RU

Harri Keyn: “İngiltərə Premyer Liqasına qış fasiləsi gərəkdir”

“Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn İngiltərə Premyer Liqasında qış fasiləsinin qaytarılması fikrini müdafiə edib.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən, ingilis ulduzun bu barədə fikrini təqdim edir:

“Mən keçən il uzun qış tətili ilə bağlı ilk təcrübəmi yaşadım. Bu, həqiqətən çətin bir dövrdə sağalmağıma kömək etdi. Təəssüf ki, Premyer Liqada belə bir fasilə yoxdur. Bir həftəyə qədər sağalıb istirahət edə bilmək son dərəcə vacibdir”, deyə Keyn vurğulayıb.

Qeyd edək ki, Avropanın əksər liqalarında qış fasiləsi olsa da, İngiltərə Premyer Liqasında komandalara belə fürsət yaradılmır. Əksinə, dekabrın sonu, yanvarın əvvəlində Premyer Liqanın bir neçə turu qısa müddət ərzində keçirilir.

Xatırladaq ki, Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 16 oyuna çıxıb, 17 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib.

Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 61 oyun, 61 qol və 21 məhsuldar ötürmədən ibarətdir.

Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 103 oyuna 69 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində hələ, bir qənimət belə, qazana bilməyib.

Избранный
31
arena.az

1Источники