RU

COP29-da Xəzər dənizi və ətraf mühitin mühafizəsi mövzusunda tədbir keçirilib

Bakıda keçirilən COP29 tədbiri çərçivəsində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə "Xəzər dənizi və Davamlı İnkişaf: Ətraf Mühitin Mühafizəsi" mövzusunda tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə Xəzəryanı ölkələrin vətəndaş cəmiyyəti nümayəndələri, ekoloji mütəxəssislər və beynəlxalq ekspertlər iştirak ediblər. Konfransda Xəzər dənizinin ekoloji vəziyyəti, mövcud təhlükələr, perspektivlər və onların həlli yolları ətrafında geniş müzakirələr aparılıb.

Tədbirin açılışında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva və iqlim dəyişiklikləri üzrə COP29-un yüksək səviyyəli çempionu Nigar Arpadarai çıxış edərək, Xəzər dənizinin qorunmasının regional və qlobal əhəmiyyətini vurğulayıblar.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Xəzər dənizinin gələcəyinin insanların birliyindən asılı olduğunu bildirib:

"Xəzər dənizinin gələcəyi bizim birliyimizdən, cəsarətimizdən və bu gün daha yaxşı sabah üçün fürsət yaratmaq istəyimizdən asılıdır",- o bildirib.

İqlim dəyişiklikləri üzrə COP29-un yüksək səviyyəli çempionu Nigar Arpadarai Xəzər dənizinin çoxtərəfli əhəmiyyətindən danışıb:

"İqlim dəyişikliyinin təsirini və Xəzər dənizinin bu xüsusda həssaslığını hər gün öz gözlərimizlə görürük. Xəzər dənizi unikaldır. Dünyanın ən böyük daxili su hövzəsidir, Azərbaycan və region üçün vacib bir sərvətdir. Bir tərəfdən, Xəzər dənizi nəqliyyat mərkəzidir. O, bir çox beynəlxalq nəqliyyat marşrutlarının bir hissəsidir və ticarətin asanlaşdırılmasına və bölgə ölkələrində iqtisadi artımın sürətləndirilməsinə kömək edən mühüm metaloji potensiala malikdir. Digər tərəfdən, Xəzər dənizi sahilyanı dəniz olduğu üçün çox həssasdır. Onun ekoloji balansı və bir çox ekosistemləri dağıdılmışdır", - o bildirib.

Mərkəzi Asiya üzrə Regional Ətraf Mühit Mərkəzinin İqlim Dəyişikliyi Mütəxəssisi Vladimir Qrebnev əsas prioritetin əməkdaşlıq olduğunu vurğulayıb:

"İqlim dəyişikliyi real problemdir. Bu problem təbii ki Xəzər dənizindən də yan keçmir. Əsas məsələ birgə səylər və əməkdaşlıqdır. Yalnız bununla biz Xəzər dənizinin ekosistemini qoruya bilərik", - o bildirib.

Panel müzakirələrdə Xəzəryanı ölkələrin nümayəndələri ekosistemin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Tədbirdə çıxış edənlər arasında Azərbaycan Milli Məclisinin üzvü Azər Allahverənov, Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsinin sədri Gülbara Sultanova, Nobel Sülh Mükafatı laureatı Aleksey Kokorin və digər tanınmış mütəxəssislər yer alıb.

Tədbir panel müzakirələrlə davam edib.

Sahilə Cabbar

Избранный
42
1
apa.az

3Источники