspektivlər

Kamal Adıgözəlov

III məqalə

Dünyada baş verən sürətli geosiyasi proseslər bütün böyük gücləri fəallaşdırıb. Hazırda onlar qlobal miqyasda nüfuz dairələrinin yeni geosiyasi bölgüsündə daha çox pay almağa çalışırlar. Bu prosesin fonunda ənənəvi güc mərkəzləri də xeyli fəallaşıb. Həmin aspektdə Avropa İttifaqı (Aİ) xüsusilə seçilir. Çünki bu təşkilat həm daxili çətinliklərlə üzləşib, həm də ənənəvi ABŞ asılılığından qurtulmağa çalışır. Lakin hələlik konkret bir nəticə yoxdur. Bunun səbəbləri kimi bir sıra ekspertlər Aİ-nin özünü daxildən yeniləşdirə bilməməsini də göstərirlər. Həmin prizmadan təşkilatın gələcəyi ilə bağlı irəli sürülən ssenarilər üzərində geniş dayanmağa ehtiyac görürük.

Qərbin inkişaf paradoksu

Artıq bir neçə onilliklərdir ki, Avropa İttifaqının gələcək taleyi ilə bağlı müxtəlif pessimist fikirlər irəli sürülür. Filosoflar, politoloqlar və sosioloqlar Aİ ilə əlaqədar müxtəlif ssenarilərdən bəhs edirlər. Onların sırasında təşkilatın inkişafının ciddi çətinliklərlə üzləşməsi xüsusi yer tutur. Bu ilin sentyabrında Mario Draqinin məlum məruzəsindən sonra isə bu mövzu daha intensiv surətdə təhlil hədəfinə çevrilib.

Əslində, bu proses çoxdan başlayıb. M.Draqinin məruzəsində aktuallaşdırdığı məqamlar isə artıq XXI əsrin "sürprizləri"dir. Bunun kökündə 2000-ci illərdə Qərb filosof və alimlərinin "Qərb qürub edir"! kimi bir proqnozu durur. Onun səbəbləri haqqında fərqli fikirlər ifadə edilir. Həmin sırada ekspertlərin "Qərbin inkişaf paradoksu" adlandırdıqları, əslində isə, təbii olan bir proses xüsusi yer tutur.

Yazırlar ki, Avropa ənənəvi olaraq aparıcı yerdə olan dövlətləri bir sıra qüvvələrin inkişafda qabaqlayaraq irəli çıxa biləcəyindən narahatdır. Məsələn, Şərqi Avropanın bir sıra dövlətləri Aİ-də avanqard ola bilərlər. Bu da Böyük Britaniya, Fransa və Almaniya üçün psixoloji olaraq qəbuledilməz paradoks kimi görünür. Yəni, "bu günə qədər kiçik olanlar, ənənəvi böyüklərdən irəli çıxacaqlar?" (bax: Ермолаев А. Пикник на женевской обочине (о видимом и невидимом) / Горизонты событий, 2021, №3).

Vurğuladığımız kontekstdə iki mühüm faktoru qeyd etməyə ehtiyac vardır. Onlardan biri Avropa İttifaqı üçün ABŞ, Çin və Rusiya ilə yanaşı, digər perspektivli qüvvələrin də (məsələn, Türk Dövlətləri Təşkilatı) "inkişaf paradoksu" kimi qəbul edilməsi ilə əlaqəlidir. Amerika, Çin və Rusiya aydındır, çünki bu barədə çoxdan danışılır. Onların sırasına TDT-nin də daxil edilməsi maraq doğurur. Lakin TDT ayrılıqda deyil, perspektivi olan bir neçə gücün tərkib hissəsi kimi götürülür. Hesab edilir ki, TDT özünün fəal kültür siyasəti və yardımları (xüsusilə Azərbaycanın fəallığı vurğulanır) ilə Amerika-Britaniya tandeminin ("Atlantik xartiyası") xeyrinə işlər görür.

