RU

Səhiyyə boyda qeysəriyyə

Ölkəmizdə doğulan uşaqların sayının kəskin şəkildə azalması fonunda qeysəriyyə kəsiyi əməliyyatlarının artmasının müşahidə olunması həqiqətən maraq doğurur. Bu marağın arxasında həm də səhiyyəmiz boyda narahatlıq da dayanır ki, bunun adı qeysəriyyədir. Nə üçün səhiyyə boyda? Ona görə ki, qeysəriyyədən yaranan problemlər sonrakı illərdə ümumilikdə səhiyyənin problemlərinə çevrilir, bu doğuş metodu xəstəxanaların bütün şöbələri üçün xəstələr hazırlayır.

Yeri gəldi-gəlmədi aparılan qeysəriyyə əməliyyatları ilə dünyaya gələn uşaqların sonrakı tibbi problemləri, ananın ümumiyyətlə, fiziki sağlamlığına balta çalınması, uşaqların əslində məxsus olduqları bürclərin dəyişilməsi, necə deyərlər, köhnə kəndə yeni qaydaların gətirilməsi fonunda eyniləşən doğum günləri, əlamətdar günlərə salınan dünyayagəlmələr, bəli, qeysəriyyə əməliyyatlarına verilən geniş meydanda təzahür edənlərdir. Gündən-günə genişlənən bu meydanda kimdir günahkar? Analarmı, atalarmı, ginekoloq həkimlərmi, nənə-babalarmı, Avropaya inteqrasiyamı? Hansıdır günahkar? Bu barədə bir qədər araşdırma apararaq gəldiyimiz qənaətlər oldu.

Qeysəriyyə kəsiyi əməliyyatı nədir və kimlərə məsləhət görülür

Qeysəriyyə uşaqlığın kəsilməsi ilə körpənin çıxarılmasının nəzərdə tutulduğu əməliyyat növüdür. Mütəxəssis həkimlərin dediyinə görə dölün bətndaxili oksigen çatışmazlığı, uşaqlığın cırılma təhlükəsi, ciftin vaxtından qabaq ayrılması, ürək-damar sistemi, böyrəklər, sinir sistemi xəstəlikləri və patologiyaları, göz dibində dəyişikliklərlə müşayiət olunan yüksək dərəcəli miopiya (yaxınıgörmə), şəkərli diabet (ağır formada), istənilən xərçəng xəstəlikləri və bəzi digər xəstəliklər müşahidə olunduqda ana olacaq qadına qeysəriyyə əməliyyatı məsləhət görülür.

Yuxarıda qeyd etdiklərimiz qeysəriyyə zərurətini anladan amillərdir. Lakin qeysəriyyənin digər tərəfləri də var ki, müasir dövrümüzdə qadınlar artıq bu əməliyyata onun üçün müraciət edirlər. Məsələn, bu gün ölkəmizdə qeysəriyyə əməliyyatlarının sayı durmadan artır. Nə üçün? Birincisi, Avropaya inteqrasiya edən müasir qadınlarımız ağrısız uşaq dünyaya gətirməyə üstünlük verirlər. Canlarının ağrımamasını, əziyyət çəkməmələrini təbii qaydada doğuşdan üstün bilirlər. Lakin düşünən yoxdur ki, bir neçə saatlıq sancı və sonda təbii doğuşla tez bir zamanda normal həyata dönəcəyin təqdirdə, qeysəriyyə əməliyyatından sonra aylarla normal həyata qayıda, uşaqla əməlli-başli təmasda ola, onu əmizdirə, qayğısına qala bilmirsən. Beləliklə də uşağın ilk günlərdə ana südündən imtina etməməsi meydana çıxır. Sonra buna nə qədər çalışsan da, müsbət nəticə əldə olunmur.

İkincisi, bu bir dəb halını alıb ki, uşaq ya ata-ananın, ya baba-nənənin doğum günlərində, hansısa bir əlamətdar, bayram günlərində dünyaya gəlsin. Bunun üçün də analar və ailələr özləri doğum gününü müəyyənləşdirir, həmin gün səhiyyə müəssisələrinə yaxınlaşmaqla uşaqlarının dünyaya gəlməsini həyata keçirirlər. Öncəki cümlədə “doğuş” sözündən imtina etdim, çünki, analar və ana olacaq qadınlar doğuşu yox, sadəcə uşağın dünyaya gəlməsini həyata keçirirlər.

