RU

“Üfunət iyindən nə gecəmiz, nə də gündüzümüz var” - Mingəçevir sakinləri rəsmi qurumlardan ŞİKAYƏTÇİDİR

Mingəçevir şəhəri, Nəriman Nərimanov küçəsi 30, 32, 33 və digər ünvanda yaşayn sakinlər tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər deyirlər ki, kanalizasiya sistemi istismar müddətini başa vurduğundan, ətrafı üfunət iyi bürüyüb:

“Mingəçevir şəhərində təmirsiz binalarda üfunət qoxulu zirzəmilər, istismar müddətini başa vuran kanalizasiya sistemləri insanları cana doydurub. Bütün giriş qapıları pis qoxu, üfunət və anti-sanitar vəziyyətindədir. 6 ildir bu binalara köçməyimizə peşman olmuşuq.  Zirzəmilərə toplaşan çirkab sular yaşayışımızı çətinləşdirib.

6 ildir iki binanın daşıyıcı kanalizasiya xətləri istismar müddətini başa vurduğundan, binanın çirkab suları kanalizasiya ilə axmır, nəticədə toplanıb zirzəmidə qalır. Üfunət iyindən nə gecəmiz, nə də gündüzümüz var. Evdə yemək bişirə, çay içə, paltar yuyub sərə, pəncərə-qapını aça bilmirik. Ev ağcaqanadla doludur. Bu binada insan yaşaya bilməz. O borular dağılıb, sökülüb yenisi salınmalıdır. Bu binanın altında obyektlər çalışır, aptek, market… Deyirik, nə olar, köməkləşib təmir edək, yaxın durmurlar.

Ayda 2 dəfə çəkilən çirkab suları yenidən həyətə, zirzəmiyə dağıldığından, vəziyyət daha da kritikləşir. Nə yumaq, nə xlorlamaq təsir etmir, əksinə, bir metrəyə qədər yığılan çirkab su əlavə problemlər yaradır.

Dörd “lyuk”un ağzı hər gün qaynayır, qoxu məhləyə yayılır. Binanın hər yeri, arxası belə, iyrənc durumdadır, çirkab suları qaynayıb tökülür. Evin içində bir dəqiqə durmaq olmur, ağcaqanad sürü ilə içəri girir. Yaşyarımlıq uşaq o zirzəmiyə düşsə, ölər. Hörümçək toru, göbələk basıb hər yeri. Yumurta qutusu yandırırıq ki, iyindən ağcaqanad getsin. Utandığımızdan qonaq qəbul edə bilmirik”.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqə saxladıq. Qurumdan bizə bildirildi ki, qeyd olunan ərazilər üzrə kanalizasiya şəbəkəsinin yenilənməsi işləri həyata keçirilir: “Artıq bir neçə müddətdir ki, yeni tullantı su xətləri müəyyən ərazilər üzrə istismara verilib. Sözügedən küçələrdə isə bərpa işləri bir neçə gün ərzində yekunlaşdırılacaq və yeni kanalizasiya şəbəkəsi əhalinin istifadəsinə veriləcək”.

Redaksiyamıza göndərilən video-müraciəti təqdim edirik:

Aynurə İSMAYIL

Hurriyyet.az

Избранный
39
hurriyyet.az

1Источники