Bu kimi hadisələrin fonunda qlobal miqyasda "Aİ-nin geosiyasi güc olaraq irəli çıxmasına mane olan faktorlar" xülyasına patoloji şəkildə qapılaraq inanırlar ki, proseslər mürəkkəb və təhlükəli gedişatdan xəbər verir. Bəs real vəziyyət necədir?

Məsələ ondan ibarətdir ki, ABŞ başda olmaqla Qərb bir neçə əsrdir ki, vərdiş etdikləri liderlik mövqelərini itirməkdə olduqlarını nə məntiqi, nə də duyğusal olaraq qəbul etmək istəmirlər. Hansı dövlət ki, bu mövqedə deyil, onu düşmən, rəqib, qeyri-demokratik, barbar, dünyaya təhlükə kimi qələmə verməyə başlayırlar. Çin buna görə "qlobal təhlükə"dir, Rusiya buna görə "cəzalandırılmalıdır", Türkiyə hədəf olmalıdır, hətta Azərbaycan belə "doğru seçim etməyib" və indi sevimli Tbilisi də "yolunu azıb"!

Daha geniş miqyasda Paris-Berlin rəqabəti güclənir, Aİ-nin Britaniya-Amerika gücünə qarşı narazılıqları artır, TDT-nin geosiyasi rolundan narahat olur, Çin və Rusiya məsələsi yeni təhlükə səviyyəsinə qalxır.

Deməli, "inkişaf paradoksu"nu Qərbin siyasi şüurunun özü yaradıb və hazırda onun əziyyətini çəkməkdədir. Lakin məsələ yalnız başqalarının inkişaf perspektivi ilə bağlı deyildir. M.Draqinin məruzəsi bir daha göstərdi ki, Aİ-nin təşkilat olaraq quruluşu, funksiyaları və məqsədləri baxımından xeyli problemləri vardır və təşkilat yenilənməlidir. Məsələyə bu prizmadan baxdıqda, ekspertlərin bir sıra təhlil və proqnozları üzərində dayanmaq lazım gəlir.

Aİ-nin gələcəyi: iki prizmadan baxış

Ekspertlər Aİ-nin beynəlxalq miqyasda baş verən geosiyasi proseslərə iki prizmadan baxdığını vurğulayırlar. Onlardan birincisi qlobal səviyyədə ABŞ, Böyük Britaniya, "Böyük yeddilər", NATO, Aİ-ABŞ görüşləri, ABŞ-Çin və ABŞ-Rusiya münasibətləri çərçivəsində müşahidə edilən gedişatla əlaqəlidir. Aİ, faktiki olaraq, bu proseslərdən özü üçün təhlükəli məqamlar "icad edib".

Məsələn, Britaniya-Amerika tandemindən narahatdır. Hesab edir ki, bu tandemin güclənməsi Aİ-nin qlobal geosiyasi güc kimi geriyə atılmasına səbəb ola bilər. ABŞ-ın Çin və Rusiya ilə münasibətlərinin məntiqində də antiavropa məqamları ola bilər.

Analitiklər bu kontekstdə dünyanın indi fundamental dəyişikliklər yaşadığını yazırlar. Bu da təbii olaraq beynəlxalq aləmdə güc dəyişmələrini gündəmə gətirir. Bu prosesdə çoxqütblülüyün əsas əlamətlərdən biri olduğu vurğulanır. Ancaq "güc mərkəzlərinə aid olmaq kriteriyaları və hansı dövlətlərin bu kateqoriyaya aid edilməli olması məsələsi hələ də diskussiya xarakterlidir" (bax: Тимофеев П. Будущее Евросоюза в XXI веке: Растущие амбиции Франции в контексте кризиса международной безопасности / "Независимая газета", 21.10.2019). Həmin kontekstdə diskussiya mövzularından biri Aİ-nin bu kateqoriyaya daxil olub-olmaması ilə bağlıdır.