Doğuş bir möcüzədir, yoxsa “zerkalnı” nömrə məsələsi?..

Bəli, əslində doğuş bir möcüzədir. Elə bir möcüzə ki, o, yalnız bizi yaradanla bağlıdır. Doğuş anı qeyri-adilikləri yaradan, uşağın dünyaya gəlməsinə hökm verən və bunun üçün ağılagəlıməz şərait yaradan Yaradanla bağlıdır. Hətta doğuşun hansı günün hansı saatında, hansı dəqiqə və saniyəsində reallaşmasına da qərar verən Yaradanımızdır. Beləliklə də uşağın hansı ildə dünyaya gəlməsi, hansı bürcə məxsus olması da müəyyənləşir. Yəni Allah-təala tərəfindən ona bəxş olunan bir həyat kimi başa düşülür. Lakin biz nə edirik? Biz Allah-təalanın yazısına qarşı çıxırıq ki, bu barədə dəfələrlə yazmışıq, demişik, faydasını isə hələlik görməməkdəyik. Belə ki, qeysəriyyə dəbi cəmiyyətimizi elə əlinə alıb ki, düşünürəm, bundan asanlıqla yaxa qurtarmaq mümkün olmayacaq.

Biz uşaqlarımızın ad günlərinin öz ad günümüzlə eyni gündə olması və yaxud maşınlarımızın, telefonlarımızın “zerkalnı” nömrələri kimi, məsələn, belə bir tarixə - 24.04. 2024-cü ilə təsadüf etməsinə qərar veririk. Lakin bu, ağılsızlıqdan başqa heç nə deyil. Bununla biz Yaradanın alın yazısına, təbiətin uşaqlarımıza bəxş etdiyi bürclərə qarşı çıxmış oluruq.

Qeysəriyyə ilə dünyaya gələn uşaqların bürcləri yerdəyişmə edir. Doğuşu süni şəkildə özümüz müəyyən etdiyimiz üçün övladımız öz bürcündən yayınıb ondan sonrakı bürcə məxsus olur ki, bu da onun gələcək həyatında müəyyən çətinliklərlə üz-üzə qalmasına, eyni zamanda həmin uşağın ətrafındakı insanların çaş-başlığına gətirib çıxarır. Bu barədə də dəfələrlə yazmışıq, lakin hələlik ki, bizi nə dinləyən var, nə də bu məsələdən vaz keçən.

Rəqəmlər qeysəriyyə dəhşətindən danışır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, alimlərin 2000-ci ildən bəri apardığı araşdırma nəticəsində qeysəriyyə üsulu ilə övlad dünyaya gətirənlərin sayı artmaqdadır. Belə ki, 2000-ci ildə belə doğuşların sayı 12,1 faiz (16 milyon) idisə, 2015-ci ildə bu göstərici 21,1 faizə (29,7 milyon) qədər artıb. Alimlər qeydə alınan doğuşların yalnız 10-15 faizində qeysəriyyə əməliyyatının qaçılmaz olduğunu vurğulayırlar.

Qeysəriyyə ilə bağlı kiçik bir araşdırma etdik. Həqiqətən rəqəmlər dəhşətlidir. 2011-ci ildə Azərbaycanda 175 175 doğuşun 25 960-sı, 2012-ci ildə 173 376 doğuşun 30 794-u, 2013-cü ildə 171 508 doğuşun 28 954-i, 2014-cü ildə 168 889 doğuşun 30 561-i, 2015-ci ildə 164 614 doğuşun 45 942, 2016-cı ildə 158 051 doğuşun 46 555-i, 2017-ci ildə 142 710 doğuşun 47 760-ı, 2018-ci ildə 137 528 doğuşun 49 648-i, 2019-cu ildə 139 423 doğuşun 52 638-i, 2020-ci ildə 124 836 doğuşun 49 897, 2021-ci ildə 110 740 doğuşun 46 684-ü, 2023-cü ildə 111 800 doğuşun 35 100-ü qeysəriyyə əməliyyatı ilə olub.

