Avropa Şurası Azərbaycanda milli azlıqların hüquqları ilə bağlı vəziyyəti qiymətləndirən və münaqişədən sonra ilk dəfə olaraq “Dağlıq Qarabağ”a diqqət yetirən yeni hesabat yayıb.
Ermənipərəst Qərb siyasi dairələrinin maraqlarına uyğun şəkildə hazırlanmış sənəd Azərbaycana qarşı böhtanlardan və saxta ittihamlardan ibarətdir. Bu hesabatın nə qədər qeyri-ciddi olduğunu isbat etmək üçün Avropa Şurasının “qiymətləndirməsi”nə nəzər salmaq lazımdır.
Sənəddə qeyd edilir ki, Azərbaycan multikulturalizmə sadiq olduğunu iddia etsə də, söz, sərbəst toplaşmaq və birləşmək azadlıqlarının məhdudlaşdırılması milli azlıqların hüquqlarının həyata keçirilməsinə mane olur. Avropa Şurasının bu iddiası Qərbin növbəti dəfə söz, sərbəst toplaşmaq azadlığı, demokratiya kimi şüarlardan istifadə edərək erməni separatçılarını himayə etmək niyyətindən xəbər verir.
Əslində, bunlar tanış narrativlərdir. Avropa İttifaqının bu yaxınlarda qəbul etdiyi eyni məzmunlu qətnamənin Avropa Şurasında qəbulu Qərbin məqsədinin demokratiya adı altında Cənubi Qafqazda yeni münaqişə ocaqları yaratmaq, xalqlar arasında sülhə mane olmaq istəyindən xəbər verir. Halbuki, Azərbaycan dövləti öz ərazisində yaşayan hər hansı bir milli azlığın, azsaylı xalqın və etnik qrupun nümayəndəsinin söz azadlığını heç vaxt məhdudlaşdırmayıb.
Qeyd edək ki, Azərbaycan və Ermənistan 2001-ci ilin yanvar ayında Avropa Şurasına üzv qəbul olunub. 23 ildir Avropa Şurasının monitorinq qrupu Azərbaycanda milli azlıqların hüquqları ilə bağlı hesabat hazırlayır. Bu monitorinqlərin böyük hissəsi Azərbaycan ərazilərinin işğal altında olduğu dövrə təsadüf edir.
Bütün hesabatlarda Azərbaycanda milli azlıqların hüquqları ən yüksək səviyyədə qiymətləndirilib. Bu baxımdan, Avropa Şurasının qondarma hesabatı hazırladığı rəylərlə ziddiyyət təşkil edir.
Azərbaycanda milli azlıqların, o cümlədən ermənilərin hüquqları məsələsinin indi yada düşməsi Avropa İttifaqının və üzvü olan Fransa və bəzi dövlətlərin Ermənistan vasitəsilə Cənubi Qafqazdakı geosiyasi “oyun”ları ilə bağlıdır. Əgər Avropa Şurası ədalət tərəfdarıdırsa, 23 ildə bir dəfə də olsun Ermənistanda vaxtilə ən böyük etnik toplum olan azərbaycanlıların hüquqların pozulmasına dair monitotorinq aparıb hesabat hazırlaya bilərdi.
Amma Avropa Şurası bir dəfə də olsun, 300 min Qərbi azərbaycanlının deportasiya edilməsi nəticəsində, Ermənistanın monoetnik dövlətə çevrildiyini bəyan etməyib. Hesabatda erməni miqrantların Qarabağa təhlükəsiz və davamlı qayıtması üçün şərait yaradılması tövsiyə olunur.
Lakin Avropa Şurası bu məsələyə də qeyri-obyektiv yanaşaraq ermənilərin köçməsi və qayıdışı ilə bağlı Azərbaycanın mövqeyini təqdim etməyib.
Qarabağda yaşayan erməni sakinlər Ermənistana könüllü köçüb. Erməni sakinlər Laçın sərhəd-buraxılış məntəqəsində Azərbaycan telekanallarına verdikləri bütün müsahibələrdə köçmək qərarını könüllü verdiklərini, Azərbaycan tərəfindən onlara hər hansı təzyiq göstərilmədiyini bildiriblər.