Beləliklə, Brüssel aydın görür ki, qlobal güclər dünyanı yenidən bölüşdürməyin izinə düşüblər. Amerikanın ənənəvi dominantlığı isə bu prosesdə Avropanı geridə qoya bilər. İkinci kontekst Avropa üçün vəziyyətin özünün daha ağır olması ilə bağlıdır. Ekspertlər yazırlar ki, Aİ-ni yaradan ölkələr müharibə təhlükəsindən daha amansız tarixi çağırışlarla üz-üzədirlər. Onlar suverenliklərini itirməkdən qorxurlar. Buraya demoqrafik, mədəni və iqtisadi böhranlar da daxildir.

Bu böhranlar, faktiki olaraq, təşkilatı "ölüm-qalım" seçimi qarşısında qoyub. Patrik Byükenenin XXI əsrin başlanğıcında ifadə etdiyi "Qərbin qürubu" deyimi indi yeni məna çalarları almaqdadır. Həmin anlamda Aİ-nin islahatları, əslində, ayaqda qalmaq, geosiyasi tabeçilikdən qurtulmaq istiqamətində göstərilən cəhd kimi qiymətləndirilə bilər (bax: Ермолаев А. Göstərilən məqaləsi).

Deməli, Aİ-nin təşkilat kimi funksionallığı və təşkilatlanması problemlərlə üzləşib. Həmin kontekstdə Avropada parlamentarizmin tənəzzülü ayrıca xətti təşkil edir.

Əldən verilmiş imkan

Ekspertlər hesab edirlər ki, Aİ yeniləşmək şansını əldən verib. Bu, son parlament seçkisində özünü daha qabarıq göstərib. Məsələ ondan ibarətdir ki, Avropa Parlamentində sağlar, ultrasağlar, populistlər, sollar, ultrasollar və digər siyasi qruplar mübarizə aparıblar. Onlar avropamərkəzçilər və ayrılma tərəfdarları kimi iki düşərgəyə bölünürlər. Avropamərkəzçilər Aİ-nin qlobal güc olmasına çalışırlar. Onlara E.Makron liderlik etməyə çalışır. Builki parlament seçkisində mərkəzçilər qalib gəlsələr də, yeni tendensiyalar da özünü göstərməkdədir. Bununla da hesab edilir ki, Avropa Parlamentində kadr rotasiyası bütövlükdə baş tutsa da, təşkilatın əhatəli yeniləşməsi üçün yetərli deyildir (bax: Энтина Е.Г. Евросоюз упустил шанс обновиться: Брюссель сделал ставку на старый состав руководства / "Независимая газета", 27.10.2024).

Səbəb onunla bağlıdır ki, Aİ daxilində inteqrasiya, fəaliyyət əhatəsi və genişlənmə ilə bağlı vahid mövqe yoxdur. Bunlardan başqa, M.Draqinin məruzəsində yer almış rəqəmsallaşma və sərmayə qoyuluşu kimi məsələlərdə problemlər davam edir. Xüsusən genişlənmə ilə bağlı fikir ayrılıqları və qarşıya çıxan funksional çətinliklər, məsələn, bürokratik maneələrin artması qərar qəbuletmədə qeyri-müəyyən situasiya yaradır (bax: Арбатов Н.К. Подводные камни новой волны расширения ЕС: Странам-кандидатам и самому Евросоюзу необходимы реформы / "Независимая газета", 15.10.2023).

Bütün vurğulanan məqamları M.Draqinin məruzəsində yer almış tezislərlə müqayisə etdikdə, Avropa İttifaqının gələcəyi ilə bağlı ziddiyyətsiz proqnoz verməyin çox çətin olduğu qənaəti yaranır. Əlbəttə, yuxarıdakı çətinliklər heç də təşkilatın zəif olması və ya tamamilə inkişaf potensialını itirməsi anlamına gəlmir. Aİ indi də siyasi, hərbi, diplomatik, iqtisadi güc kimi irəlidə gedən təşkilatdır. Söhbət perspektivdə bu vəziyyətin necə qalacağı ilə bağlıdır. Bu aspektdə Brüssel üçün hansı ümidlərin yarana biləcəyi üzərində düşünmək lazım gəlir: indi mənzərə bir qədər dumanlı görünür!

Избранный
48
turkustan.az

1Источники