Ölkədə hər 100 doğuşa düşən qeysəriyyə əməliyyatlarının sayı da artıb. Azərbaycanda 2014-cü ildə hər 100 doğuşdan 18,1-i, 2015-ci ildə 27,9-u, 2016-cı ildə 29,5-i, 2017-ci ildə 33,5-i, 2018-ci ildə 36,1-i, 2019-cu ildə 37,8-i, 2020-ci ildə 40,0-ı, 2021-ci ildə isə 42,2-si qeysəriyyə kəsiyi əməliyyatı ilə baş tutub.

Göründüyü kimi, ölkədə doğulan uşaqların sayı ildən-ilə azalır, doğulanların isə təbii yolla yox, qeysəriyyə əməliyyatı ilə dünyaya gəlməsi artır. Hansı ki, yuxarıda da qeyd etdiyimiz kimi, mütəxəssis alimlərin fikrinə görə, doğulanların yalnız 10-15 faizi müəyyən xəstəliklər səbəbindən qeysəriyyə üsulu ilə ola bilər. Statistik rəqəmlər isə 10-15 faizi dəfələrlə üstələyir. Buradan isə belə qənaətə gəlmək olar ki, bəli, bəzi həkimlərin də qeysəriyyəyə olan marağı anaların, ana olacaq qalınların və onların ailə üzvlərinin marağı qədərdir.

Ölkəmizdə qeysəriyyə əməliyyatlarının artmasını həkimlərin gəlir mənbəyinə çevirmələri kimi iddialar da var. Çünki bu əməliyyatlar daha baha başa gəlir. Araşdırma apararkən belə bir məlumatla da qarşılaşdım. Ölkəmizdə bəzi klinika və xəstəxanalarda tək uşaqların qeysəriyyə ilə cərrahi doğumu 2000-3000 manata, əkiz uşaqların qeysəriyyə ilə cərrahi doğumu 6000 manata, üçəmlərin qeysəriyyə ilə doğumu isə 10.000 manata qədərdir. Bu rəqəmlər ayrı-ayrı xəstəxana və klinikalarda dəyişir. Məsələn, rayonlarda qiymətlər Bakı şəhərindən xeyli ucuzdur. Belə ki, tək uşaqların doğumu 700-1000 manat arasında dəyişir.

Vaxtından 5-6 həftə erkən doğulan uşaqlar

Statistikaya görə, hər on uşaqdan biri vaxtından əvvəl doğulur. Mütəxəssislərin fikrincə, qeysəriyyə əməliyyatlarının belə sürətlə artması nəticəsində bu rəqəmlər getdikcə dəyişərək 1,5-2-yə çata bilər. Bu isə təbii ki, ailələrin uşağın doğulması üçün vaxtı özlərinin müəyyən etməsi ilə şərtlənir. Bu zaman 5-6 həftə erkən doğulmalar olur, analar qeysəriyyə əməliyyatına girirlər. Bu da ana və uşaq üçün risk, travmadır.

Bəli, yolverilməz hesab etdiyimiz bu hal ölkəmizdə getdikcə tüğyan edir, qarşısının alınması barədə isə hələlik heç bir yeni xəbər eşitmirik. Analar, ümumilikdə valideynlər, ailələr istədiklərini edir, səhiyyə müəssisələri isə onların istəklərini sevə-sevə yerinə yetirir. Bu əməliyyatlara razılıq verən, onları həyata keçirən həkimlərimiz isə həmin anaları bir böyük, ana kimi qarşılarına qoyub başa salmaq istəmirlər ki, bu əməliyyat həm sizin özünüz, həm də dünyaya gətirdiyiniz övladınız üçün tamamilə təhlükəlidir. Övladınızın gələcək inkişafı üçün zərərlidir. Axı həkimlərin özləri təsdiq edirlər ki, qeysəriyyə əməliyyatı ilə dünyaya gələn uşaqların fiziki sağlamlığı təbii yolla dünyaya gələn uşaqların sağlamlığından dəfələrlə geridə qalır: müasir tədqiqatlara əsasən, 39 həftədən aşağı planlı şəkildə aparılan qeysəriyyə kəsiyi nəticəsində doğulan uşaqların əqli inkişaf (İQ) indeksi ümumi populyasiyadan 6 % aşağı olur. Qeysəriyyə kəsiyi əməliyyatının planlı şəkildə hamiləliyin tam 38-ci həftəsindən tez aparılması uşaqların sağlamlığında böyük problemlər yaradır. Bu hal yenidoğulmuşlar arasında, ilk növbədə, tənəffüs, daha sonra isə mərkəzi sinir, ürək-damar, mədə-bağırsaq və s. sistemlərdə problemlərin yaranmasına səbəb olur. Bəs bunu bilə-bilə həkimlərimiz nə üçün belə hallara yol verir?

