RU

Sinqapur iqlim layihələri üçün vəsait ayırmağa hazırdır - Nazir

Bakı, TurkicWorld

Sinqapur FAST-P (Asiyanın Keçid Maliyyələşdirilməsi Tərəfdaşlığı) proqramı çərçivəsində iqlim layihələri üçün 500 milyon ABŞ dollarına qədər vəsait ayırmağa hazırdır.

TurkicWorld xəbər verir ki, bunu Sinqapurun dayanıqlı inkişaf və ətraf mühitin mühafizəsi naziri Qreys Fu COP29 sammitində milli bəyanatla çıxışı zamanı bildirib.

"Bu vəsait dövlət, özəl və xeyriyyə mənbələrindən əlavə güzəştli kapital cəlb etmək üçün istifadə olunacaq. Bu, yaşıl və keçid layihələrinə özəl investisiyaların artırılmasında mühüm katalizator olacaq", - deyə o qeyd edib.

Nazir vurğulayıb ki, Sinqapur alternativ enerji sahəsində məhdudiyyətlərə baxmayaraq, 2019-cu ildən bəri günəş enerjisinin tətbiqini beş dəfə artırıb. Ölkə iqtisadiyyatın bütün sahələrində, o cümlədən sənaye və nəqliyyatda enerji səmərəliliyinin artırılması üzərində fəal işləyir.

"İqlim dəyişikliyi sərhəd tanımır və qlobal hədəflərə nail olmaq üçün transsərhəd əməkdaşlıq zəruridir. Biz ASEAN elektrik təchizatı şəbəkəsinin yaradılması üzrə qonşularımızla fəal əməkdaşlıq edirik. Bu şəbəkə regionumuzun enerji keçidində əsas rol oynayır", - deyə o əlavə edib.

Nazirin sözlərinə görə, qlobal səviyyədə Sinqapur aşağı karbonlu yanacaqdan istifadəni tətbiq etməklə, dəniz daşımaları sahəsində dekarbonizasiya səylərini gücləndirərək dünyanın digər limanları ilə əməkdaşlıq edir. Ölkə, həmçinin, Sinqapur Əməkdaşlıq Proqramı və iqlim araşdırmaları vasitəsilə iqlim adaptasiyası və təsirlərin azaldılması sahəsində bilik və imkanların inkişafına töhfə verir.

"Biz, həmçinin, effektiv karbon bazarının yaradılması üzərində tərəfdaşlarla işləyirik. Bu, Paris Sazişinin 6-cı maddəsi üzrə danışıqlara dəstək verilməsini və yüksək keyfiyyətli karbon kreditlərinin axınının təmin edilməsini əhatə edir", - deyə Qreys Fu vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Избранный
13
2
turkic.world

3Источники