RU

COP29-dakı razılaşmalar Xəzərin ekoloji problemlərinin həllini sürətləndirəcək

İqlim dəyişikliklərindən getdikcə daha çox təsirlənən Xəzər dənizində qeydə alınan ekoloji problemlərin daha böyük sürətlə dərinləşməsi müşahidə olunur. Buna paralel olaraq, zəngin biomüxtəlifliyə və ekosistemə malik unikal təbii mühit olan bu dənizə antropogen təsirlərin də artması qeydə alınır.

Nəticə etibarilə Xəzərin səviyyəsinin davamlı azalması, dənizin fauna və florasının daha böyük təhdid altına düşməsi baş verir.  Təbii ki, dənizlə bağlı yaşananlar sahilyanı ölkələrə, xüsusən də onların iqtisadiyyatına ciddi təhlükələr yaradır. Dünya Bankının yanaşması da təsdiq edir ki, Xəzər dənizində su səviyyəsinin davamlı azalması təkcə ekoloji problem deyil, həm də iqtisadi inkişafın məhdudlaşdırılmasıdır.

Bununla bağlı Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays qeyd edir ki, su səviyyəsinin azalması artıq sahilyanı ölkələrin iqtisadiyyatına təsir göstərir: “Bəzi gəmilər tutumunun yalnız 50 faizi qədər yüklənə bilər. Quraşdırılmış avadanlıqların və tikilmiş infrastrukturun bir hissəsi artıq istifadəyə yararsız hesab edilir. Bu səbəbdən Dünya Bankının tədqiqatı, eyni zamanda mövcud şəraitdə limanların və gəmiçiliyin dayanıqlılığını artırmaq üçün həyata keçirilə biləcək tədbirlərin müəyyənləşdirilməsinə yönəlib”.

Araşdırmalar belə bir təhlükəli məqamı da üzə çıxarır ki, son illərdə Xəzər dənizinin səviyyəsi normadan daha artıq azalır. Hətta əksər proqnozlara əsasən, növbəti 5 ildə Xəzər dənizinin səviyyəsi mənfi 29,6 metrə düşəcək. Təcili tədbirlər görülməsə, azalma davam edəcək və 2050-ci ilə qədər dənizin səviyyəsi mənfi 32-34 metr səviyyəsinə qədər enə bilər. Tədqiqatlar üzə çıxarır ki, Xəzərdə son illərdə illik azalma həyəcanverici səviyyəyə yüksələrək 20-30 santimetr təşkil edir. Azalma bu templə davam edərsə, ilk növbədə sahilyanı ölkələri böyük ekoloji problemlər və çoxsaylı iqtisadi risklər gözləyir.

Bütün bunlar fonunda təsadüfi deyil ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası (COP29) çərçivəsində aparılan müzakirələrdə Xəzər dənizi ilə bağlı durum əsas diqqət mərkəzində yer alan məsələlərdən biri olub. Təbii ki, problem ilk növbədə sahilyanı ölkələr üçün təhlükə yaratdığından onların məsələnin həlli üçün birgə səylər göstərməsi zəruri xarakter daşıyır. COP29-da bu xüsusda sahilyanı ölkələr tərəfindən atılan addımlar yuxarıda sadalananlarla bağlı olaraq tamamilə təbii xarakter daşıyır. Hətta tədbir çərçivəsində Xəzərlə bağlı artıq önəmli razılıqlar da əldə olunub. Belə ki, COP29-da təşkil olunmuş Azərbaycan milli pavilyonunda “İqlim dəyişikliyi fonunda Xəzər dənizinin səviyyəsinin azalması” mövzusunda Xəzəryanı ölkələrin rəsmilərinin toplantısı keçirilib. Toplantıda Xəzəryanı ölkələrin – Azərbaycanın, İranın, Qazaxıstanın, Rusiyanın və Türkmənistanın nümayəndələri, rəsmiləri, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə UNEP-in icraçı direktoru İnger Andersen tərəfindən təqdim olunan, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə UNEP-in birgə əməkdaşlığı əsasında hazırlanan “Xəzər dənizi səviyyəsinin tərəddüdləri və iqlim dəyişmələri” adlı hesabat bir daha dənizdə iqlim dəyişmələri və antropogen təsirlər fonunda ciddi problemlərin yarandığını göstərib. Xüsusi qeyd edilib ki, qarşıdakı onilliklərdə Xəzərdə suyun səviyyəsinin enməsi ehtimalının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlərin görülməsi vacibdir. Əks halda dənizdəki ekosistemlərin məhvi, sahilyanı ərazilərdə əhalinin yaşayış yerlərini tərk etməsi, Xəzər sahillərindəki ölkələrin iqtisadiyyatlarının təhdid altına düşməsi qaçılmaz olacaq. Bütün bunlar onun təsdiqidir ki, Xəzərdəki böhran təkcə ekoloji deyil, həm də humanitar xarakter daşıyır, dolanışıq və ərzaq təhlükəsizliyinə təsir edərək milyonlarla insanın gündəlik həyatına ciddi təsir göstərmək iqtidarındadır.