Nə üçün çoxları ana, hətta nənə olan ginekoloq həkimlərimiz analara məsləhət vermir ki, uşağın doğum tarixini dəyişmək ümumiyyətlə, düzgün olmayan məsələdir. Axı hər bir an bir alın yazısıdır, siz onu nə üçün dəyişməlisiniz? Nə üçün uşaqlarınızı məxsus olduqları bürclərdən məhrum etməlisiniz? Nə üçün təbii yolla doğuşdan sonra 2-3 günə normal həyata qayıdıb uşağınızın qayğısına qala biləcəyiniz təqdirdə, qeysəriyyə əməliyyatı ilə bunu 2-3 aya qədər uzadırsınız? Nə üçün uşağınızı dünyaya gətirmək üçün təbii sancılardan və ağrılardan bu qədər qorxursunuz?

Sancı sevgidir

Qadında analıq hissi nə vaxt formalaşır? Təbii ki, doğuş sancıları gələndə. Elə ki, doğuş sancıları başlayır, deməli, ananın 9 aydan bəri çəkdiyi zəhmətin bəhrə verməsi bəlli olur. Sancı isə həmin zəhmətin kulminasiya nöqtəsidir. 9 aylıq zəhmətin bəhrə vaxtıdır. Böyük bir zəhmətin sona çatmasına siqnaldır. Və həm də bir qadının analıq duyğularıdır. Körpəsini dünyaya gətirməsi üçün çəkdiyi zəhmətin son akkordlarıdır ki, bu akkordlar-sancılar övlada qarşı sevgiyə çevrilir. Düşünəndə də bu qənaətə gəlmək olur ki, biz insanlar asan yolla əldə etdiklərimizi, yoxsa zəhmətlə, çətinliklə əldə etdiklərimizi daha çox sevirik, qoruyuruq? Təbii ki, çətinliklə, zəhmətlə. Onu göz bəbəyimiz kimi qoruyuruq ki, salıb sındırmayaq, məhv etməyək, itirməyək. Belə isə sancı da qadınlarda övladına sevgini formalaşdırır. Uşağının gələcək qorunmasını, qayğı ilə əhatə olunmasını şərtləndirir. Bizsə bilə-bilə özümüzü və yaxınlarımızı belə gözəl duyğulardan məhrum edirik. Bu, nə dərəcədə düzdür, bu barədə həqiqətən də ətraflı düşünüb-daşınmaq lazımdır.

Övladlarımızın və özümüzün gələcəyi naminə qeysəriyyə kəsiyi əməliyyatlarından vaz keçməliyik. Əgər qeysəriyyə üçün hansısa bir göstərici varsa, bəli, bu zaman müstəsna hal kimi artıq bunu etməliyik. Yox, əgər biz formada qalmaq, eyni ad gününə, əlamətdar və bayram günlərinə təsadüf edən doğum istəyiriksə və yaxud oxşar rəqəmləri yan-yana düzmək niyyətindəyiksə, bu, inanın, böyük qəbahətdir. Doğum anı Allaha məxsusdur. Gəlin, Allaha qarşı çıxmayaq.

Mətanət Məmmədova

P.S. Ölkə səhiyyəsi boyda olan qeysəriyyə kəsiyi əməliyyatları öz miqyası ilə bu səviyyəyə çatıb. O mənada ki, qeysəriyyə əməliyyatları bu gün bütün səhiyyə müəssisələrinə xəstə paylamaqdadır. Belə isə Azərbaycan Səhiyyə Nazirliyi bu məsələyə nəzər salmaqda nə üçün gecikir? Unutmayaq ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 oktyabr 2013-cü il tarixdə imzaladığı Qanunun 31-1maddəsində qeysəriyyə kəsiyi əməliyyatlarının qeyri-qanuni aparılmasına görə təqsirli şəxslərin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıması qeyd olunur. Bəs bu gün ölkəmizdə nə qədər qeyri-qanuni qeysəriyyə əməliyyatı aparılır? Bundan kimin xəbəri var?..

Избранный
33
sesqazeti.az

1Источники