RU

TDT ərzaq təhlükəsizliyi üzrə çoxtərəfli saziş üzərində işləyir - Baş katibin müavini

Bakı, TurkicWorld

Türk Dövlətləri Təşkilatı (TDT) ərzaq təhlükəsizliyi üzrə çoxtərəfli saziş hazırlığı üzərində işləyir.

TurkicWorld xəbər verir ki, bunu TDT-nin Baş katibinin müavini Sədi Cəfərov COP29 çərçivəsində keçirilən "Qlobal məqsədlərdən yerli səviyyədə fəaliyyətə: Dayanıqlı aqrar-ərzaq sistemlərinin gücləndirilməsi üzrə regional təşəbbüslər" mövzusunda tədbirdə bildirib.

"Ərzaq təhlükəsizliyinin təmin edilməsi Türk Dövlətləri Təşkilatına üzv olan hər bir ölkə üçün prioritet vəzifədir. Bu çərçivədə biz hazırda Türk Dövlətləri Təşkilatı daxilində ərzaq təhlükəsizliyi üzrə çoxtərəfli saziş üzərində işləyirik.

Bu sazişin məqsədi qidalanmaya çıxış, yoxsulluğun azaldılması və ərzaq qiymətlərinin sabitləşdirilməsi kimi ərzaq təhlükəsizliyi sahəsində ümumi problemlərin həllidir", - deyə o vurğulayıb.

Sadi Cəfərov iqlim dəyişikliyinə dayanıqlı kəndlər mövzusunda TDT Forumunun başlanmasına verdiyi dəstəyə görə Azərbaycan və digər üzv dövlətlərə təşəkkür edib.

"Biz ümid edirik ki, bu bəyannamə kəndlərin dayanıqlığının artırılması, ərzaq təhlükəsizliyinin yaxşılaşdırılması və innovativ texnologiyalardan istifadə etməklə dayanıqlı inkişafın təşviqi istiqamətində səylərimizə təkan verəcək.

Türk dövlətlərində iqlim dəyişikliyinə dayanıqlı kəndləri inkişaf etdirməklə biz həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra və iqtisadi artımı stimullaşdıra bilərik.

Bu məqsədlərə rəqəmsal infrastrukturun təkmilləşdirilməsi, dövlət xidmətlərinin genişləndirilməsi və günəş, külək və hidroenerji kimi təmiz enerji mənbələrindən istifadə yolu ilə nail olunacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Избранный
5
1
turkic.world

2Источники