RU

Azərbaycan Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə sıx əməkdaşlıq edəcək

Azərbaycan dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə malik, böyük elmi və texnoloji potensialı olan və yaşıl keçid çərçivəsində irimiqyaslı layihələrə start verən ölkədir.

TƏHSİL.BİZ xəbər verir ki, bunu Dubnadakı (Moskva vilayəti) Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) direktoru Qriqori Trubnikov Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə görüşündə deyib.

Azərbaycanın səfiri BNTİ-yə səfəri zamanı institutun işi ilə tanış olub və nüvə tədqiqatları sahəsində layihələr üzərində çalışan bir qrup azərbaycanlı alimlə görüşüb.

Q.Trubnikov qeyd edib ki, enerji resurslarından səmərəli istifadə institutun alimləri üçün də maraqlı mövzudur. “Ənənəvi olaraq, BNTİ ekoloji problemlərin həlli və yeni nəsil elektrik stansiyalarının yaradılması üçün nüvə fizikası üsullarının tətbiqi ilə məşğul olur. Bu mənada əminəm ki, bizi böyük perspektivlər gözləyir”, - deyə alim bildirib.

Direktor bildirib ki, rəhbərlik etdiyi institutda dünyanın 33 ölkəsindən, o cümlədən MDB dövlətlərindən, Braziliyadan, Meksikadan, ABŞ-dan, Yaponiyadan, Cənubi Koreyadan, Avropadan mütəxəssislər çalışırlar. Azərbaycan 1992-ci ildən BNTİ-nin üzvüdür. Bununla belə, Azərbaycanın milli elmi mərkəzləri və azərbaycanlı alimlər ilə əlaqələr institutun bütün tarixi boyu mövcud olub.

Hazırda burada Azərbaycandan 30-a yaxın mütəxəssis və onların ailə üzvləri çalışır. Müxtəlif formatlarda əməkdaşlıq aparılır, Azərbaycanın institutları, elmi-tədqiqat mərkəzləri ilə birgə layihələr həyata keçirilir. Direktor effektiv formatlar arasında akademik mübadilə proqramlarını, institut əməkdaşlarının onlayn mühazirələrini və tələbə təcrübələrini qeyd edib. Azərbaycan alimləri ilə birgə işin nəticələrinə əsasən, hər il fundamental və tətbiqi nüvə fizikasının, nüvə enerjisinin, radiasiya ekologiyasının aktual sahələrini, o cümlədən radiasiya texnologiyalarının tibb və sənayedə tətbiqi məsələlərini əhatə edən 80-ə yaxın məqalə dərc olunur.

“Bizim institutla əməkdaşlıq hər zaman qarşılıqlı faydalıdır. Bu tərəfdaşlıq, ilk növbədə, iştirakçının ölkəsi üçün faydalıdır. Çünki bir çox ölkələr qüvvələrini birləşdirir və BNTİ-də möhtəşəm elmi qurğular - teleskoplar və kollayderlər, termonüvə reaktorları və super güclü lazerlər, superkompüterlər, detektorlar və sürətləndiricilər qurur ki, bu da çox böyük vəsait tələb edir. İnstitutun işində iştirak etməklə, Azərbaycan öz eksperimentlərini aparmaq üçün bahalı infrastruktura çıxış əldə edir”, - deyə Q. Trubnikov izah edib.

Görüşdə qeyd olunub ki, Azərbaycan alimləri ildən-ilə elmi maraqlarının əhatə dairəsini genişləndirir, onların fəal iştirak etdikləri layihə və təcrübələrin, o cümlədən beynəlxalq layihələrin sayı artır. Qeyd etmək vacibdir ki, BNTİ ilə Azərbaycanın elmi təşkilatları arasında qarşılıqlı əlaqə durmadan artır. Son bir neçə ildə bir sıra ikitərəfli memorandumlar imzalanıb.

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Rəhman Mustafayev Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), bərpaolunan enerji mənbələrinin potensialının artırılması ilə bağlı ölkəmizin hədəfləri, enerji potensialının artırılması barədə məlumat verib, həmçinin yaşıl enerjiyə keçid, Xəzər dənizinin dayazlaşması probleminə toxunub. O, nüvə enerjisinin gələcəkdə qlobal enerji strukturunda mühüm rol oynayacağına və BNTİ ilə əməkdaşlığın bir sıra ekoloji problemlərin həllində Azərbaycana kömək edəcəyinə diqqət çəkib.

R.Mustafayev vurğulayıb ki, hazırda iki ölkə prezidentlərinin tapşırığı ilə Sankt-Peterburq Dövlət Universitetinin bazasında yeni Azərbaycan-Rusiya Universitetinin yaradılması üzərində iş aparılır. “Seçim dəqiq elmlərin xeyrinə edilib və biz bu universiteti sizin institutunuzun potensial tərəfdaşı hesab edə bilərik”, -deyə diplomat bildirib. O, həmçinin əlavə edib ki, 8 minə yaxın azərbaycanlı tələbə Rusiya Federasiyasında təhsil alır. Diplomat qarşılıqlı fəaliyyət konsepsiyasının hazırlanması üçün birgə görüşün keçirilməsini də təklif edib.

Səfər zamanı Azərbaycanın elmi müəssisələri ilə BNTİ arasında əməkdaşlığın intensivləşdirilməsi məsələləri müzakirə olunub. Səfirlik ilə institut rəhbərliyi arasında müntəzəm işgüzar əlaqələrin saxlanılması barədə razılıq əldə olunub.

Fəridə Abdullayeva

 

Избранный
55
50
tehsil.biz

10Источники