Amma bu faktlar hesabatda öz əksini tapmayıb. Azərbaycan Qarabağdan könüllü köçən erməni sakinlərə humanitar yardım göstərib, onların qalıb yaşaması üçün müraciət edib. Erməni sakinlərin Azərbaycan vətəndaşlığını qəbul etməsi üçün portal açıb. Əvəzində, ermənilər Azərbaycan vətəndaşlığından imtina edərək portalı blok ediblər.
Avropa Şurası hesabatı hazırlayan zaman nədənsə, bu məlumatları “unudub”. Avropa Şurası Qarabağdan köçmüş ermənilərin mülkiyyət məsələlərini həll etmək üçün mexanizmin zəruriliyini tövsiyə edib. Azərbaycan dövləti Qarabağdan könüllü köçən erməni sakinlərin vaxtilə yaşadıqları ev və mənzillərə toxunulmayıb.
Onların mülkiyyət hüquqları Azərbaycan dövləti tərəfindən qorunur. Ermənilər isə işğal dövründə azərbaycanlı yerli əhalinin yaşadıqları evləri tamamilə məhv edib. Lakin Avropa Şurası bu faktlara qiymət verməyib. Erməni abidələrini qorumağa və onların dağıdılması hallarını araşdırmağa çağırır. Avropa Şurası etnik nifrətin pislənməsi və barışıq üçün şərait yaradılmasının vacibliyini vurğulayır.
Qeyd edək ki, ermənilərin könüllü köçündən sonra işğaldan azad edilmiş ərazilərə müxtəlif ölkələrin diplomatları, qeyri-hökumət təşkilatlarının nümayəndələri səfərlər edib. Əgər erməni abidələrinin dağıdılması faktı olsaydı, təbii ki, xarici qonaqların diqqətini cəlb edərdi.
Avropa Şurası bu hesabatı hazılamazdan əvvəl bölgəyə monitorinq qrupu göndərməli, xristian əhalinin, o cümlədən Xankəndi şəhərində yaşayan ermənilərin rəyini öyrənmməli idi. Belə bir araşdırma aparılmadan istənilən hesabat obyektiv sayıla bilməz.
Hesabatda Azərbaycanın hərbi əməliyyatından sonra guya 100 mindən çox erməninin “Dağlıq Qarabağ”ı tərk etdiyi də bildirilir. Halbuki, Qarabağda 100 min erməninin yaşamasına dair rəqəmlər şişirdilib. Avropa Şurası münaqişə dövründə “boz zona” sayılan Qarabağda erməni əhalinin sayı ilə bağlı hər hansı məlumata malik olmayıb.
Bu rəqəmlər hesabatın mətninin Ermənistan və erməni təşkilatları tərəfindən hazırlandığını göstərir. Qarabağdan 100 mindən çox erməninin köçdüyü barədə uydurma rəqəmlər hesabata daxil edildiyi halda, Ermənistanda 1 nəfər də olsun azərbaycanlının yaşamadığı qeyd edilmir. Bütün bunlar isə azəbaycanlılara qarşı etnik nifrətin nəticəsidir.
Qeyd edək ki, Azərbaycan artıq Avropa Şurasının Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasının bağlanmasına münasibət bildirib. Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Şurasının sözügedən hesabatına tənqidi cavab verib.
Nazirliyin bəyanatında deyilir ki, nəticədə bir sıra mülahizələrin əsaslı olmaması və ölkədəki reallıqları düzgün əks etdirməməsi Komitənin konkret yanaşması ilə bağlı ciddi suallar yaradır. “Məsləhət Komitəsinin seçici yanaşaraq, digər etnik qrupları görməzdən gələrək və müvafiq misallar gətirmədən naməlum mənbələrdən alınan məlumatlara həddindən artıq əsaslanaraq erməni etnik qrupuna diqqət yetirməsi sözügedən Komitənin qərəzli yanaşmasını açıq şəkildə nümayiş etdirir”.