RU

Qurtuluşdan zəfərə

Ötən əsrin sonunda təkpartiyalı imperiyadan qoparaq azadlığını dünyaya bəyan etmiş Azərbaycanda yeni siyasi nəfəsə ciddi ehtiyac yaranmışdı. SSRİ- nin çöküşündən sonra ölkəmizdə mövcud olan siyasi partiyalara inamsızlıq, etibarsızlıq yeni partiyanın yaranmasını labüd etmişdi.  Bu təşkilatların aldadıcı, mümkünsüz vədləri, pafos siyasəti fonunda heç bir dəyişikliyin olmaması, üstəgəl siyasi böhran müstəqil Azərbaycanda yeni siyasi sistemin meydana gəlməsini qaçılmaz etmişdi. Bu baxımdan Yeni Azərbaycan Partiyasının yaranması ilk növbədə məhz xalqın sifarişi idi. Xalq əziz övladı Heydər Əliyevi siyasi səhnədə yenidən görmək arzusundaydı. Çünki Heydər Əliyevsiz Azərbaycanın yaşadağı faciələr, üzüntülər davam edir, müstəqil ölkəmizdə anarxiya kabusu dolaşırdı. Belə vəziyyətdə bütün gözlər xalqın etimad və inam ünvanı olan böyük Heydər Əliyevə dikilmişdi.

Ümumxalq sevgisi, Heydər Əliyev şəxsiyyətinə olan dərin ehtiram Azərbaycanda yeni siyasi hadisə ilə yadda qaldı. Xalqımızın arzu və istəklərinin ifadəsi olaraq 91 mütərəqqi ziyalı soydaşımız o vaxtkı iqtidarın basqılarına, maneçiliyinə baxmayaraq Heydər Əliyevə müraciət edərək, yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməyi xahiş etdilər.

Beləliklə, 21 noyabr 1992-ci ildə ölkəmizin bütün regionlarını təmsil edən 550 nəfərdən ibarət təsis konfransda Yeni Azərbaycan Partiyası yaradıldı və xalqımızın Ümummilli lideri Heydər Əliyev yeni yaradılan təsisata sədr seçildi. Qısa zaman içində Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası  cəmiyyətin aparıcı qüvvəsinə, lokomotivinə çevrilməyi bacardı. Siyasi sistemin aparıcı siyasi qüvvəsi kimi YAP böyük populyarlıq qazanaraq sıralarını genişləndirərək xalqın tribunası oldu. Bununla yanaşı, həmin dövrlərdə YAP siyasi mədəniyyət nümayiş etdirərək, fəaliyyətini fikir plüralizmi üzərində qurmaqla ölkədə mövcud olan bütün partiyalarla Azərbaycan naminə əməkdaşlığa hazır olduğunu fəaliyyəti ilə sübut etdi. 

YAP müxalifət partiyası kimi yaransa da, hakimiyyətə qarşı münasibətdə konstruktiv mövqe sərgiləyir, ləyaqətli şəkildə siyasi mübarizənin ön sıralarında, ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurulmasının tərəfdarı idi. Amma Azərbaycanın o zamankı iqtidarının səriştəsizliyi ucbatından bu proseslər,  eyni zamanda daxili-xarici siyasət kursu tamamilə bərbad vəziyyətdə aparılırdı. Məhz bunun nəticəsi kimi ölkəmiz beynəlxalq aləmdən təcridolunma həddinə salınmışdı. Qeyd olunanlarla yanaşı sosial narazılıq, iqtisadiyyatın tamamilə çökməsi və işsizlik ümumvətəndaş itaətsizliyi ilə nəticələnmişdi. Arzuolunmaz hərbi  qruplaşmaların mövcudluğu, Gəncə hadisələri, vətəndaş müharibəsi fonunda müstəqil Azərbaycan yıxılmaq üzrə idi. Belə vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev mümkün təhlükələrin qarşısını özünəməxsus bacarıq və qətiyyətlə alaraq dövlətimizin və müstəqil ölkəmizin xilaskarına çevrildi. Bütün bunlardan sonra Ulu öndər Heydər Əliyevin lideri olduğu Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsi kimi ümumxalq sevgisi qazandı. YAP ölkədə yaşayan, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq mütləq əksəriyyətin sevgi ünvanı, istinad nöqtəsinə çevrildi. Yarandığı gündən etibarən keçmişə ehtiramını fəaliyyəti ilə nümayiş etdirən YAP fövqəlxidmətləri ilə təkcə dünənin, bugünün deyil, hər günümüzün partiyası olmağı bacardı.

Ölkəmizdə dərin islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində YAP-ın xidmətləri əvəzsizdir. Məhz bu ali keyfiyyətlərə görə YAP daim öndədir, sevilir, adı hörmət və ehtiramla çəkilir, sıraları durmadan çoxalır.

Ötən əsrin sonlarında Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaranan  partiya ölkəmizi məhv olmaqdan qoruyaraq xilaskarlıq, qurtuluş tarixi yazdı. Belə bir şərəfli siyasi keçmişə malik YAP 2020-ci ildə Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın ərazi bütövlüyünü təmin edərək Zəfər epopeyası yaratdı.

Qurtuluşdan Zəfərə qədər şərəfli yol keçən YAP təkcə üzvlərinin deyil, hər birimizin məbədgahı, ocağıdır. Çünki YAP istər müxalifət, istərsə də iqtidar partiyası kimi  bugünümüzə qədər heç vaxt ayrı-ayrı qrupların, təşkilatların deyil, xalqın yanında dayanıb, xalqa xidmət edib və bir qərinədir ki, bu fəaliyyəti ilə qalibiyyətlə addımlayır.

Ulu öndər, bütün dövrlərin ən böyük azərbaycanlısı Heydər Əliyevdən bizə miras qalan Yeni Azərbaycan Partiyası xalqımızın mənəvi sərvətidir. Bu baxımdan

YAP-ın sıravi üzvü olmaq xoşbəxtlikdir.

Rəşad Mahmudov,

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü

Избранный
10
3
xalqqazeti.az

4Источники