İndi əsas məsələ bu fəlakətlərin önlənilməsinə nail olmaqdır. Elə bundan irəli gələrək, COP29 çərçivəsində keçirilmiş tədbirin sonunda “Xəzəryanı dövlətlərin nazirlərinin və yüksəkvəzifəli şəxslərinin Xəzər dənizi səviyyəsinin azalması ilə bağlı əməkdaşlığın gücləndirilməsi haqqında Bəyannamə” qəbul edilib. Sözügedən kontekstdə sahilyanı ölkələrin dənizin ekoloji durumu ilə bağlı koordinasiyalı fəaliyyəti Xəzərin üzləşdiyi problemlərin həllində şübhəsiz ki, mühüm rol oynayacaq. Bu, COP29-un Xəzərə mühüm töhfəsi kimi də qiymətləndirilə bilər.

Əldə olunan razılaşmalar ilk növbədə iqlim dəyişikliyinin Xəzər dənizinin sahil zonasına və onun infrastrukturuna təsirini azaltmaq üçün birgə strategiya və uyğunlaşma planının hazırlanmasında həlledici əhəmiyyət daşıyacaq.

UNEP-in icraçı direktoru İnger Andersen bu xüsusda bildirir: “Beş Xəzəryanı ölkə COP29 çərçivəsində Xəzərin səviyyəsinin azalması ilə bağlı Bəyannamə qəbul etdi. Bu, Azərbaycanın pavilyonunda baş verən tarixi hadisədir. Azərbaycan Tehran Konvensiyasını imzalayan beş ölkəni də bir araya gətirməyə nail olub. Bütün tərəflər razılığa gəlib ki, onlar birgə əməkdaşlıq edərək iqlim dəyişikliyinin yaratdığı təzyiqləri aradan qalmaq üzrə çalışacaq. Bundan əlavə isə Xəzər dənizinin bəxş etdiyi zənginliklərdən də birgə faydalanacaqlar. Biz anlamalıyıq ki, istiləşmə Xəzər dənizində yağıntıların azalmasına və suyun səviyyəsinin getdikcə enməsinə səbəb olacaq. Beş ölkədən olan alimlər bir araya gələrək bu məsələləri, iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılmasını həll etməlidir”.

Beləliklə, Xəzər dənizinin ekosistemlərinin qorunması əsasən sahilyanı dövlətlərin əlaqələndirilmiş fəaliyyətindən asılıdır. Xəzər dənizində ətraf mühitin monitorinqi və elmi tədqiqatlar sistemli və davamlı xarakter almalıdır. Sistem mümkün qədər çevik, təbii sərvətlərin idarə edilməsinə geniş ictimaiyyətin tədricən cəlb olunmasına uyğun olmalıdır. COP29 çərçivəsində aparılan müzakirələr və əldə olunan razılaşmalar da məhz buna xidmət edir.

MTM Analitik Qrup

Избранный
5
2
qafqazinfo.az

3Источники